Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, proseslərin indiki səviyyəsində ABŞ-ın Ermənistandakı səfirinin açıqlamaları nədən qaynaqlanır?
- Görünür, ABŞ-ın Ermənistandakı səfiri baş verən proseslərdən məlumatsızdır. Burada başqa məqsədlər də ola bilər. Fakt odur ki, “status” və digər məsələlər tarixin arxivinə göndərilib. Müharibə bitib, artıq o səhifə qapanıb. Bundan sonra növbəti səhifəni açmaq lazımdır. Bu da Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması ilə bağlıdır. İki ölkə arasında delimitasiya və demarkasiya məsələlərinin həlli, kommunikasiyaların açılması təmin edilməlidir. Yaxşı olardı ki, ABŞ-ın Ermənistandakı səfiri bu məsələlərdən danışsın. Çünki bitmiş bir məsələdən danışmaq səfirə başucalığı gətirməyəcək.
- ABŞ-ın Azərbaycanla enerji layihələri əhəmiyyətli dərəcədə böyükdür. Amma bu məsələdən kənarda Amerikanın Azərbaycanın yürütdüyü strategiyaya yanaşması necə şərh oluna bilər?
- ABŞ-la Azərbaycan arasında normal münasibətlər mövcuddur. Amma ABŞ-da mövcud olan erməni lobbisi və ermənipərəst qüvvələr daim Azərbaycana qarşı təzyiqlər, pozucu münasibətlər sərgiləyir. Hətta bu qüvvələr ABŞ-ın Azərbaycanla bağlı siyasətinə də təsir etməyə cəhdlər edir. II Qarabağ müharibəsi, ondan əvvəlki və sonrakı dövrlərdə Minsk Qrupunun üzvü olan ölkələrin Ermənistanı açıq şəkildə müdafiə etməsi faktları da unudulmayıb. Əslində onlar öz statuslarına görə prosesdə bitərəf ola bilərdilər. Çünki onlar məhz bu problemin həlli üçün məsul olublar. Onların fəaliyyətsizliyi nəticəsində proses müharibə vəziyyətinə qədər gəlib çatıb. 30 ilə yaxın davam edən bir problemin həllində nə ABŞ, nə Fransa, nə də Rusiya aktivlik göstərib. Azərbaycan da beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını hərbi yolla azad etməyə nail olub. Çünki bizim başqa çıxış yolumuz yox idi.
- Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiyası bundan sonrakı dövr üçün hansı reallıqları formalaşdıracaq?
- Bu müttəfiqlik haqqında sənəd Azərbaycan və Türkiyə prezidentlərinin atdığı çox böyük strateji bir addımdır. Biz artıq qardaş Türkiyə ilə strateji müttəfiqik. Hüquqi müstəvidə münasibətlərin məhz bu səviyyəyə yüksəlməsi böyük önəm kəsb edir. Amma bəzi kənar dövlətlər buna da qısqanclıqla yanaşır. Onların iddialarına görə, bu müttəfiqlik guya hansısa kənar dövlətlərə qarşı yönəlib. Bu, qətiyyən belə deyil. Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Sadəcə olaraq bu, iki qardaş ölkə arasında strateji münasibətlərin ən yüksək səviyyəsi hesab edilir. Hər bir suveren dövlətin kiminlə dostluq etməsi onun öz hüququdur. Sözsüz ki, bu cür yüksək səviyyəli münasibətlərə paxıllıq edənlər də çoxdur. Türkiyə və Azərbaycanın bugünkü inkişafını gözü götürməyən qüvvələr də az deyil. Bəziləri isə düşünür ki, Azərbaycan və Türkiyə müttəfiqlik münasibətlərini bu səviyyədə inkişaf etdiribsə, bunun qarşısını ala bilməyəcəklər. Amma iki ölkə özünün müəyyənləşdirdiyi milli maraqlar müstəvisində öz inkişafını uğurla təmin etməkdədir.
- Qloballaşma adı altında dövlətlərə bu və ya digər formada edilən müdaxilə cəhdləri nədən ibarətdir?
- Bəzi Qərb dövlətləri qloballaşma adı altında ölkələrin daxili işlərinə qarışmaq istəyir. Bu cür adlar altında Azərbaycanın milli-mənəvi dəyərlərinə belə zərbə vurmaq cəhdləri var. Biz kənarda olan prosesləri, “rəngli inqilabların” yaratdığı problemləri görürük. Amma bu dağıdıcı qüvvələr Azərbaycanda belə situasiyalar yarada bilmədi. Bunun üçün gənclərə təsir etməyə cəhdlər oldu. Amma Azərbaycan gəncliyi özünün vətənə, torpağa bağlı olduğunu II Qarabağ müharibəsində bu cür qüvvələrə açıq şəkildə göstərdi.