“Aqroekspress” layihəsinin Azərbaycanda həyata keçirilməsi Azərbaycanın və Rusiyanın tranzit və logistika potensialından daha səmərəli istifadəyə imkan yaradacaq, regionun nəqliyyat-ticarət statusunu gücləndirəcək”.
Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xaçmazda “Aqroekspress” layihəsinin Azərbaycanda fəaliyyətə başlaması çərçivəsində ilk yük qatarının yola salınması ilə bağlı keçirilən təntənəli mərasimdə deyib.
"Aqroekspress” layihəsinin verdiyi üstünlüklər zamanla region ölkələri üçün də cəlbedici ola bilər. Axı gələcəkdə layihə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin marşrutu boyunca da istifadə oluna bilər”, - nazir müavini bildirib.
Onun sözlərinə görə, bu, birgə fəaliyyətdə növbəti uğurlu addımdır və birgə layihələrin uğurla həyata keçirilməsinin bariz nümunəsidir.
“Azərbaycan və Rusiya dost ölkələrdir, strateji tərəfdaşlardır. Sevindirici haldır ki, ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər davamlı şəkildə inkişaf edir. Bizim fəal əməkdaşlıq etdiyimiz bir sıra formatlar, o cümlədən hökumətlərarası komissiya, eləcə də müvafiq strukturlar arasında işçi qrupları var. İkitərəfli səfərlər və görüşlər, həyata keçirilən tədbirlər, hər iki ölkənin iqtisadiyyatına qarşılıqlı sərmayələr, birgə layihələr əlaqələrimizin genişlənməsində mühüm rol oynayır. İkitərəfli əməkdaşlığa dair imzalanmış sənədlər əlaqələrimizin hüquqi əsaslarını daha da möhkəmləndirir”, - S.Məmmədov söyləyib.
“Aqroekspress” sürətli qatarlardan istifadə edərək malların çatdırılması üçün ixtisaslaşmış xidmətdir ki, bu da səmərəli qurulmuş ixrac-idxal logistikası sayəsində çatdırılma müddətlərini azaltmağa və daşınma xərclərini azaltmağa imkan verir. Gözlənilir ki, layihənin uğurla həyata keçirilməsi logistik maneələri aradan qaldırmaqla dəmir yolu ilə qarşılıqlı çatdırılma xərclərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq və bu da öz növbəsində qarşılıqlı ticarətdə rəqabətli və maksimum əlverişli şərait yaradacaq.
Ötən il Azərbaycandan Rusiyaya ixracın strukturunda kənd təsərrüfatı məhsullarının üstünlük təşkil etdiyini nəzərə alsaq, bu layihənin qarşılıqlı ticarətin bu sahəsinin gücləndirilməsinə xidmət edəcəyini gözləmək olar. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 12% artaraq 3 milyard ABŞ dolları səviyyəsinə çatıb. Eyni zamanda, Azərbaycandan ixrac 29%, Rusiyadan idxal isə 5,7% artıb”, - nazir müavini bildirib.
S.Məmmədov qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları üçün bu layihə Rusiya istiqamətində tədarük həcminin artırılması üçün bir növ əlavə stimuldur: “İki ölkənin müvafiq qurumlarının koordinasiyalı işi sayəsində bu layihənin hüquqi, inzibati və texniki xarakterli bütün məsələləri həllini tapıb. Bu gün Rusiya tərəfi Azərbaycanın 227 müəssisəsindən pomidorun, 77 müəssisədən isə almanın ölkəyə idxalına müvafiq icazə verib. Həmçinin Rusiya tərəfi Azərbaycandan meyvə-tərəvəzin vaqonlarla daşınmasına icazənin müddətini 2022-ci il aprelin 1-dək uzadıb. “Aqroekspress” layihəsinin həyata keçirilməsi həm də avtomobil nəqliyyatı ilə hər iki istiqamətdə yüklərin daşınması yükünü xeyli azaldacaq və bununla da yük maşınlarının sərhəddə yığılıb qalması problemini aradan qaldıracaq”.
Nazir müavini “Aqroekspress” layihəsinin tətbiqi ilə yükdaşımalarda əlavə imkanlar yaranacağına və bu layihə sayəsində ikitərəfli əməkdaşlığın genişlənəcəyinə, ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənəcəyinə əminliyini ifadə edib.
“Hesab edirəm ki, layihənin nəticələri özünü çox gözlətməyəcək və çox tezliklə biz görülən işlərin real bəhrəsini görəcəyik”, - S.Məmmədov fikrini yekunlaşdırıb.