6 Fevral 2022 00:22
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Trtdeutsch” xəbər agentliyinin portalında Yusuf Özçeliyin müəllifliyi ilə “Cənubi Qafqazda sülh üçün şanslar?” sərlövhəli məqalə dərc olunub.

Teleqraf.com xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan münaqişəsindən, Azərbaycan torpaqlarının işğalından, 1 milyondan çox azərbaycanlının doğma yurd-yuvalarından qovulmasından, 1994-cü ildə əldə edilən atəşkəsdən bəhs edilir. Həmçinin Azərbaycanın həyata keçirdiyi regional və transregional layihələrdən söz açılır. Bildirilir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizindən hasil olunan enerji resurslarının Gürcüstan ərazisindən Türkiyənin Aralıq dənizi regionuna və dünya bazarlarına nəqlinə imkan verib.

Məqalədə vurğulanır ki, 2020-ci ildə Ermənistanın davamlı təxribatlarına cavab verən Azərbaycan əks-hücum əməliyyatına keçərək işğal altındakı torpaqlarını azad edib. Tarixi Qarabağ xanlığının paytaxtı Şuşanın işğaldan azad edilməsindən sonra 2020-ci il noyabrın 10-da atəşkəs imzalanıb.

Müəllif qeyd edir ki, Azərbaycan ərazilərinin uzun illər işğal altında saxlanılması, təbii sərvətlərinin talan edilməsi və qeyri-qanuni istismarına görə təzminat tələb etmək hüququnu özündə saxlayır və bu ölkəyə dəymiş ziyanın məbləği təxminən 50 milyard ABŞ dolları həcmindədir.

Diqqətə çatdırılır ki, münaqişədən sonra regionda diplomatiya üçün yeni imkanlar yaranıb. Atəşkəsin kövrək olmasına baxmayaraq, diplomatik səviyyədə hərəkətlilik müşahidə olunur. Müstəqillik əldə etdikləri vaxtdan etibarən ilk dəfə olaraq Azərbaycan və Ermənistan dövlət sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı bir-biri ilə danışıqlar aparır. Daimi sülh müqaviləsinin imzalanması nəzərdə tutulur. 3+3 formatında danışıqların aparılması təklifi müsbət qarşılanıb. Bu format Azərbaycan və Ermənistandan başqa, Rusiya, İran, Türkiyə və Gürcüstanı da əhatə edir. Bu niyyətlə ilk görüş 2021-ci il dekabrın 10-da Rusiyada baş tutub. Bu, regional əməkdaşlıq platformasının yaranması üçün əlverişli zəmin ola bilər.

Yazıda, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində fəallığın nümayiş olunduğu bildirilir. Türkiyə-Ermənistan sərhədinin açılması nəzərdən keçirilir və hədəflənən sülh Azərbaycan, Ermənistan və Türkiyə arasında iqtisadi cəhətdən yaxınlaşmaya səbəb ola bilər.

Məqalədə Avropa İttifaqının və Almaniyanın “cücərməkdə olan” sülh prosesini dəstəkləyə biləcəyi də qeyd olunur.

Eyni zamanda, diqqətə çatdırılır ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündən sonra bir sıra humanitar aksiyalar, o cümlədən əsirlərin dəyişdirilməsi baş tutub.

Sonda qeyd olunub ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyin təmin edilməsinə və nəqliyyat əlaqələrinin bərpa olunmasına töhfə verə bilər. Bunun üçün Ermənistan və Azərbaycanın dövlət sərhədlərinin qarşılıqlı olaraq tanınmasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər