Qarabağda olan separatçıların davranışları olduqca narahatlıq yaradan haldır. Son zamanlar onlar sərsəm bəyanatlar səsləndirir, müəyyən addımlar atmağa çalışırlar. Biz o ərazilərdə təxribatların olduğunu, səngərlərin qazıldığı xəbərlərini eşidirik. Hətta Rusiya sülhməramlıları erməni separatçılarının "polisi" ilə birlikdə Azərbaycan maşınlarını yoxlamağa cəhd edirlər. Sözsüz ki, bu hallar qəbul edilməzdir və heç bir halda başa düşülən deyil. Bu, separatçıların revanşist mövqeyindən xəbər verən hallardır.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, separatçıların bu hərəkətlərini stimullaşdıran, onları himayə edən rus sülhməramlılarıdır:
“Rus sülhməramlıları öz üzərinə düşən missiyanı yerinə yetirməlidir. Orada hümanitar missiya adı altına müxtəlif tikintilər edilir. Eyni zamanda həmin əraziləri tərk etməyə çalışan ermənilərin çıxışının qaşısı alınır. Faktiki olaraq separatçı qüvvələrin əməllərinə sülhməramlılar tərəfindən göz yumulur".
Millət vəkili hesab edir ki, bu cür hallara qarşı konkret mövqe sərgilənməlidir:
“Azərbaycanın Baş Prokurorluğunun separatçıların rəhbəri, terrorçu Araik Arutunyanın həbsi ilə bağlı axtarış işlərinin konkret mərhələyə keçidi ilə bağlı açıqlaması olduqca diqqətçəkən oldu. A.Arutunyan həbs olunub, layiq olduğu cəzanı alarsa, bu, Qarabağda hələ də qalmış separatçılara sarsıdıcı zərbə olacaq”.
Fəzail Ağamalıya görə, Azərbaycanın hüquq, mühafizə orqanları antiterror əməliyyatları ilə bağlı konkret qərar qəbul etməlidir:
“Məhz bu yolla separatçıların hərəkətlərinin qarşısı alınmalıdır. Onları buna vadar edənlər cəzalanmalıdır. Təbii ki, Qarabağda yaşamış qanunsuz hərəkətdə iştirak etməyən insanlarla bizim problemimiz yoxdur. Amma separatçılar qarşı əməlliyatlar aparılmalıdır. A.Arutunyanla yanaşı digər terrorçular da Azərbaycan qanunları ilə cəzalanmalıdır”.