Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqına sədrliyi qismində təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda baş tutan görüşü bir daha təsdiqlədi ki, sülh gündəliyi məhz dövlətimizin təklif etdiyi məsələlərdən ibarətdir. Müzakirələrdə rəsmi Bakının təklif etdiyi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında humanitar məsələlər, etimad quruculuğu, məsələləri gündəmdə olub. Eyni zamanda Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi vacib məqamlar müzakirə edilib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsi də görüşdə əsas müzakirə mövzusu olub: “Bu görüşdə də Prezident İlham Əliyev ölkəmizin mövqeyini bir daha ifadə edib. I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması məsələləri də gündəmdə olub. Həmçinin dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılmasına xüsusi diqqət yetirilib”.
Millət vəkili hesab edir ki, Ş.Mişel və E.Makronun adından yayılan birgə bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” və hətta “Qarabağ” kimi ifadələrin yer almaması vacib məqamdır:
“Sənəddə “regionda gərginliyin azalması və etibarın möhkəmlənməsi istiqamətində səylərə dəstək” ifadəsi qeyd olunur. Bu, bir daha onu göstərir ki, artıq münaqişə, Qarabağ məsələsi gündəlikdən çıxıb. Fransa da ATƏT-in Minsk qrupu həmsədri olaraq bu reallığı qəbul edir. Digər bir məqam Fransanın bu görüşə həmsədr kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak etməsidir. Təsadüfi deyil ki, birgə bəyanatda da Minsk qrupuna istinad olunmur. Bir sözlə, Fransanın təşəbbüsü ilə baş tutan görüşdə səslənən bütün fikirlər Azərbaycanın marağına tam cavab verir”.
K.Nurullayeva bildirib ki, Ermənistan tərəfinin yaydığı məlumatda isə təhrif elementləri aşkar görünür: “Belə ki, Paşinyanın katibliyinin məlumatında birgə bəyanat təhrif olunaraq “Dağlıq Qarabağ münaqişəsi” termini əlavə edilib. Lakin bu, məsələnin mahiyyətini dəyişmir”.