7 Fevral 2022 12:39
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti və Avropa İttifaqının dönəm sədri kimi Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüşü əhəhmiyyətli məsələlərin müzakirəsi ilə yadda qaldı. Post-münaqişə dövrünə aid məsələlərin həlli ilə bağlı belə yüksək səviyyəli görüşlərin keçirilməsi təqdirəlayiqdir. Amma bu görüşlərin dərhal nəticə verəcəyini və bütün məsələlərin həll olunacağını da düşünmək doğru olmaz. Ona görə ki, müzakirə olunan məsələlər genişdir və kifayət qədər həssasdır. Xüsusilə də bu məsələlərin həlli Ermənistan tərəfindən ciddi siyasi iradə tələb edir.

Bunu Teleqraf.com-a Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

O qeyd edib ki, bu kimi Zirvə görüşlərində bir qayda olaraq müzakirə olunan məsələlərin bütün detalları haqqında ictimaiyyətin məlumatlandırılması məqsədəmüvafiq hesab edilmir: “Prezident İlham Əliyevin mətbuata verdiyi müsahibələrdən, həm də görüşlərin yekunu ilə bağlı ümumi şəkildə yayılan açıqlamalardan Azərbaycanın gündəliyində olan proritet məsələlərin nədən ibarət olduğu heç kimə sirr deyil. Bunlar ilk növbədə iki ölkə arasında kommunikasiyaların, xüsusilə dəmir və avtomobil yolları vasitəsilə Zəngəzur dəhlizinin açılması, regional əməkdaşlıq və işbirliyi üçün etibarlı əsasların yaradılmasıdır. Eyni zamanda Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin milli maraqlarımıza uyğun şəkildə delimitasiyası və demarkasiyası məsələləri gündəmdədir. Hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında əhatəli sülh sazişinin hazırlanması və imzalanmasına, o cümlədən regionda qalıcı sülhün və barışın təmin olunmasına nail olunması prioritetdir. Bununla yanaşı Ermənistanla Azərbaycan arasında normallaşma mərhələsinin başlanması və uğurlu davamı üçün paralel olaraq digər məsələlərin həlli də vacib hesab olunur. Ermənistan tərəfinin dəqiq və etibarlı mina xəritələrini təqdim etməsi, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən silahlı dəstələrin 10 noyabr bəyanatına uyğun olaraq tam çıxarılması kimi vacib məsələlər həll edilməlidir. I Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 nəfər Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi, revanşıst çağırışlara və Azərbaycana qarşı əsassız iddialarına birdəfəlik son qoyulması da başlıca şərtdir. Qarşılıqlı etimad mühitinin yaradılması kimi məsələlər məhz bundan sonra həll olun bilər”.

Millət vəkilinə görə, Azərbaycanın həllinə nail olmaq istədiyi məsələlərin hamısı beynəlxalq hüququn norma və prinsiplərilə tam uyğundur: “Eyni zamanda, bu məsələlərin həlli Cənubi Qafqaz regionuna əbədi sülhün, barışın, əmin-amanlığın, rifahın və nəhayət, davamlı inkişafın gətirilməsinə hesablanıb. İndi, seçimi Ermənsitan etməlidir. Onlar ya daimi sülhü, əmin-amanlığı və inkişafı seçməli, ya da əbədi düşmənçilik, gərginlik və səfalət içində yaşamalıdır. Seçim çox sadə, həm də həlledicidir. Azərbaycan qalib ölkə kimi hər iki varianta hazırdır. Ancaq təəssüflə qeyd edilməlidir ki, Ermənistanın İkinci Qarabağ savaşından ibrət dərsi götürmək və əvvəlki xislətindən əl çəkmək fikri hələlik hiss olunmur. Son günlər bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın (keçmişdə ATƏT PA-nın nümayəndə heyətinin üzvü olduğundan onun nə qədər təxribata meyilli olduğunu bilirəm) delimitasiya ilə bağlı irəli sürdüyü qəbul edulməz şərti, AŞPA və ATƏT PA-dakı nümayəndə heyətlərinin sülhdən və barışdan uzaq, təxribatçı çıxışları və davranışları bunu deməyə əsas verir”.

Azay Quliyev hesab edir ki, bu kimi yüksək səviyyəli görüşləri təşkil edən Avropa İttifaqı Minsk Qrupu üçlüyünün səhvlərini təkrar etməməlidir: “Ermənistanın qeyri-konstruktiv mövqeyinin qarşısının alınması və regionda əbədi sülhün bərqar olması üçün Azərbaycanın xoş niyyətli təkliflərinin həyata keçməsi üçün konkret addımlar atılmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər