BAXCP sədri Qüdrət Həsənquliyev AMEA-nın mətbuat xidməti tərəfindən yayılmış açıqlama ilə bağlı "Moderator.az" saytına müsahibə verib. Teleqraf.com müsahibəni təqdim edir.
- Qüdrət bəy, AMEA-nın mətbuat xidməti tərəfindən yayılmış siyasi xarakterli açıqlama ilə yəqin ki, tanış olmusunuz, nə baş verir?
- Bəli, tanış olmuşam və sözün həqiqi mənasında növbəti dəfə təəccübləndim. Ramiz Mehdiyev uzun illər iqtidarda qeyri - rəsmi ikinci şəxs olub və yeni müstəqillik əldə etmiş ölkəmizdə mövcud siyasi münasibətlər və hüquq sisteminin formalaşmasında əsas rollardan birini oynayıb. Məhz bu səbəbdən də elmin və təhsilin vəziyyətinə, korrupsiyanın səviyyəsinə və iqtisadiyyatın inkişafına görə də məsuliyyət daşımalı ikinci şəxs olmalıdır. O, həm də uzun illər "Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın " sədri və Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. Ölkədə ciddi rezonans doğurmuş ən böyük korrupsiya cinayətləri, o cümlədən Beynəlxalq Bankda baş vermiş 10 milyard dollarlıq korrupsiya hadisəsi, xalqımızı sarsıtmış Ordudakı "Tərtər işgəncələri və qətliamı" da həmin dövrə təsadüf edir. İqtidarın apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən "İnkişafın Azərbaycan modeli" kitabının müəllifi də bir başqası yox, odur.
Ona qarşı mətbuatda çıxış edən şəxsləri mövqe dəyişikliyində ittiham edən R.Mehdiyevin özünün mövqeyindəki dəyişikliklər göz önündədir. Bir vaxtlar lənətlədiyi, Qərbdəki ermənipərəst dairələrə xidmətdə ittiham etdiyi şəxslərin leksikonundan onu tənqid edənlərə qarşı istifadə edir, ünvanına yönələn tənqidləri - "diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmaq cəhdi" - kimi qiymətləndirir, seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan edir.
Hamı bilir ki, iqtidrda hər zaman seçkilərin hazırlanması və keçirilməsini o təşkil edib. Görünür, yaşı və ola bilsin kimlərəsə qarşı hüdudsuz nifrəti imkan vermir başa düşsün ki, ermənipərəst dairələrin açıq və ya üçüncü şəxslər vasitəsilə himayə etdiyi bəlli düşərgəyə bu formada yarınma cəhdi nə onların ona münasibətini dəyişməyəcək, nə də həmin düşərgənin mövqeyini gücləndirməyəcək, əksinə, həm xalqın arasında, həm təmsil olunduğu siyasi partiyada çoxlarının acı təbəssümü və hiddəti ilə üzləşəcək.
Mən baş verənləri daha çox onun yaşlanması ilə əlaqələndirmək istərdim. Prezident onu Administrasiyanın Rəhbəri vəzifəsindən azad edəndə onun sağlamlıq durumu o qədər də qənaətbəxş deyildi və o siyasi arenanı hörmətlə tərk etməliydi. Prezident bunu etməsi üçün ona hər cür şərait yaratdı, onu şəxsən qəbul edib xidmətlərinə görə ən ali ordenlə təltif etdi.
Siyasət də idman oyunu kimi bir şeydi. Stadionda on minlərin alqışladığı bir oyunçu vaxtında getmədikdə dünən onu alqışlayanlar bu gün onu fitə basır. Zamanında onu tərifləyənlərin çoxu bunu onun şəxsiyyətinə görə yox, tutduğu mühüm posta görə edirdi. O da zamanla çoxlarına münasibətdə bu cür davranıb və davranmaqda davam edir. Ona görə də zamanla onu tərifləyib bu gün tənqid edənlərə münasibətdə əsəbləşməməlidir. Bəzən insanlar dəyişəndə haqlı olaraq onlara münaisbət də dəyişir. Düşünürəm hər kəs bunu başa düşür, o cümlədən kifayət qədər təcrübəli R.Mehdiyev də. Heç kim ölənlə ölmək istəmir, hətta əzizləri belə. Siyasətdə isə insanları ictimai və dövlət maraqları, oxşar siyasi baxışlar və iddialar birləşdirir.
- Başqalarını mənəvi dəyərlər prizmasından ittiham edən Mehdiyev bu gün Prezidenti tərifləyib, amma onu, həm də üzvü olduğu partiyanın sədrini birbaşa hədəfə çevirən açıqlamalarla çıxış edir, bəs bunun adı nədir?
- O, insani dəyərlərə üstünlük versəydi, vaxtında istefa verməklə zamanında onun haqqında xoş söz deyənləri bu gün pis vəziyyətdə qoymazdı. Onun "mübarizəsi" ona görə qeyri-ciddi qəbul olunur ki, yaşına görə təbiətə və özünün də aid olduğu, Allah tərəfindən bu cür kodlaşdırılmış insan təbiətinə qarşıdır. Bu isə nonsesdir. R.Mehdiyev bunları başa düşməmiş deyil. O tənqid edib aşağılamağa çalışdığı insanlardan yaxşı mənada fərqlənməyib, yalnız vəzifəsi olub. Bu gün cəmiyyətin böyük bir hissəsi, hətta onu hörməti olmuş insanların bir qismi onun niyə və kiminlə mübarizə apardığını başa düşə bilmir. Ona dirəniş göstərmək barədə kənardan tapşırıq verilibsə belə, yaşını və sağlamlığını səbəb kimi göstərib bu alçaldıcı qarşıdurmadan yayına bilərdi.
Onun AMEA-da "səliqə-səhman" yaratmaq, korrupsiyaya qarşı mübarizə aparmaq istəyi barədə iddiaları da heç bir sağlam məntiqə sığmır.
Korrupsiyaya qarşı mübarizə komissiyasın sədri və ölkənin ikinci səlahiyyətli şəxsi kimi bunu zamanında edə bilməyibsə, əgər həqiqətən belə hallar varsa, doğrudanmı düşünür ki, indiki ahıl yaşında nələrisə yaxşılığa doğru dəyişə bilər. Deməli, məqsəd başqadır.
Sonda onu deyə bilərəm ki, gənc ailə üzvüləri ona mənasız intiriqalara son qoyub düzgün qərar qəbul etməkdə kömək etməlidir. Bunu ilk növbədə R.Mehdiyevin özü və ailəsi üçün, həm də ölkəmizdə siyasi mühitin təhlükəli həddə qədər çirklənməməsi naminə etmək lazımdır.