“Ramiz Mehdiyev deyir ki, millətçilik əclaflıqdır. Bunu şüar kimi qəbul edir. Amma bu adam Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəridir. Yəni rəhbəri olduğu qurumun adında milli sözü var. Elə bunun rəhbəri olduğu elm ocağının vəzifələrindən biri milli məsələləri öyrənməkdir. Belə çıxır ki, Mehdiyev işlədiyi qurumun mahiyyətini dərk etmir”.
Bunu Teleqraf.com-a sabiq təhsil naziri, professor Firudin Cəlilov AMEA prezidenti Ramiz Mehdiyevlə bağlı danışarkən deyib.
O əlavə edib ki, Mehdiyev məlumatlı adamdır və onu danışdırmaq, yazdırmaq lazımdır:
“Son yazısı ilə bəzi məsələləri açıb. Necə tələ qururdu, kimləri trol dəstəsinə salırdısa, bu adam deyib”.
Mehdiyevin alimlərə münasibətinə gəldikdə professor deyib ki, uzağa getmək lazım deyil:
“30 ildir bu adam məni qara siyahıya salıb. Nə universitetlərə, nə televiziya kanallarına, nə Milli Məclisə buraxırdı. Neçə dəfə namizədliyimi vermişəm, amma elə adamları qabağıma çıxarıb və resurslarını hərəkətə gətirib ki, mən oradan keçməyim. Onun milli alimlərə olan münasibəti budur. 30 illik yazılarım üst-üstə yığılıb. Ramiz Mehdiyevin xidmətidir ki, onlar çap edilməyib. 15 il əvvəl Yazıçılar Birliyinin sədri Anar müəllim ona məktub yazdı ki, prezidentin lazımlı əsərlərin çap edilməsinə dair fərmanı var və Firudin Cəlilovun da kitabları lazımlıdır və siyahıya salaq. Əvəzində o, mənim kitablarımın çapına imkan vermədi. Neçə dəfə təqaüd məsələm müzakirə edilib, ən yüksək səviyyədə deyilib ki, bu məsələni müsbət həll edin. Amma sənədlərim Ramiz Mehdiyevin masasından keçməyib. Bu, onun milli alimlərə olan münasibətidir və çoxdan bəllidir”.
Professorun fikrincə, Ramiz Mehdiyevin AMEA-da oturub bu elm ocağını idarə etməsi heç kimə başucalığı gətirmir: “Mehdiyev ictimai məhkəməyə çıxarılmalıdır. Son 30 ildə kimin başına nə oyun açıbsa, bunlar açılmalıdır”.
Firudin Cəlilov qeyd edib ki, 1990-cı ilin ortalarında akademik Cəlal Əliyevlə görüşüb və bu görüş zamanı Mehdiyevlə bağlı maraqlı fikirlərin şahidi olub:
“Cəlal müəllim Nizami Xuduyevi yanıma göndərmişdi, Nizami müəllim dedi ki, sizinlə görüşmək istəyir. Dedim, Cəlal müəllim ağsaqqal adamdır, özüm gələrəm yanına. Cəlal müəllimlə evinin qarşısında görüşdük, xeyli söhbət etdik. Dedi ki, qanım qaradır. Səbəbini soruşduqda bildirdi ki, var gücü ilə çalışıb ki, Ramiz Mehdiyev Heydər Əliyevin yanına düşə bilməsin. Çünki Ramizin kim olduğunu bilir. Rəhmətlik Cəlal müəllim də Ramizin kimliyini bilirdi”.
Professor qeyd edib ki, Ramiz Mehdiyev təkcə alimlərə deyil, sadə insanlara da zərər vurub: “Bunlar ciddi məsələlərdir, o qədər də sadə görünməməlidir”.