Rusiyanın Ukrayna ilə sərhədə ağır hərbi texnika yerləşdirməsi ilə bağlı məlumatlar yayılıb. Qərb mətbuatının yazdığına əsaslansaq, Rusiya 130 min hərbi qulluqçusunu burada hazır vəziyyətdə saxlayır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
O qeyd edib ki, qarşı tərəf – ABŞ və onun NATO üzrə müttəfiqləri isə buna qarşılıq vermək və gərginliyin güc balansını qorumaq üçün Ukraynaya hərbi yardımlar göndərir:
"Ötən dövr ərzində ABŞ 500 min tondan artıq hərbi təyinatlı yükü Ukraynaya tədarük edib ki, bunlar əsasən müdafiə xarakterli hərbi yüklərdir".
İlyas Hüseynov deyib ki, Ukrayna məsələsində qırmızı cizgilər hər iki tərəfdən müəyyən olunub:
“Rusiya üçün Qərbdəki tərəfdaşlar tərəfindən təhlükəsizlik zəmanətlərinin verilməsi mühüm xüsusdur. Təhlükəsizlik zəmanəti üç sahəni əhatə edir. Birincisi NATO-nun 1997-ci ildən bu yana olan genişlənməsinin qarşısının alınması, ikincisi NATO-nun 1997-ci ilə qədər olan sərhədlərə geri çəkilməsidir. Çünki 1997-ci ildə imzalanmış sazişə görə, NATO genişlənməyəcəyini və “Soyuq müharibə”dən qalib çıxdığı üçün SSRİ-yə öz sərhədlərində qalacağını söz vermişdi. Üçüncüsü isə strateji əhəmiyyət kəsb edən raketlərin Şərqi Avropada yerləşdirilməməsi və Ukraynada bu cür cəhdlərin edilməməsidir. Bu təhlükəsizlik zəmanətləri ilə bağlı Bayden-Putin görüşləri keçirilmişdi. Rusiya xarici işlər naziri ilə ABŞ dövlət katibi arasında da bir sıra təmaslar qurulmuşdu. Lakin yekun razılıq əldə olunmayıb. Yekun razılığın əldə olunmaması Ukrayna sərhədində olan gərginliyin də artırılmasına xidmət göstərir və münasibətlər kifayət qədər gərgindir. Hər iki tərəf Ukrayna ərazisini özü üçün qırmızı xətt kimi dəyərləndirir. Burada Rusiya güzəştə getmək istəmir, Qərb üçün də Ukrayna cəbhəsində məğlubiyyət domino effekti ilə digər ərazilərə sirayət edə bilər. Qərb analitiklərinin, Qərb hesabatlarının göstərdiyi məlumatlar bundan ibarətdir ki, Rusiyanın əsas məqsədi Xarkov və Mariupol kimi Qara dənizə çıxışı olan bölgələrin ələ keçirilməsidir. Lakin paradoksal olsa da, Kiyev şəhəri boşaldılır, bu isə təhlükəli tendensiyanı formalaşdırır. Həm xarici ölkə vətəndaşları, eləcə də Ukraynada akkreditə olunmuş diplomatlar ölkəni sürətli şəkildə tərk edirlər. Belə bir ehtimal var ki, Kiyev şəhərinə də Rusiya qoşunlarının girmə potensialı formalaşır”.
Müsahibimiz bildirib ki, post-sovet məkanında gedən bütün geosiyasi proseslər bu və ya digər formada həm də Azərbaycanın diqqət mərkəzində olur.
Onun sözlərinə görə, həm Qara dəniz hövzəsində olan proseslər, həm də Mərkəzi Asiyada gedən mühüm geosiyasi dəyişikliklər rəsmi Bakı tərəfindən hər zaman diqqətə alınır:
"Bu xüsusda son dövrlərdə bütün dünyanın diqqətini çəkən Rusiya-Ukrayna problemi də diqqətdən kənarda qala bilməz. Azərbaycan burada gedən proseslərə təbii ki, sülhün, təhlükəsizliyin və dialoq mühitinin qorunması prizmasından yanaşır. Azərbaycan özünün ərzaq təhlükəsizliyini qorumaq baxımından Ukrayna ilə bu sahədə işlərin daha da genişləndirilməsinin tərəfdarıdır. Çünki dünyada ərzaq qiymətlərində artım var və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən prioritetlərin Ukraynanın hesabına həll edilməsi bu gün gündəlikdə duran əsas məsələlərdən sayılır. Azərbaycan Ukrayna ilə Rusiya arasında olan münasibətlərin də siyasi-diplomatik müstəvidə həll olunmasının tərəfdarı kimi çıxış edir. Çünki biz bir zamanlar eyni dövlətin tərkibində yaşamışıq. Bu baxımdan Rusiya və Ukrayna ilə tarixi və strateji əhəmiyyət kəsb edən münasibətlər formalaşıb”.
Politoloq qeyd edib ki, Ukrayna ilə Azərbaycan arasında olan münasibətlərin əsas özəyini ərazi bütövlüyü təşkil edir. Onun sözlərinə görə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanıyır və dəstəkləyir ki, bu da çox önəmli amildir.
İlyas Hüseynov bildirib ki, Rusiya isə bizim şimal qonşumuzdur və Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər mövcuddur: “Bu münasibətlər həm də strateji əhəmiyyət kəsb edir. Bu baxımda Rusiya ilə Ukrayna arasındakı gərginliyin səngiməsi və öz normal məcrasına qayıtması rəsmi Bakının istəkləri sırasındadır. Bu məsələlərin eskalasiya yoluna qədəm qoyması da Bakı tərəfindən narahatlıqla qarşılana bilər. Çünki bizim Gürcüstan vasitəsilə Qara dənizə çıxışımız var. Azərbaycanın karbohidrogen ehtiyatları Gürcüstan vasitəsilə Qərbə nəql olunur. Həm Bakı-Tbilisi-Ceyhan, həm Cənub Qaz Dəhlizi, həm də Azərbaycanla Qərbi bağlayan strateji avtomagistral xətti məhz Gürcüstan ərazisindən keçir”.
Politoloq qeyd edib ki, tərəflər arasında olası məğlubiyyət və ya qalibiyyət digər ərazilərə də sirayət edə bilər:
“Çünki Qara dəniz hövzəsində Rusiyanın geosiyasi maraqları ilə uzlaşmayan və ona əks siyasət yürüdən ölkələr sırasında Ukraynadan sonra Gürcüstan dayanır. Hər iki tərəf artıq öz strateji prioritetlərini Qərblə uyğunlaşdırırlar. Həm Avropa İttifaqı ilə vizasız əlaqələrin qurulması, həm də Avropa İttifaqı, eləcə də NATO çərçivəsində bir sıra təlim, seminar və tədbirlərin həyata keçirilməsi faktı var. Buna görə də rəsmi Tbilisi, rəsmi Kiyev Rusiyanın geosiyasi orbitindən uzaqlaşır və bu uzaqlaşma getdikcə güclənməkdədir. Təbii ki, Qərb də Ukrayna və Gürcüstanı dəstəkləyir. Buna görə də fikir haçalanması, təzadlı məqamlar və ziddiyyətlər formalaşır. Ukraynada olan problemlərin özəyində də elə bu cür yanaşmalar dayanır. Ukrayna üçün önəmli olan bir məsələ NATO-ya üzvlükdür ki, bu məsələdə də Brüssellə Kiyev arasında fikir ayrı-seçkiliyi var. Həm korrupsiyanın kökünün kəsilməməsi, həm də demokratik institutların və standartların tam bərqərar olmaması ölkəni NATO üzvlüyünə qəbuldan daha da uzaqlaşdırır. Lakin bütün bunlar bəhanələrdir. Ukraynanın ərazi bütövlüyünün pozulması, yəni cənub-şərqində separatçı cərəyanların formalaşması, eləcə də Krımın ilhaqı ölkənin NATO üzvlüyünü çətinləşdirəm məqamdır. Odur ki, bu faktorlar aradan qaldırılmayanadək NATO Ukraynanı üzvlüyə qəbul etməyəcək. Çünki Ukraynanın üzvlüyə qəbul edilməsi dərhal NATO nizamnaməsinin V maddəsini işə salacaq. Bu isə NATO-Rusiya müharibəsi ilə nəticələnə bilər. Hazırda diplomatların əsas məqsədi bu gərginliyin aşağı salınması və eskalasiya risklərinin minimallaşdırılmasıdır. Azərbaycan da tərəflərin məsələlərə bu cür həssasiyyətlə yanaşmasının tərəfdarıdır. Eyni zamanda Azərbaycan burada vasitəçilik imkanlarını da əlində saxlayır. Azərbaycan indiyədək bir sıra dövlətlər arasında siyasi dialoq mühitinin, etimad atmosferinin formalaşmasında öz təşəbbüslərini göstərib”.
Politoloq daha sonra deyib:
“Eyni zamanda Qara dənizə çıxış imkanı olan ölkələrdən biri də qardaş Türkiyədir. Türkiyə də məsələlərin diplomatik-siyasi müstəvidə həllinin tərəfdarıdır. Mənə elə gəlir ki, bu çox düzgün rakursdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi görüşləri bundan ibarətdir ki, tərəflər məhz elə Türkiyədə görüşə bilərlər. Türkiyədə Zelenski-Putin görüşü təşkil oluna bilər ki, eskalasiya aradan qaldırılsın. Bunun baş tutması Türkiyənin, eləcə də Tayyib Ərdoğanın qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bütün dünyanı ciddi şəkildə narahat edə bilən geosiyasi proseslərdə dönüş nöqtəsi tapmaq lazımdır və tərəflər arasında uyğun baxışları formalaşdırmaq ən önəmli məsələdir”.