Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Musa müəllim, Azərbaycan-Türkiyə münasibətlərində Şuşa Bəyannaməsi ilə yeni bir strateji yol xəritəsi müəyyənləşib. Hədəflər nədən ibarətdir?
- Şuşa Bəyannaməsi hər iki dövlətin, bütövlükdə bölgənin və türk dünyasının tarixində əhəmiyyətli siyasi bir sənəd hesab edilir. Bunun əhəmiyyətinini yalnız 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə müqayisə etmək olar. Həmin dövrlə indiki şərait arasında olduqca böyük fərq var. Dünya gücləri formalaşıb. Qütbləşmələr mövcuddur. Artıq atom dövründə yaşayırıq. İmperializm özünü yeni bir sifətdə, neoimperializm şəklində büruzə verir. Bölgəyə həddən artıq maraq var. Bütün bunların hamsını nəzərə aldıqda Şuşa Bəyannaməsinin qəbul edilməsi tək Azərbaycanın və Türkiyənin deyil, bütövlükdə bölgənin həyatına əməkdaşlıq, sülh, tərəqqi və dostluq gətirəcək bir sənəddir.
- Kənar təzyiqlər üçün sənədin təsir imkanları nə dərəcədə güclüdür?
- Azərbaycanı açıq və gizli şəkildə təhdid edən, Ermənistanı dəstəkləyən qüvvələr üçün bu sənəd sipər rolunu oynayacaq. Başqa bir mühüm əhəmiyyəti isə türk dövlətləri və millətinin birliyi üçün Şuşa Bəyannaməsi bir mayak rolunu oynayır. Bəyannamənin Azərbaycan və Türkiyə Parlamentində təsdiqi alqış və coşquyla qarşılandı. Xalqımız da bu sənədə böyük sevinc və ehtiramla yanaşır. Bu, gücümüzə güc qatan, birliyimizi daha da möhkəmləndirən amildir. Bununla təhlükəsizliyimiz, əməkdaşlığımız yeni bir zirvəyə qalxmış olacaq. Ona görə də Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini biz uzun illər hiss edəcəyik.
- Eyni zamanda bölgədə yeni əməşdaşlıqların formalaşması üçün də çox vacib sənəd oldu...
- Azərbaycan Prezidenti və qardaş ölkə rəhbərinin irəli sürdüyü “3+3” platformasında əməkdaşlığın bütün region dövlətləri üçün faydalı olacağı qaçılmazdır. Zəngəzur dəhlizinin açılması fonunda bölgədə kommunikasiyaların işlək vəziyyətə gəlməsi iqtisadi fəallığa yol açacaq. Bu da sülhə və əməkdaşlığa çox ciddi töhfə olacaq.
- Post-müharibə dövründə bölgədə proseslərin inkişafını, gedişatı necə qiymətləndirmək olar?
- Post-müharibə dövrünə Azərbaycan 2020-ci ilin 11 noyabrından başlayıb. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından, Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan artıq post-müharibə dövrünü yaşayır. Məqsəd də odur ki, ilk növbədə müharibənin vurmuş olduğu iqtisadi, siyasi, mənəvi, hərbi zərər aradan qaldırılsın. Eyni zamanda qısa zamanda azad edilmiş ərazilərdə aparılan quruculuq-abadlıq işləri geniş vüsət almağa başladı. Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri bir daha onu göstərir ki, Azərbaycan çox cəsarətlə, sürətlə, prinsipial şəkildə post-müharibə dövrünün quruculuq işlərinə başlayıb. Ölkə başçısının Sərəncamları ilə yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları və eyni zamanda azad edilmiş bölgələrin inkişafı üçün mühüm addımlar atılır. Şəhərlərin baş planlarının təsdiqlənməsi, infrastruktur və sosial obyektlərin istifadəyə verilməsi təmin edilir. Füzuli Beynəlxalq Aeroportunun qısa zamanda istifadəyə verilməsi, Zəfər yolunu inşası, Murov dağının altından Kəlbəcərə gedəcək tunelin tikinti işlərinin aparılması dövlətimizin bu məsələdə olan prinsipiallığının bariz nümunəsi hesab edilir.
- Sahibkarların, investorların azad edilmiş bölgələrə cəlb edilməsi ilə bağlı dövlət başçısı xüsusi təşəbbüslə çıxış etdi. Proses necə təşkil olunmalıdır?
- Dövlət başçısının Ağdama səfəri zamanı mühüm sosial obyektlərin, xəstəxana, mehmanxana, yaşayış binalarının təməli qoyuldu. Yaşıl enerji istehsalı ilə bağlı elektrik stansiyalar quruldu. Eyni zamanda digər zəruri infrastruktur obyektlərinin təməli qoyuldu. Bütün bunlar onu göstərir ki, Azərbaycan qısa müddətdə bu bölgələri abadlaşdırmaqla yeni bir Qarabağ, yeni bir Şərqi Zəngəzur planları olduqca ciddidir. Yerli və xarici investorların azad edilmiş bölgələrə cəlb edilməsi Azərbaycana dost dövlətlərin Qarabağın tikintisində iştirak etməsi mühüm önəm kəsb edir. Bu, gələcəkdə Azərbaycanın biznes qurumları ilə faydalı əməkdaşlığı üçün də bir zəmin formalaşdıracaq. Həmçinin bölgələrdə quruculuq-abadlıq işləri kommunikasiyaların açılmasını şərtləndirən amil hesab edilir. Kommunikasiyaların açılması ilə bölgədə əməkdaşlıq, sülh üçün zəmin formalaşa bilər. Ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması fonunda sərhədlərlə bağlı proses də sürətlənəcək. Ümumilikdə isə bu il bölgəmiz üçün əlamətdar, uğurlu və maraqalı hadisələrlə dolu bir təqvim kimi tarixə düşəcək.