Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovla Rusiyanın ölkəmizdəki səfirinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında bütün sahələrdəki səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs olunub, əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının xüsusi rolu qeyd edilib. Bildirilib ki, faydalı əməkdaşlıq gömrük orqanlarının fəaliyyətində, istər beynəlxalq, istər regional səviyyəli görüşlərdə və tədbirlərdə də öz əksini tapıb.
Xüsusilə qarşılıqı ticarət dövriyyəsinin artırılması, hər iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılmasında gömrük xidmətlərinin mühüm rol oynadığı diqqətə çatdırılıb.
Görüşdə Rusiya ilə sərhəddə yerləşən “Samur”, “Xanoba” və müqabil tərəfdəki gömrük postlarında mövcud vəziyyət, gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsi məsələləri müzakirə olunub.
Görüşün sonunda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskixə gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.