Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərindəki dəyişikliyi necə şərh etmək olar?
- Avropa-Azərbaycan münasibətlərində yeni bir mərhələ başlayıb. Bu yeni mərhələ Azərbaycanın tarixi qələbəsindən sonra özünə layiq yer tutur. Həmçinin bu yanaşmalar aparılan uğurlu işlərin nəticəsi kimi də dəyərləndirilir. Çünki Azərbaycanın qələbəsindən sonra onlar bizi qəbul etmək istəmirdilər. Qələbəni hansısa formada şübhə altına almağa çalışırdılar. Bəyanatlar qəbul edir, senatda müzakirələr təşkil olunurdu. Azərbaycana qarşı siyasi qüvvələrin təzyiqini artırmağa cəhdlər edilirdi. Minsk qrupunu belə dirçəltmək istəyirdilər. Qondarma status haqqında danışmağa cəhdlər var idi. Bütün bunları biz gördük. Köhnə ab-havanı yenidən bizə sırımaq cəhdləri aydın sezilirdi.
- Tarixi Qələbə hər şeyi dəyişdi...
- Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə elə bir qələbə əldə edib ki, bunu hər hansı formada dəyişdirmək qeyri-mümkündür. Eyni zamanda bu qələbə regional, ümumavropa, ümumdünya təsirlərinə malikdir. Çünki tarixi qələbənin nəticələri regionda, Avropada, həm də dünyada, beynəlxalq münasibətlərə birbaşa təsir edir. Bu əlaqələrin yeni bir tərzdə formalaşmasına, ölkələr arasında münasibətlərə çox ciddi təsir göstərib.
- Avropa-Azərbaycan münasibətlərində hansı yeni çalarlar ortaya çıxa bilər?
- Cənubla Şərq, Avropa ilə Rusiya, Rusiya-ABŞ, Çin-Avropa münasibətlərində artıq yeni yanaşmalar var. Bu təsir də özünü mümkün olan bütün variantlarda göstərir. Yəni, Azərbaycanın qələbəsi elə bir yüksək fenomen yaradıb ki, bunun müsbət nəticələri getdikcə daha da çoxalacaq. Bəziləri ilk cəhdləri boşa çıxandan sonra onlar yavaş-yavaş bu reallığı dərk etməyə, başa düşməyə, qəbul etməyə, indi isə bununla hərəkət etməyə başlayıb.
- Fransa Prezidenti Makronun son zamanlar məsələ ilə bağlı özünü "yaxşı tərəf" kimi göstərməsi sizcə nəyə hesablanıb?
- Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə aparılan görüş və burada Fransa prezidenti Emmanuel Makronun iştirakı başadüşülən idi. Amma bununla yanaşı o başa düşürdü ki, Avropa Birliyində sədrliyi icra edən ölkə bu görüşdə hansısa bir formada özünü göstərməlidir. O bunu etməsəydi, Avropa Birliyində aparıcı ölkə kimi böyük problemlər yaşayacaqdı. E.Makron Brüssel görüşündən məqsədlərinə nail olmaq, özünü yaxşı mənada göstərmək, seçicilərin səsini əldə etmək üçün də yararlanmağa çalışıb. Bu həmçinin Avropa Birliyində öz nüfuzunu həyata keçirmək üçün də lazım idi. Brüssel görüşündən elə də böyük zaman keçməyib. Amma onlar başa düşüblər ki, bu təkcə göstərmək, seçicilərin səsini almaq üçün yox, əksinə daha başqa məqsədlər üçün vacibdir. Çünki indi Fransada erməni kartı başqa tərzdə oynanılır. Valeri Pekresin davranışlarını buna misal göstərmək olar. Makron və onun ətrafında olanlar isə görür ki, Ermənistan istiqamətində elə də böyük dividentlər mövcud deyil. Əksinə onlar Azərbaycanla hansısa bir ünsiyyət qurmaqla daha böyük dividentlər əldə edə bilər. Ona görə də, təbii olaraq bu yanaşmalar dəyişir.
- Avropa Birliyi ilə Azərbaycan arasında enerji strategiyasının istiqamətlərini nəcə görürsünüz?
- Avropa Birliyi ilə xüsusi ilə də enerji təhlükəsizliyi məsələsində yeni addımların atılması mümkündür. Bu gün Avropa enerji mənbələrini, resurslarını təhlil edərək dünyada olan mərkəzlərlə yanaşı Azərbaycana böyük önəm verir. Bu o deməkdir ki, Azərbaycanla əməkdaşlıq Avropanın özünün maraqlarına xidmət edir. Ona görə də, bu proseslər yüksək qiymətləndirilir. Bu proseslərin sözsüz ki, daha da genişlənəcəyi gözlənilir.
- Azərbaycanın bu əməkdaşlıqda hədəfi nədir?
- Burada Azərbaycan Prezidentinin uzaqgörən siyasəti yenə də özünü göstərir. Biz çoxvektorlu Azərbaycanın milli maraqlarına uyğun olan siyasət aparıldığını müşahidə edirik. Rusiya-Ukrayna arasında olan mövcud gərginlik şəraitində Azərbaycanın hər iki ölkə ilə ayrı-ayrılıqda münasibətləri ölkəmizin milli maraqlarına cavab verir. Bütün bunlar isə sözsüz ki, Azərbaycanın öz torpaqlarını azad etməsinin nəticəsində yaranmış siyasi reallıqdır. Ölkəmizin Avropa Birliyinə daxil olan 9 dövlətlə geniş əməkdaşlıq imkanları var. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanın yaratdığı reallıqdan artıq Avropa məkanında da bəhrələnməyə başlayıblar.