Yeni təyin olunan icra başçılarından ən böyük gözlənti etimadı doğrultmaları, vətəndaşların rəğbətini qazanmaları, ölkədə gedən islahatları dərinləşdirmək üçün səylər göstərmələridir. Bu gün həqiqətən də bölgələrdə vəziyyəti dərindən təhlil etməyə ehtiyac var. Təhlil mövcud problemlərin həllinə də kömək edəcək. Məqsəd paytaxtla paralel bölgələrdə də canlanma və inkişafı təmin etməkdir. Dövlət başçısının çıxışından da aydın oldu ki, hətta paytaxtda belə bu günə qədər mövcud olan problemlər var. İnkişafa yönəlmiş addımlar bütün sahələrdə atılmalıdır. İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır. Yerlərdə həllini gözləyən problemlərin vaxtında çözülməsi vacibdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, mərkəzi icra orqanlarının burada məsuliyyəti var: “Sadəcə bu orqanlara vaxtında və aidiyyatı üzrə müraciət olunmalıdır. İcra başçılarının insanlarla sıx təmasda olması problemlərlə yerində tanış olmağa və onları vaxtında həll etməyə imkan verir. Bütün məmurlar qarşısında qoyulan əsas vəzifə budur. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Bu yanaşma hər bir məmur üçün nümunə olmalıdır. Müşahidə olunan neqativ faktlar aradan qaldırılmalıdır. Ölkə başçısının söylədiyi kimi: “Yüksək vəzifə yüksək imtiyaz yox, məsuliyyət olmalıdır”. Bu prinsipləri pozanlara qarşı bundan sonra da ciddi tədbirlər görüləcək”.
Millət vəkilinə görə, Prezidentin yeni icra başçılarından, o cümlədən də bütün məmurlardan ən böyük gözləntisi həm də kadrların düzgün seçilməsidir:
“Təcrübə də göstərir ki, düzgün kadr seçimi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Dövlət başçısı da vurğuladı ki, tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır. Bu kontekstdə Vətən müharibəsində qəhrəmanlıq göstərən şəxslərin məşğulluq məsələlərinin həlli olduqca tədirəlayiq haldır".