Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov News24.az-a geniş müsahibə verib. İlham Rəhimovla söhbətimizin əsas qayəsi regionda, dünyada baş verən proseslər və Qarabağ məsələsi oldu. Onunla söhbətin mövzusunu seçməkdə çətinlik çəkmədik. Çünki hansı sualı versək, əhatəli cavab alacağımızı bilirdik. Bu, təbii ki, professorun illərlə qazandığı bilik, təcrübə və dünyagörüşün təzahürüdür. Müsahib yaxşıdırsa, söhbət də maraqlı keçir. İlham müəllimin cavabları isə çox sərrast və rahat idi. Söhbətimiz o qədər maraqlı keçdi ki, hətta bəzən professor “bunu ilk dəfədir sizə deyirəm” cümləsindən istifadə edərək heç yerdə danışmadığı məlumatları bizimlə bölüşdü.
Müsahibəyə əvvəlcə gündəm mövzusu olan və son günlər daha da aktuallaşan Ukrayna-Rusiya gərginliyi ilə başladıq.
Teleqraf.com müsahibəni təqdim edir:
- İlham müəllim, hazırda Ukrayna və Rusiya rəsmiləri bir-birini Ukraynanın şərqində təxribatlar törətməkdə, genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq görməkdə ittiham edirlər. Donbas bölgəsində vəziyyətin, ümumiyyətlə, Rusiya ilə Ukrayna arasında münasibətlərin yenidən gərginləşməsinin səbəbi nədir?
- Əvvəlcə qeyd edim ki, yaranmış gərginlk əslində Rusiya - NATO münasibətlərindən qaynaqlanır. Rusiyanı narahat edən əsas məsələ onun təhlükəsizliyidir. Ukraynanın NATO-ya üzvü olacağı təqdirdə Rusiya bunu birbaşa özünə təhdid hesab edir. Bu barədə Putin Makronla görüşdə də açıq bildirdi. Lakin, fikrimcə, hazırkı durumu mətbuat çox şişirdir. Mən düşünmürəm ki, Rusiyanın Ukraynaya hücum etmək kimi bir planı olsun.
Digər tərəfdən, Rusiya Donbasda və Luqanskda yaşayan rusların taleyinə də biganə deyil. Donbasda təxminən 5 milyon əhali var. Onların da 70-75 faizi ruslardır. Hazırda Ukrayna da təmas xəttinə çox sayda hərbi qüvvələr yığıb. Əgər Ukrayna Donbasa hücum etsə, bu zaman Rusiya da münaqişəyə qoşulacaq. Lakin Ukraynanın belə bir avantüraya gedəcəyinə inanmıram. Bu baxımdan regionda hər hansı böyük hərbi münaqişə ehtimalı azdır.
- Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçilik etmək təklifi ilə çıxış etdi. Ərdoğanın bu təşəbbüsünü və onun həyata keçmək imkanlarını necə qiymətləndirirsiniz?
- Ukrayna - Rusiya münasibətlərinin gərginləşməsi Türkiyənin marağında deyil. Çünki hər iki dövlətin əlaqələri yaxşıdır. Ərdoğan Zelenskiyə görüş üçün təklif eləsə o razılaşacaq. Lakin, Putin sual verəcək ki, biz Zelenskiylə nəyi müzakirə edəcəyik? Мən birinci sualınıza cavab verəndə bildirdim ki, əsas problem Rusiya –NATO və bu hərbi-siyasi təşkilatın avanqardı olan ABŞ-ladır. Bildiyiniz kimi Putin yazılı tələbini ABŞ-a çatdırıb və indi də onlar arasında bununla bağlı danışıqlar gedir. Ruslar Krım məsələsini nə Zelenski ilə, nə də başqası ilə müzakirə edən deyillər. Bu məsələ artıq onlar üçün bitib. Donbas və Luqanska gəldikdə isə Ukrayna tərəfinə deyirlər ki, onları razı salmağın yollarını axtarın. Lakin, buna baxmayaraq, belə bir görüş, ümumən gərginiyin azalmasına yardım göstərə bilər və Ərdoğann təşəbbüsü alqışa layiqdir.
- Professor, Ukrayna məsələsində ABŞ və Avropa ölkələrinin mövqelərində də ciddi fərqlər var. ABŞ daha çox sərt addımların tərəfdarı kimi çıxış edir, Avropa isə loyallıq nümayiş etdirir və Rusiya ilə danışıqlar vasitəsilə dil tapmağı vacib sayır.
- ABŞ-ın müharibə ilə bağlı proqnozları bir çox vaxtlarda düz çıxmayıb. Əksər hallarda ABŞ-ın bu kimi açıqlamaları bu və ya digər məqsədlərə xidmət edir. Buna görə də, ABŞ-ın qənaətini artıq dünyada heç də hamı obyektiv qəbul etmir. Ümumiyyətlə, Ukrayna-Rusiya gərginliyini ABŞ böyüdür. Amerikaya müharibə olsa da, sərf edir, olmasa da. Zənnimcə, Ukrayna-Rusiya gərginliyi müharibə müstəvisinə keçsə, qısamüddətli kiçik toqquşma ola bilər, genişmiqyaslı olmayacaq, toqquşma ehtimalı çox aşağıdır. Əgər bu variant reallaşsa, ABŞ Rusiyanın müharibəyə başlayacağı xəbərini əvvəldən dünyaya car çəkdiklərini bəyan edəcək.Vəziyyət normallaşanda da, Amerika dünyaya yenidən elan edəcək ki, “müharibəni biz dayandırdıq”.
Bildiyiniz kimi, ABŞ-da Baydenin reytinqi aşağı düşüb. Digər tərəfdən də orada Konqresə seçkilər, sonra da prezident seçkiləri yaxınlaşır. Yəni Baydenin Ukrayna ilə bağlı təşəbbüsləri onun reytinqini qaldıracaq. Belə olan halda ABŞ-a dəstək olan dövlətlər hətta Baydenə Nobel mükafatı belə verilməsini təklif edə bilərlər. Fikrimcə, Rusiya və NATO hansısa formada hazırki problemin həlli yolunda ortaq məxrəcə gələ biləcəklər. Həm Rusiyanın maraqları təmin olunacaq, həm də NATO-nun.Yekunda yenə də Baydenin reytinqi müəyyən qədər qalxacaq.
- Siz də yəqin müşahidə eləmisiniz ki, Azərbaycan cəmiyyətində də Rusiya Ukrayna müharibəsini real hesab edənlər çoxdur. Ümumiyyətlə, bu mövzu hazırda ölkədə ən çox müzakirə edilən məsələlərdən biridir. Bunun səbəbi nədir?
- Müharibə ehtimalını real hesab etmədiyimi artıq bildirdim. Azərbaycan cəmiyyətinin bu məsələyə diqqət ayırması başa düşüləndir. Biz eyni regionu bölüşürük və təbii ki, regionda baş verən proseslər bizə də təsir göstərir. Lakin, bizim cəmiyyətdə bir sıra siyasətçilər, politoloqlar, jurnalistlər var ki, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı müzakirələrdə yanlış fikirlər səsləndirirlər. Onların dediklərindən belə anlaşılır ki, sözügedən münaqişənin müharibəyə çevrilməsini, müharibə olmasını istəyirlər. Eləsi də var, adını çəkməyəcəm, bu istəyini açıqcasına dilə gətirir: “mən istərdim ki, müharibə olsun”.
- Onların bu istəyi nədən irəli gəlir?
- Məncə, normal adam belə düşünə bilməz. Bəlkə də elə hesab edirlər ki, müharibə başlasa, Rusiya dağılacaq. Rusiyanın dağılması da, onların düşüncəsinə görə, Azərbaycanın xeyrinədir. Bu adamlar başa düşmürlər ki, nüvə silahına sahib ölkələrin münaqişəsi qlobal dünya üçün təhlükədir ki, bundan ən birinci elə qonşular ziyan görər. Yenə də təkrar edirəm: normal düşüncəyə malik adam belə absurd fikirlər deyə bilməz. Onlar başa düşmürlər və bilmirlər ki, bu müharibə başlasa, hansı ağır fəlakətlərə səbəb ola bilər, kütləvi insan qırğınına, dünya müharibəsinə gətirib çıxarar. Ukraynadan Avropaya 5 milyon qaçqın köçəcək. Avropaya bu, sərf etmir. Geniş aspektdən məsələyə yanaşsaq, bu müharibə heç kimin xeyrinə deyil. Hər halda hesab edirəm ki, bu istəyin özü olduqca mənəviyyatsız istəkdir.
- İlham müəllim, ABŞ istər bu münaqişə, istərsə də, digərlərində demokratiyadan söz açır, hansısa formada məsələyə bu adla müdaxilə edir...
- Amerikalılarda Roma imperiyasına bənzər ideologiya var. Romalılar hesab edirdilər ki, digər millətlərdən fərqli olaraq Allahlar tərəfindən seçiliblər və özlərinə “ellin” adını vermişdilər. Yəni ağıllı və seçilmiş millət. Digər xalqları “varvar”, yəni vəhşi adlandırır və özlərindən aşağı səviyyədə gördükləri üçün öz səviyyələrinə qaldırmaq istəyirdilər. Bunu hansı yolla etmələrinin isə heç bir fərqi yoxdur.
Vaxtilə ABŞ-ın sabiq prezidenti Barak Obama da hakimiyyətdə olduğu illərdə amerikalıların istisna bir xalq olduğunu dilə gətirmişdi. Yəni digər xalqlardan fərqli olaraq amerikalılar qat-qat yuxarıdadır. Avropa ölkələrinin bir çoxu ABŞ-dan müəyyən qədər asılı olduğu və ya çəkindiyi üçün mövqe bildirmədi. Müəyyən qədər Almaniya və Fransanı istisna kimi qeyd edə bilərik. Ancaq onlar da mövqelərini tam ortaya qoya bilmirlər. Rusiya isə əksinə, bu fikri nəinki qəbul etmədi, hətta açıq bəyan etdi ki, ABŞ-ın özünü istisna bir dövlət və xalq olaraq görməsi digər xalqlara təhqirdir.Obamanın prezidentliyi dövründə vitse-prezident olmuş Bayden də özünün seçki kampaniyasında dünyaya demokratiya gətirəcəklərini vəd edirdi.
ABŞ Roma imperiyası kimi özündə olan demokratiyaya, dəyərlərə və əxlaqa digər xalqları çatdırmaq istəyir. Bunu hansı yolla etməsinin onlar üçün heç bir fərqi yoxdur. Məsələn, İraqa demokratiya gətirmək istədiyini bəyan etmişdilər və nəticəsi ortadadır. Suriya, Liviya nümunələrini də unutmayaq. Digər dövlətlərə demokratiya gətirmək pis iş deyil. Dünya bu günə qədər demokratiyadan dəyərli heç nə tapmayıb. Ancaq söhbət burasındadır ki, demokratiya hədiyyə deyil, axı kiməsə verəsən. ABŞ-ın məqsədi yaxşı ola bilər, ancaq seçdiyi yol səhvdir. Hər bir ölkənin özünün mental dəyərləri, mənəvi, əxlaqı, dini dəyərləri, mədəniyyəti və tarixi var. Bütün ölkələrə eyni dəyərləri zorla qəbul etdirmək doğru deyil. Demokratiya uzun bir yoldur. Eyni zamanda demokratiya bir davranış qaydasıdır ki, bu prosesin uğur qazanması üçün cəmiyyətin yeni qaydaları hansı səviyyədə qəbul etməyə hazır olmasından asılıdır.
- Hazırda Ukrayna məsələsinə görə Qərbin Rusiyaya qarşı sanksiyaları qüvvədədir. Sizcə, bu sanksiyalar ciddi nəticə verdimi? Yeni və daha ağır sanksiyaların anonsu da verilir. Qərbin yeni sanksiyaları Rusiya üçün ciddi problemlər yarada, bu ölkə daxilində siyasi vəziyyəti gərginləşdirə bilərmi?
- 2014-cü ildən Rusiyaya sanksiyalar tətbiq edilir. Sanksiyaların təbii ki, ziyanlı tərəfləri olsa da, digər tərəfdən bu sanksiyalar dövləti möhkəmləndirir. Rusiya hakimiyyətinə sanksiyaların tətbiq edildiyi andan etibarən bunun uzunmüddətli olacağını bilirdilər, ona görə də, əvvəlcə Qərbdən asılı olduğu əsas sahələri inkişaf etdirməyə başladılar. Məsələn, Rusiyada bu müddət ərzində taxıl istehsalı, maldarlıq çox inkişaf etdi. Meyvə-tərəvəz, süd, yağ və s. istehsalı istiqamətində boşluqlar aradan qaldırıldı, xaricdən asılılıq azaldıldı. Hətta texnologiya sahəsini də inkişaf etdirmək üçün ciddi səylər göstərirlər. Hazırda Qərb Rusiyanın Ukrayna ilə müharibəyə başlayacağı təqdirdə sanksiyalara əl atacağını elan edib. 2021-ci ildə son 8 ildə Rusiya əhalisinin real gəlirləri 3,1 faiz artıb.Yəni sanksiyalar tətbiq edilməmişdən əvvəlki bir illə müqayisədə. Bu o demək deyil ki, Rusiya əhalisinin sosial vəziyyəti əladır və ümumiyyətlə sanksiyaların təsiri yoxdur. Sadəcə, hesab edirəm ki, Rusiyanı sanksiyalarla çökdürmək mümkün deyil.
- Azərbaycanda Ukrayna və Rusiya arasında gərginliyə münasibətdə hakimiyyət və ictimaiyyətin münasibəti fərqlidir. Hakimiyyət Ukraynanın ərazi bütövlüyünü tanıyır, lakin bu məsələdə ehtiyatlı davranır. Cəmiyyətdə isə Rusiyanı təcavüzdə günahlandıranlar var. Bu iki mövqedən hansı sizin düşüncələrinizə daha yaxındır?
-Hər bir cəmiyyətdə müxtəlif fikirlər ola bilər. Bu normaldır. Azərbaycan cəmiyyəti Krım və Qarabağla bağlı paralellik axtarır və məsələyə bu prizmadan baxırlar. Bu da başa düşüləndir. Lakin, bu iki problem tam fərqli problemlərdir. Əvvala, onu qeyd edim ki, Rusiya Krımla bağlı heç kimlə söhbət aparmır, məsələnin bitdiyini bildirir. Krımın da çox mürəkkəb tarixi var, əsrlərboyu bu ərazini çox ölkə işğal edib və çoxlu qanlar tökülüb. Məncə, Krımın bugünki taleyinin səbəbkarı ukraynalıların özləridir. Rusiya elitasını yaxşı tanıyan, onların fikirləri ilə yaxından tanış olan şəxs kimi deyirəm: 2014-cü ilə qədər Rusiyanın Krımı ələ keçirmək niyyəti olmayıb. 2014-cü ildə Kiyevdə başlayan “Maydan” hadisələri ilə ukraynalılar buna şərait yaratdı. Həmin ərəfədə indiki rejim hakimiyyətə gəlməmiş tribunalarda rus dilinin ləğv olunması, rusdilli məktəblərin bağlanması və s. barədə rusların əleyhinə çıxışlar edirdi. Bu mesajlar da Rusiyaya çatırdı. Krımda yaşayan əhalinin 70 faizdən çoxu ruslar və ya rusdilli əhalidir. Ruslar Ukraynanın onları sıxışdıracağını gördükləri üçün Krım prosesini başladılar. Ancaq bu hadisəyə qədər rusların heç ağlına gəlməzdi ki, nə vaxtsa Krım onlara qayıdacaq, yəni bunu sizə dəqiq deyirəm, belə bir planları da yox idi.
- Gərginliyin hazırkı mərhələsində Belarusun də fəallaşdığı müşahidə olunur. Belaruslar həm ruslar, həm də ukraynalılarla eyni köklərə malik xalqdır. Lakin Belarus hakimiyyəti Rusiyanın mövqeyini dəstəkləyir. Bu, nədən irəli gəlir?
- Rusiya və Belarus bir İttifaqdadırlar və Rusiya-Belarus İttifaqı arasında inteqrasiya çox güclüdür. Ancaq Belarusdakı kütləvi mitinqlər zamanı Ukrayna Belarusun əleyhinə oldu, həmin ərəfədə Ukrayna Avropanı müdafiə etdi. Rusiya və Belarusun müttəfiq olması da buna bir səbəbdir.
- Yeri gəlmişkən, ötən ay Qazaxıstanda baş verənləri bəzi ekspertlər böyük dövlətlər, xüsusən də Rusiya və Qərb arasında gərginliyin nəticəsi hesab edirlər. Siz bu barədə nə düşünürsünüz?
- İlk əvvəl bir məsələni qeyd edim. Bir çoxları Rusiyanın siyasətini birtərəfli təhlil etməyə cəhd göstərir. Əslində isə indiki Rusiya keçmiş SSRİ-nin səhvlərini təkrar etmək istəmir. Xatırlayaq, Macarıstana, Çexoslavakiyaya, Gürcüstana, Azərbaycana, Pribaltikaya qoşun yeritməsini. Rusiya başa düşür ki, bu cür hərəkətlər həmin respublikalarda yaşayan xalqları Rusiyaya qarşı aqressivləşdirəcək. Moskva isə bunun əksini istəyir. Sizə nümunə göstərim. “Maydan” proseslərində Rusiya bəlkə də istəsəydi, Yanukoviçin dəvəti ilə bu ölkəyə qoşun yeridə bilərdi. Və ya Ermənistandakı hadisələr zamanı. Lakin, Rusiya bunların heç birinə qarışmadı. Qısası, Rusiyanın hazırda əsas prinsipi budur-öz problemlərinizi özünüz həll edin, lakin mənim maraqlarıma (xüsusən, təhlükəsizlikə) təhdid yaradacaq hərəkətlərdən çəkinin.
Qazaxtandakı məsələyə qayıdaq. Orda ikihakimiyyətlik idi və proseslər də sosial narazılıq fonunda baş versə də,əsas bu problemdən qaynaqlandı. Əvvala, Rusiya Qazaxıstandakı proseslərə Tokayevin dəvəti və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi müdaxilə etdi. Lakin bunu tək özü eləmədi. Əsas məsələ, Rusiya hərbi kontingenti Qazaxstanda çox ehtiyatla davrandılar ki, yerli əhalinin etirazları ilə qarşılaşmasınlar və situasiya normallaşan kimi də oranı tərk elədi.
Həmin hadisələr vaxtı çox təhlükəli bir vəziyyət yaranmışdı. Qazaxıstanda əhalinin 30 faizi rusdillidir, provakasiya olub milli münaqişə baş vermə ehtimalları da var idi. Düzdür, bu məsələni dilə gətirmirlər, ancaq belə bir qorxu var idi. KTMT-nin üzvü olan Rusiya məsələni yoluna qoyandan sonra oradan çıxdı. Amma bəzi siyasətçilər iddia edirdilər ki, Rusiya hara girsə, oradan çıxmır. Mənsə həmin ərəfədə demişdim ki, ordu çıxacaq, elə də oldu. Çünki bunu bilirdim.
Bizim cəmiyyətdə bu məsələni fərqli anlayırlar. Amma Nazarbayevin Putinlə çox gözəl münasibətləri var. Prezident olmasa belə Putin onu tədbirlərə çağırır, ağsaqqal kimi hörmət edir.Tokayevə gəldikdə isə onunla münasibətlərim var, uzun görüşlərimiz, söhbətlərimiz olub. Hələ Qazaxıstanda Senat sədri olanda mənim kitabımı qazax dilində müzakirəyə çıxarmışdı. Həmin görüşümüzdə mənə dedi ki, Senatda indiyə qədər təkcə Nazarbayevin kitabı müzakirə olunub. İkinci müzakiyə çıxarılan kitab isə mənim kitabim idi. Tokayev həm də çox ziyalı, intellektual bir insandır, 6 dil bilir. Vaxtilə BMT Baş katibinin müavini işləyib, səfir, Xarici İşlər naziri, baş nazirin müavini və s. kimi yüksək vəzifələrdə çalışıb. Onunla görüşəndə söhbətimiz daha çox türkçülüklə bağlı oldu. Məndə belə qənaət yarandı ki, Tokayev türk dünyası ilə inteqrasiyasının fəal tərəfdarıdır.
- Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı “bir millət-iki dövlət” formatından “bir millət-bir dövlət” formatına keçməliyik” fikriniz rezonansa səbəb oldu…
- Mənim o zaman irəli sürdüyüm bu fikiri bəziləri düzgün başa düşməyib. Fikrimin məğzi odur ki, Türkiyə ilə inteqrasiya o qədər güclü və sıx olmalıdır ki, həm dostlarımız, həm də düşmənlərimiz anlasın ki, biz bir millət və bir dövlət kimiyik. Məsələn, Rusiya-Belarus İttifaqı kimi.
Hesab edirəm ki, “Şuşa bəyannaməsi” o inteqrasiyanın önəmli hissəsidir. Ermənistanda revanşistlər çoxdur, hər zaman baş qaldıra bilərlər. 30 ildən sonra da oxşar hadisələr yaşanmasın deyə biz bu birliyimizlə həmin şəxslərə də mesaj vermiş oluruq.
Yəni inteqrasiyamız daha güclü olmalıdır, leksikonumuzda “Azərbaycan türkü”, “Türkiyə türkü” yox, sadəcə “türk” anlayışı olmalıdır.
Eyni zamanda siyasi, iqtisadi, maliyyə, humanitar sahələrdə də çox sıx inteqrasiyanının dərinləşməsi vacibdir.
- İlham müəllim, Rusiya və Türkiyə arasındakı münasibətləri gələcək perspektivdə necə dəyərləndirirsiniz?
- Rusiya və Türkiyə münasibətlərinin bundan sonra bu cür davam edəcəyini düşünürəm. Dünyada çox məsələləri iqtisadiyyat həll edir, bu mənada hər ilk ölkənin bir-birindən asılı olduğu tərəflər var. Əgər diqqət etdinizsə, Putin Ərdoğanın xəstələndiyini eşidən kimi dərhal ismarıc göndərdi, sağlamlıq arzu etdiyini bildirdi. Ərdoğanın Zelenskini tez-tez görüşməsinə görə də, Putin ondan inciməyib, çünki bu, siyasətdir.
- Rusiya-Belarus İttifaqının yaranması, Ukraynada və Qazaxıstanda baş verən hadisələri əsas götürərək bəzi politoloqlar hesab edir ki, Rusiya SSRİ-nin bərpasını istəyir. Bu iddianı necə dəyərləndirirsiniz?
- Putin heç vaxt SSRİ-ni bərpa etmək istədiyini dilə gətirməyib. Bu xatirəmi ilk dəfə sizinlə bölüşürəm. Putin 2000-ci ildə yeni prezident seçiləndə məni ailəmlə birlikdə Moskvaya qonaq dəvət etdi. Görüş zamanı qısaca olaraq öz planlarından danışanda belə başa düşdüm ki, Rusiyanı güclü dövlət kimi görmək istəyir. Qeyd edirdi ki, Rusiyanın maraqlarını nəzərə almamaq olmaz. Keçmiş SSRİ ölkələri ilə bağlı münasibətləri barədə soruşanda dedi ki, “müstəqil dövlətlər kimi dost əlaqələri saxlanılacaq, Sovet dövründə problemləri birgə görmüşük, yükü təkcə Rusiyanın üzərinə atmaq doğru deyil”. Keçmiş xatirələrimizi yada salanda zarafatla köhnə SSRİ dövrünə qayıda bilərikmi soruşanda, Putin belə bir şeyin heç vaxt mümkün olmayacağını bildirdi. Çünki həmin dönəmlər bütün problemləri Rusiya həll edirdi. Artıq Rusiyanın o yükü çiyinlərinə götürmək istəmədiyini bildirdi.
- İlham müəllim, Azərbaycanda yaşayan sovet nəslinin bir çox nümayəndəsi həmin dövrü daim üstün tutur…
- Sovet dövründə yaşayan insanların çoxu nostalji hisslərdən ayrıla bilmir. Çünki təhtəlşüurlarında sovet dönəminin izləri qalıb. İnsanların həmin zamanlara qayıtmaq istəyi isə o dönəmlərin müqayisəsi ilə bağlıdır. Səhiyyə, təhsil, işlə təmin olunma və s. kimi sahələri müqayisə edən vətəndaş düşünür ki, o dönəm daha yaxşı idi. Bu müqayisə təkcə bizdə aparılmır, SSRİ-nin tərkibində yer alan digər dövlətlərə də aiddir.
- Bəs, sovet dövründə yaşayan şəxslərin azadlığı, müstəqilliyi?
- “Azadlıq”, “müstəqillik” sovet dövründə bizə yad anlayışlar idi. İndi həmin travmanın nəticəsidir ki, çox insan azad və müstəqil olduğunu qəbul edə bilmir. Müəyyən zaman lazımdır ki, həmin nostalji hisslər və sovetin izləri təmizlənsin. Ya da Sovetlər dönəmində yaşamış nəsillər getdikdən sonra artıq o travma öz-özünə yox olacaq.
Müstəqillik anlayışını klassik formada götürəndə faktiki olaraq dünya dövlətlərinin heç biri müstəqil deyil. Dediyim odur ki, dövlətlərin hamısının bir-birindən bu cür asılılığı var.
Çünki hamısı bir-birindən müəyyən qədər asılıdır. Biz burada iqtisadi, siyasi, dini və hərbi asılılığı qeyd edə bilərik. Məsələn, Avropa dövlətləri müəyyən mənada Rusiyadan asılıdır, çünki Rusiyanı zəngin təbii sərvətləri, bol qaz ehtiyatları və s. var. Bütün bunlara görə Avropa Rusiyadan asılıdır. Digər tərəfdən Rusiyanın özü də Avropadan asılıdır, çünki Avropada da müasir texnologiya var.
Avropa ölkələrinin əksəriyyətinin ərazisində, hətta Türkiyədə də ABŞ-ın hərbi bazası mövcuddur. Rusiyanın sülhməramlı hərbçiləri bizim ərazilərimizə yerləşib. Məsələyə təkcə bu prizmadan baxsaq, təkcə bizi yox, əksər ölkələri müstəqil saymamalıyıq. Ancaq bu, doğru fikir deyil. Müstəqilliyi hansısa ölkənin ərazisində digər dövlətin hərbi bazasının və ya sülhməramlısının olması ilə əlaqələndirmək yanlış fikirdir.
Mənim qəti fikrim budur: ümumiyyətlə, Azərbaycanda hər hansısa bir ölkənin sülhməramlı qüvvəsinin və ya hərbi bazasının olmasını istəmirəm.
Şəxsən mən indi Azərbaycanın müstəqil dövlət olması, özümün də müstəqil Azərbaycan vətəndaşı olmağım ilə fəxr edirəm.
- Hüquqi əsasdan söz düşmüşkən, Azərbaycan parlamenti fevralın 1-dən etibarən mühüm əhəmiyyət kəsb edən “Şuşa Bəyannaməsi”ni təsdiqlədi. Bu bəyannaməni necə qiymətləndirirsiniz? Artıq Türkiyə ilə rəsmi müttəfiq sayılırıqmı?
- Bu sənədi çox yüksək qiymətləndirirəm. Mən hələ 44 günlük müharibədən əvvəl Türkiyə ilə güclü əlaqələrin qurulmasının vacib olduğunu bildirmişəm. Lakin, biz bir məsələdə ehtiyatla davranmalıyıq. Türkiyə NATO-nun üzvüdür. Türkiyənin Azərbaycanda hərbi bazasının olduğu halda belə düşünmək olar ki, ölkəmizdə NATO-nun bazası olacaq. Ukraynada da oxşar məsələ ilə əlaqədar vəziyyət qəlizləşib. Rusiya bizimlə sərhəddə yerləşən ölkədir. Türkiyənin NATO-nun timsalında Azərbaycanda hərbi baza saxlaması bizə çox problem yarada bilər. İkinci məsələ isə ondan ibarətdir ki, Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsinin əhəmiyyəti yoxdur. Biz Türkiyə ilə hərbi sahədə əməkdaşlığı genişləndirərək öz silahlı qüvvələrimizi möhkəmləndirməliyik ki, bu da ən düzgün siyasətdir. Azərbaycanın bu sahədə indiki fəaliyyətini şox düzgün qiymətləndirirəm. Bizim bundan sonra kiminləsə böyük müharibə aparacağımız ehtimalı da azdır.
- Bəs Ermənistanla...
- Onlarla bağlı problem ümumən artıq həll olub. Düzdür, yenə də, sərhəddə şəhidlər veririk, amma bu, qaçılmazdır. İkinci Dünya müharibəsindən sonra da belə hadisələr çox olub. Digər problem isə ondan ibarətdir ki, biz hələ Ermənistanla sülh müqaviləsini bağlamamışıq. Sizə deyim ki, sülh müqaviləsi bağlandıqdan sonra da oxşar hadisələr ola bilər. Məsələnin tam həll olması üçün müddət lazımdır.
- Professor, Rusiya sülh müqaviləsinin bağlanmasını dəstəkləyir?
- Rusiya sülh müqaviləsinin bağlanmasında maraqlıdır...
- Niyə?
- Çünki bu müqavilə bağlandıqdan sonra Rusiya bütün dünyaya sübut edəcək ki, postsovet məkanında əsas söz sahibi odur və bu onun dünyada nüfuzunu artıracaq. Eyni zamanda, regionda kommunikasiyaların açılmasından Rusiya da faydalanacaq.
- Məlumdur ki, Azərbaycan prezidenti dəfələrlə Ermənistanla sülhə hazır olduğunu bəyan edib. Ermənistanın baş naziri bu danışıqlara hazır olduğunu dolayı yolla bir neçə dəfə ifadə etsə də, praktiki addım atmadığını görürük. Siz mövcud mənzərəni necə şərh edərdiniz? Paşinyan nə etmək istəyir?
- Qarabağda sülh müqaviləsinin bağlanması orada yaşayan ermənilərin taleyi ilə bağlıdır. Paşinyan hakimiyyətini bu məsələ narahat edir. Əgər ermənilər Qarabağda yaşamağa davam edəcəklərsə, onlara hansı statusun veriləcəyi əsas məsələlərdən biridir. Sənədə qol çəkməklə iş bitmir. Bu sənədin detalları var. Onları qaydasına qoymaq lazımdır.
- Sizcə, Xankəndi, Xocalı və s. işğal altında olan torpaqlarımıza qovuşmaq üçün hansı addımlar atılmalıdır?
- İlk növbədə sülhməramlılar Qarabağdan getməlidir. Ancaq biz görürük ki, Qarabağda insidentlər hələ də baş verir. Sülhməramlılar o vaxt gedə bilər ki, ermənilər bizim qayda-qanunlarla yaşamağa razı olsunlar. Belə olan halda sülhməramlılar öz funksiyalarını yerinə yetirdiklərini qeyd edərək Qarabağdan geri qayıda bilərlər.
- İlham müəllim, bizim konstitusiyamızda ermənilərə hansısa statusu vermək olar?
-Vətəndaşlığın özü də bir statusdur. Onlar Azərbaycan vətəndaşları olmalıdır. Mədəni muxtariyyət istəyirlərsə, zənnimcə, bu da problem deyil. Məktəbləri olsun, öz dillərində danışsınlar, öz televiziyalarına baxsınlar, öz teatrları olsun, Ermənistana səfərlər etsinlər və s. Bunlar düzələn məsələlərdir. Ancaq ermənilər qəbul etməlidir ki, Azərbaycan ərazisində yaşayırlar və bizim vətəndaşlarımızdır. Bu prinsip və qanunlar əsasında yaşasalar, narahatlıq yoxdur.
- Cəmiyyətdə belə bir yanaşma var ki, Şuşanı alanda gərək Xankəndiyə də girərdik...
-Sizcə, bu problemin qısa müddətdə və birdəfəlik həll edilməsini Azərbaycan prezidentindən çox kim istəyə bilərdi? İmkan olduğu təqdirdə Azərbaycan Prezidentinin bu addımı atmaması üçün ciddi səbəb yoxdur, axı. Deməli, mövcud reallıqlar bizi dayanmağa məcbur etdi.
Gəlin, əvvələ qayıdaq, müharibə getdiyi dönəmdə dünyaya bəlli idi ki, sonda qələbə bizim olacaq. Ancaq həmin ərəfədə də Ermənistanı müdafiə edən güclü dövlətlər var idi. Ermənistan müharibə gedən əsnada dünyaya car çəkirdi ki, vaxtilə bizi Türkiyə türkləri soyqırıma məruz qoyub, indi isə Azərbaycan türkləri. Belə olan halda bizim Ordumuz erməni əhalisinin yaşadığı Xankəndiyə girsəydi, hansı mənzərə yaranacaqdı? Dünyada nüfuzumuz çox aşağı düşəcəkdi, soyqırımda günahlandırılacaqdılar bizi və s. İndi ortaya bir sual çıxır: Bu, bizə lazım idi? Situasiyanı yaşayıb, qərar verməklə kənardan qiymətləndirmək fərqli anlayışlardır. Kənardan dəyərləndirmək çox rahatdır, çünki məsuliyyət yoxdur. Ancaq bir ölkənin taleyini çiynində daşıyan dövlət başçısı üçün bu qərarı vermək çox məsuliyyətli və çətin məsələdir. Yəni prosesə birtərəfli yox, hərtərəfli baxmaq lazımdır. Azərbaycan prezidentinin məhz düzgün siyasəti nəticəsində 44 günlük müharibədə mövcud imkanlar daxilində bütün lazımi işlər görüldü və xalqın gözlədiyi qələbə qazanıldı.
Hazırkı məqamda biz elə siyasət yürütməliyik ki, Rusiya sülhməramlıları Qarabağı tərk etsin. Bu məsələnin tezləşdirilməsi bizim, Rusiyanın və Ermənistanın addımlarından asılıdır. Rusiyanı qızışdırmaq nəyə lazımdır? Əksinə, sülhməramlılar Qarabağda olduğu müddətdə onlarla yumşaq danışmaq lazımdır ki, zamanla oranı tərk etsinlər. Təbii ki, Rusiya hərbçilərinin nəzarətində olan ərazilərdə yaranan müxtəlif situasiyalarla bağlı onlarla müzakirə etmək lazımdır və vacibdir. Ola bilər ki, onlar bu və digər problemin əhəmiyyətini və ya bizim üçün həssaslığını o qədər də başa düşmürlər. Əlbəttə, belə olan hallarda bizim rəsmi qurumlar onlara sözlərini çatdırmalıdırlar.
- Rusiya elitasında Azərbaycana münasibət necədir?
- Əvvəllər görüşəndə mənə deyirdilər ki, necə olur ki, siz əhali baxımından çox, iqtisadiyyatınız güclü olduğu halda torpaqlarınızı işğaldan azad edə bilmirsiniz? Qan tökmək istəmədiyimizi deyərək söhbətdən uzaqlaşırdım. Ancaq bu münasibət insana pis təsir edirdi. Müharibədən sonra isə tamamilə fərqli münasibət bəslədilər. Mənə deyirlər ki, halal olsun, çox mübariz, əzmkar millətsiniz.
- Professor, Putinin Azərbaycana qarşı müsbət münasibət sərgiləməsində yəqin ki, aranızdakı dostluğunuzun da təsiri var…
- Putini 50 ildən çoxdur tanıyıram. Onun Azərbaycana münasibəti həmişə müsbət olub. Bir xatirəmi də sizinlə bölüşüm. Putin 2000-ci ildə prezident seçiləndə ilk səfərini Azərbaycana etmişdi. Həmin ərəfədə mən Moskvada idim, zəng etdi, bəzi Azərbaycan sözlərinin tərcüməsini soruşdu.
Xüsusilə qeyd edirəm ki, Putinin rəhmətlik Heydər Əliyevə çox böyük hörməti vardı və onlar arasında olan güvən, hörmət müasir Azərbaycan-Rusiya münasibətlərinin inkişafına böyük təsir göstərdi. Heç də təsadüfi deyildi ki, mərhum Heydər Əliyevin dəfnində şəxsən iştirak edən Putin onu “nəhəng siyasi xadim” adlandırmışdı.
- Professor, elmi fəaliyyətiniz nə yerdədir? Yeni kitab üzərində çalışırsınızmı?
- Həmişə deyirəm ki, elm mənim üçün bütün məşğuliyyətlərdən cəlbedicidir. Ona görə də, daha çox hüquq elmilə məşğul olurdum. Ancaq son illər mənə elə gəldi ki, sırf hüquqla məşğul olmaqdan zövq almıram. Anladım ki, bir qədər kənara çıxmaq lazımdır, çıxdım da, hüququn fəlsəfəsi, din, cinayət və cəza məsələlərinə toxundum. Hazırda oxşar mövzuda yeni kitab üzərində çalışıram, yaxın vaxtlarda çapa göndərəcəm.