İran bu mövqedədir ki, ölkələr arasında meydana çıxan böhranlar və gərginliklər sülh və danışıqlar yolu ilə həll olunmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib.
Səfir bildirib ki, regiondan kənar ölkələr bu məsələyə qarışmamalıdırlar:
“Əgər kənar müdaxilələr olmasa, Ukrayna və Rusiya özləri bu məsələni həll edə biləcəklər. Burada bir mühüm məsələ də ondan ibarətdir ki, kənar ölkələr region ölkələrindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Ona görə də region ölkələri ayıq olmalı və kənar qüvvələrə bu fürsəti verməməlidir”.
Seyid Abbas Musəvi qeyd edib ki, İran Prezidenti İbrahim Rəisinin bu yaxınlarda Rusiyaya etdiyi səfəri onun son 6 ay ərzində region ölkələrinə etdiyi 3 səfərdən biri idi:
“Bu səfər qonşularla mehriban münasibətlər çərçivəsində baş tutab bir səfər idi. Bu səfər zamanı qarşılıqlı əməkdaşlığı bir daha nəzərdən keçirdik. İranla Rusiya regional məsələlərdə məkdaşlıq edirlər. Səfər zamanı bu məsələlər bir daha nəzərdən keçirildi”.