Ermənistan nümayəndələrinin Türkiyəyə səfər edəcəyi gözlənilir. Dünənə qədər Qarabağda Ermənistanla üz-üzə idik. İndi isə əlaqələr normallaşır.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
"Türkiyənin Qarabağdakı işğala göz yumması mümkün deyildi. Biz israrla deyirdik ki, problem həll olunsun. İndi dünya da, Ermənistan rəhbərliyi də görür ki, bu, ən çox Ermənistanın xeyrinədir", - Oktay bildirib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb. Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Tərəflərin ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib, ikinci görüş isə fevralın 24-də Vyanada nəzərdə tutulub.