Sülh hamının gözlədiyi bir məsələdir. Azərbaycan hər zaman olduğu kimi öz mövqeyini birmənalı olaraq ortaya qoyub. Ağdama səfərində də ölkə başçısı Azərbaycanın sülh prosesinə olan yanaşmasını bir daha səsləndirdi. Vurğulandı ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Amma müharibənin bitməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq erməni tərəfi sülhdən mümkün qədər boyun qaçırmağa çalışır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Ermənistan tərəfi bir çox hallarda sözdə sülhə hazır olduğunu bəyan etsə də real bu müşahidə edilmir:
“Bu günlərdə Ermənistan XİN təmsilçilərinin xoşagəlməz açıqlamaları da mənasız bir yanaşma hesab edilir. Çünki Qarabağ müharibəsi bitib. Qarşı tərəfin bu məsələ ilə bağlı olan iddialarının isə heç bir əsası yoxdur”.
Millət vəkilinə görə, Ermənistanda hakimiyyətdə olan qüvvələr müxtəlif təzyiqlər altındadır:
“Ona görə də müstəqil siyasət yürüdə və qərar verə bilmir. Bu da qarşı tərəfin götürdüyü öhdəliklərə belə normal yanaşma sərgiləməməsinə səbəb olur. Ermənistanın düşmüş olduğu ağır sosial-siyasi durum ölkə daxilində xaos yaradıb. Ağır məğlubiyyətin fəsadları fonunda erməni cəmiyyəti çıxış yolu belə tapmaqda çətinlik çəkir”.
Aqil Məmmədova görə, Ermənistana havadarlıq edən qüvvələrin onlara vermiş olduğu vədlərin nəticəsində də bu gün anlaşılmaz bir durum yaranıb:
“Onların erməni ordusu və digər amillərlə bağlı səsləndirdiyi fikirlər isə sadəcə olaraq sözdən ibarətdir. Çünki II Qarabağ müharibəsində Ermənistan ordusu tamamilə məhv edilib. Ermənistanın bundan sonra real müqavimət imkanları sıfıra bərabərdir. Ona görə də bu ölkə üçün yeganə çıxş yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaqla beynəlxalq hüquqa uyğun olaraq qarşılıqlı sülh müqaviləsi imzalamaqdan ibarətdir. Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqla düşdüyü ağır sosial-iqtisadi problemlərdən qurtula bilər. Əks halda yaxın müddətdə Ermənistanda bir nəfər də olsun erməni qalmayacaq. Bu isə Ermənistanın gələcəyi üçün hansı fəsadlar yarada bilər. Bunu yəqin ki, bilməmiş deyillər”.