Ramiz Mehdiyev AMEA-nın mətbuat ximətinə yeni rəhbər təyin edib və lazımi təlqinlərini də edib.
Akademiya ətrafında cərəyan edən hadisələrə o qədər də vaqif olmayan xanım-rəhbər isə dövri mətbuatda bu AMEA prezidenti ilə bağlı gedən yazılara sırf təəssübkeşlık mövqeyindən yanaşaraq, kifayət qədər səthi əqli qənaətlərə meydan verib. Məgər bu qocaman müəssisənin institut direktorlarının, tanınmış akademiklərinin, ölkə ziyalılarının, partiya liderlərinin, deputatların, eləcə də əhalinin böyük kəsminin Ramiz Mehdiyevlə bağlı söylədiyi fikirləri saymazdan gələrək kimisini“avtobus müxalifəti”, kimisini pulla (?) seçilmiş deputat adlandırmaq naşılıq deyilmi ? Bu az qala hərəkata çevrilmiş axına qarşı əli yalın çıxmağa bənzər bir davranış, bəlkə də mənasız kamikadzelikdir. Axı, tənqidi xarakterli yazıların müəlliflərinin şəxsi deyil, ictimai motivli istəklərlərdən, onlarin millətin və Vətənin, o cümlədən də onun vazkeçilməz parçası olan “beyin mərkəzımizin”- Milli Elmlər Akademiyasının müasir tələblər səviyyəsində olmaması qayğilarından irəli gəldiyini başa düşmək o qədərmi çətindir?
Sizin dediyiniz sifarişlərlə hərəkət edirlər qənaəti heç bir tənqidə dözmür.
Çünki bu mövzuda Müsavat Partiyasının başqanı Arif Hacılının, Milli Fikir Mərkəzinin başqanı İsa Qənbərin, kifayət qədər müstəqil mövqeləri ilə seçilən professor Qulu Məhərrəmlinin, jurnalist Elçin Şıxlının da tənqidi fikirlər səsləndirmələri sifariş kəlməsinin nə qədər cəfəng olduğunu təsdiq etmirmi? Elə mən də bu sifariş sözünə bənd olub bu yazını yazmağa məcbur oldum.
Məgər elmi-texniki inqilab əsrində elmin nəhəng məhsuldar qüvvəyə çevrildiyi və hər gün yeni çağrişlarla çıxış etdiyi bir zamanda bu elm müəssisəsinin başında duran insanın ahıl, enerjisi tükənmiş, üstəlik də humanitar sahənin səriştəsiz nümayəndəsi olması nonsens deyilmi? Tənqidçilərin mülahizələrinə diqqət edək: Akademiyada xaos hökm sürür, az-çox yaradıcılıq mühiti də məhv edilib, əvəzində avtoritar idarəçilik metodları bərqərar edilib, intriqa, dedi-qodular baş alıb gedir, rəhbərlik proseslərə doğru-düzgün istiqamət vermək iqtidarında deyil, göz görə-görə bu elm məbədi olmalı məkan məhv edilir. Ardınca da konkret faktlar, ürək göynədən misallar gətirilir. Açıq-aşkar görünməkdədir ki, hər şey bir adamın xəstə ambisiyalarına qurbn verilməkdədir. Hələ onun tərcümeyi-halı ilə bağlı ürək bulandıran digər faktları demirik. Adam niyə dirənir, bəlkə 44 günlük müharibədə qələbələrimizin ilhamçısı və təşkilatçısı olub, bəlkə elmimizə verdiyi “misilsiz töhvələr” onu bu cür hərəkətlərə vadar edir, bəlkə “əvəzedilməz” olması inancı onu bihuş edib, reallıqları qavramağa imkan vermir.
Yox, bir də yox. Bunlar hamısı hakimiyyət ehtiraslarının, bəlkə də kimlərinsə də təşviqi ilə ümidsiz də olsa hakimiyyət uğrunda mübarizənin can verməkdə olan təzahürləridir. Dərin təhlil daha miqyaslı, daha uzağa gedən nəticələrə gəlməyə imkan verər. Bu haqda daha sonra.
Ramiz müəllim, müharibədən qələbə ilə çıxmış, öz qələbəsini hələ sülh müqaviləsi ilə möhkəmlədə bilməmiş ölkədə vəziyyəti süni surətdə gərginləşdirilməsinə, ətrafa nifaq və qarşıdurma toxumları səpilməsinə nə ehtiyac var. Sağa-sola tənqidlər yağdırıb deputatlardan tutmuş partiya liderlərinə qədər hamıya qaralama kampaniyası başlatmağın özü bir qabahət deyilmi? Bunlar çatışmazlıqlardırsa, bunlarda Sizin heçmi günahınız yoxdur?
Kimlərsə bu polemikalardan zövq alıb seyrçi mövqedə dayana bilər. Axı bütün bu baş verənlərin bizi, ölkəmizi strateji hədəflərdən yayındırmaq məqsədi güddüyünü görməmək mümkün deyil. Gündəmimizdə bu məsələnin Qordi düyününə çevrildiyini, bu düyünün açılmasına mütləq Herakl qılıncının lazım olduğunu hələki düşünmürəm. Yəni, əqlin, zəkanın qalib gələcəyinə inamım qalır.
Yox, qarşıdurmanın daha da dərnləşdirilməsi, cəmiyyəti mənasız polemikalarla taqətdən salinması xətti seçilərsə hər kəs öz günahına görə cavab verməli olacaq.
Qabil Hüseynli, professor.