7 Fevral 2022 16:40
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən hərbçi deyiləm, ancaq izlədiyim qədər Rusiyanın gücü kifayətdir ki, Ukraynanın ordusunu, bazalarını darmadağın etsin. Bunu edə bilər. Eləcə də Azov dənizindən Maripul və digər Ukrayna şəhərlərinə qədər tuta bilər. Eyni zamanda Krımda içməli su problemini də həll edə, bura suyun gəlməsini təmin edə bilər. Sözsüz ki, bunlar lokal əməliyyatlardır. Ola bilsin ki, Rusiya nisbətən asan şəkildə bunu həyata keçirə bilər”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O əlavə edib ki, Rusiyanın bütövlükdə Ukraynanı işğal etməsi üçün gücü kifayət deyil: “Ukraynanı işğal edib nəzarəti tam ələ götürmək üçün ora bir milyon əsgər yeritmək lazımdır. Rusiyanın isə Ukrayna ilə sərhəddə 120 min ordusu var. Bu ordu ilə bütövlükdə Ukraynanı işğal etmək mümkün deyil”.

Politoloqun fikrincə, ruslar lokal əməliyyatlar keçirə, nələrisə əldə edə bilərlər.

Onun sözlərinə görə, bu halda rusların itirəcəkləri qazandıqlarından çox olacaq: “Ona görə ki, bu halda Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediləcək. Rusiya dünyanın gözü qarşısında işğala başlayacaqsa, bunun o tərəfi-bu tərəfi olmayacaq, Rusiyaya qarşı ən ağır sanksiyalar işə salınacaq. Bu halda Rusiyanın itirdikləri iqtisadi, siyasi, mənəvi itkilər daha çox olacaq. Mənim düşüncəmə görə, bu itkilər lokal hərbi əməliyyatların uğurlarını qat-qat üstələyəcək. Bu mənada düşünürəm ki, Rusiyada qərar verənlərin ağlı yerindədirsə, müharibəyə getməməlidirlər. Məntiq bunu deyir. Amma dünyada məntiqə sığmayan çoxlu sayda hadisələr baş verib. Bu mənada hadisələri proqnozlaşdırmaq elə də asan deyil”.


Müəllif: Nemət

Oxşar xəbərlər