Erməni separatçılarının Qarabağ ərazisində mövcudluğu 2020-ci ilin 10 noyabrında imzalanmış bəyanata tamamilə ziddir. Onlar qeyri-qanuni şəkildə orada mövcuddur. Azərbaycanın əsas tələblərindən biri də odur ki, məlum bəyanatın bəndləri icra edilsin. Bununla da Qarabağda əli silahlı heç bir erməni qalmasın. Azərbaycanın mövqeyi məhz budur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun fikrincə, hadisələrin son xronikası onu göstərir ki, Qarabağdakı qanunsuz erməni silahlılarının fəaliyyətində bir sıra intensivlik müşahidə edilir:
“Onların fəallığı da suallar yaradır. Qondarma rejim özü üçün absurd konstitusiya islahatlarını da ortaya atıb. Yenidən iddialarla çıxış edir. Bu motivlərin nə ilə bağlı olduğu suallar yaradır. Birdən-birə onların fəallaşmasının izahı maraqlıdır”.
Millət vəkili eyni zamanda Rusiya-Ukrayna arasındakı məsələyə toxunaraq bildirib ki, Rusiya-Qərb arasında son dərəcədə mürəkkəb situasiya yaranıb:
"Belə bir reallıqda Rusiya Dövlət Dumasının deputatları prezident Vladimir Putinə müraciət ediblər ki, qondarma Luqansk və Donetsk xalq respublikaları kimi tanınsın. Çünki bu Rusiya prezidentinin səlahiyyətində olan məsələdir. Dövlət Duması bunu həll edə bilməz. V.Putin isə hələ ki, bu məsələdə gözləmə mövqeyindədir. Qarabağda hələ də qalmış olan separatçı rejimin tör-töküntüləri Rusiya prezidentinin Ukrayna ərazisindəki qondarma rejimləri tanınması ilə bağlı qərarını səbirsizliklə gözləyir. Görünür, bu yanaşmalar onlara impuls verir. Amma Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, əgər Ermənistanda hər hansı bir revanşizm baş qaldıracaqsa, ölkəmizə qarşı hər hansı bir təhlükə yaranacaqsa, Müzəffər Odrumuz yenidən hərəkətə keçəcək. Ermənistanın müdafə etdiyi separatçı rejim üçün də hər şeyin sonu olacaq. Dəmir Yumruq yerindədir. Bunu Ermənistan və onun əlindəki oyuncaq separatçı rejimin tör-töküntüləri unutmamalıdır”.
Elman Nəsirov NATO və ATƏT sədrinin Azərbaycan Prezidenti ilə zənglərinin və müzakirə olunan məsələlərin böyük siyasi əhəmiyyətinin olduğunu qeyd edib:
“Geosiyasi reallıqlar fonunda NATO və ATƏT rəhbərliyi ölkəmizin təsirli mövqeyini dərk edir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu hər kəsə bəllidir. Avropanın enerji anbarları faktiki fəlakətli vəziyyətdir. Rusiya-Ukrayna müharibəsinin başlaması isə qazın min kub metrinin min yox, artıq 3 min dollara qalxacağı ehtimalını gücləndirib. Azərbaycanın bu reallıqda müstəsna rolunu təsəvvür etmək çətin deyil. Ona görə də NATO və ATƏT rəhbərliyi Azərbaycan Prezidentinə zəng edir və onunla məsləhətləşmələr aparır”.