“Donbasda atəşkəsin pozulması mütəmadi xarakter daşıyırdı. Bu, vaxtı ilə bizim Qarabağdakı vəziyyətə bənzəyirdi. O vaxtda atəşkəs elan olunmuşdu, amma erməni separatçılar gündə bəzən 50 dəfə atəşkəsi pozurdular. Buna baxmayaraq təmas xətti mövcud idi. Əlbəttə diversiya, helikopterlərlə müdaxilə cəhdləri də olurdu. İndi Ukraynadakı durum bizim Qarabağ müharibəsindən öncəki vəziyyəti xatırladır. Sadəcə olaraq ağır texnikadan istifadə olunur”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Deputat istisna etmir ki, əvvəl deyildiyi kimi Ukraynaya böyük hücum lokal hücumla əvəzlənə bilər:
“Əslində Rusiya tərəfindən Donbasda hər şey hazırdır. Bu hər zaman baş verə bilər. Bəhanə də tapılar. Günahı da tərəflər bir-birinin üstünə ata bilər.
Mümkündür ki, lokal əməliyyatlar vasitəsilə azov dənizindən Ukraynanın Maripul şəhərinə çıxılsın, Krıma quru yolun açılmasına nail olunsun, eləcə də kaxof su anbarına çıxaraq Krım içməli su ilə təmin edilsin. Düşünürəm ki, bu məsələlər gündəmdən çıxmayıb, əksinə hər zaman Rusiyanın toplandığı qüvvələr bunu həyata keçirə bilər.
İkincisi diqqət çəkən məqam odur ki, ruslar Xəzərdən Azov dənizinə həm Volqa-Don vasitəsilə, Həm də Baltik dənizindən desant gəmilərini gətiriblər. Bu o deməkdir ki, bəhs etdiyimiz plandan imtina edilməyib. Əməliyyat təxirə salınmayıb və gündəlikdə saxlanılır. Hesab edirəm ki, bu hər an baş verə bilər. Amma böyük miqyaslı müharibə və hücum gözləmirəm”.