Artıq Dağlıq Qarabağ adlı bir problem və inzibati vahid yoxdur. Azərbaycan 2020-ci ilin 27-i sentyabrında erməni təxribatına cavab, BMT Nizamnaməsinə və təşkilatın Təhlükəsizlik Şurasının çıxarmış olduğu 4 mühüm qətnaməyə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edib. Ölkəmiz bununla da beynəlxalq hüququ təkbaşına icra edib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, 30 ilə yaxın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində məsul olan ATƏT-in Minsk qrupu məsələnin həllində heç bir irəliləyişə nail olmadı: “Onların “missiyası” ancaq vaxt uzatmaq, erməni işğalına zəmin yaratmaq olub. BMT TŞ-nin qətnamələri isə bu 30 il ərzində heç bir beynəlxalq təşkilatın yadına düşməyib. Halbuki BMT öz qətnamələrinin sona kimi icra edilməsində maraqlı olan bir təşkilatdır. Azərbaycanla, onun ərazi bütövlüyü ilə bağlı məsələdə isə bu israrçılıq müşahidə edilmədi”.
Millət vəkilinə görə, Azərbaycanın dünya birliyi tərəfindən tanınan, qəbul edilən və bu ərazi prizmasında üzv olduğu təşkilatlardan belə ölkəmizə qarşı ikili yanaşmalar var: “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə özünün çıxış etdiyi prinsiplərə, beynəlxalq hüquqa qarşı bir yanaşma sərgiləyir. Bir dövlətin ərazi bütövlüyünü şübhə altına almaq, digər dövlətin isə işğal faktına bu və ya başqa formada “haqq” qazandırmağa çalışmaq məntiqə sığmır. Ona görə də bu günlərdə Avropa Parlamentinin bitmiş bir münaqişə ilə bağlı sərgiləmiş olduğu mövqe təəssüf doğurur”.
Cavid Osmanova görə, Avropa Parlamentində Azərbaycana qarşı bu cür iddialarda çıxış edənlər əsl reallıqdan məlumatsızdır: “Çünki münaqişə 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatla başa çatıb. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. İndi tərəflər kommunikasiyaların açılması, sülh prosesinə mümkün qədər tez nail olmaq ərəfəsindədir. Belə bir məqamda Ermənistan üçün canfəşanlıq etmək, ermənidən daha çox erməni olmağa çalışmaq məntiqsizdir”.
Xatırladaq ki, “ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format olaraq qalır. Bu barədə Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə 2 gün əvvəl açıqlanan hesabatında deyilir. Sənəddə “regionun sabitliyini və rifahını təmin etmək, eləcə də regional güclərin təsir və müdaxiləsinə qarşı çıxmaq üçün Avropa İttifaqı və üzv ölkələrinin Cənubi Qafqazda daha çox iştirakının zəruriliyi” vurğulanır. Həmçinin Aİ, onun üzv dövlətləri və İnsan Hüquqları üzrə vitse-prezidenti “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı davamlı nizamlamanın tapılmasında fəal iştirak etməyə” çağırılır.
Hesabatın 42-ci maddəsində deyilir ki, ATƏT-in Minsk qrupu bu münaqişənin ərazi bütövlüyü, güc tətbiq etməməsi, öz müqəddəratını təyinetmə və bərabərlik, münaqişələrin sülh yolu ilə həlli prinsipləri əsasında həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qalır. Eyni zamanda MQ-nin mümkün qədər tez vasitəçilik roluna qayıtmasına çağırış edilir, “hərbi əsirlərin qaytarılmasının” vacibliyi vurğulanır.
Sənədin əsas müəllifi Fransadan olan deputat Natali Luazodur.