22 Fevral 2022 09:05
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vəziyyət olduqca gərgindir. Ukraynanı şirniklədirirlər ki, hücum edərək Donbası azad etsin. Donbas da müharibəyə hazırdır və Rusiya da onun arxasında durub. Məncə, Ukrayna Donbasa hücum etsə, Rusiya prosesə qarışacaq. Bu halda böyük müharibə başlayacaq. Bu da dəhşətli olacaq”.

Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

O əmindir ki, Kiyev ordusu Donbasa hücum etməsə müharibənin başlaması sıfıra bərabərdir:

“Bu mənada indi ABŞ Ukraynanı şirnikləndirir ki, müharibə onsuz da olacaq, Rusiya hücum edəcək, siz qabaqlayın. ABŞ istəyir ki, Ukrayna müharibəyə başlasın. Bu müharibə hamıdan çox ABŞ-a lazımdır. Real vəziyyət göstərir ki, Rusiyaya müharibə lazım deyil. Nəzərə almaq lazımdır ki, Rusiya müharibə etsə, təklənə bilər. Odur ki, ruslara müharibəyə başlamaq və ukraynalılarla düşmən olmaq lazım deyil. Əlbəttə, ruslar müharibəyə başlasa təklənəcək, ona qarşı sanksiyalar tətbiq ediləcək. Lakin mənim fikrimcə, sanksiyalarla Rusiyaya heç nə edə bilməzlər. Çünki ruslar qədimdən sanksiya altında yaşamağa alışmış məmləkətdir”.

Partiya sədri bildirib ki, Moskva Ukrayna sərhədinə qoşun toplayıb, amma bu ordu birlikləri ən azı Ukrayna sərhədindən 200 kilometr uzaqda yerləşir:

“Bura isə Ukrayna sərhədi sayıla bilməz. Odur ki, mən rus hücumunu gözləmirəm".

Araz Əlizadə Putinin Ukrayna prezidenti Zelenksi ilə görüşməyi rədd etməsini normal sayır:

“Məncə, bu məsələdə də təhrif var. Əslində Putin deyir ki, əgər ikitərəfli münasibətləri müzakirə ediriksə, buyurun müzakirə edək. Yox, əgər Donbasdakı vəziyyəti müzakirə etmək istəyirsinizsə, mən bunu etməyəcəyəm. Çünki Minsk sazişinə görə, Kiyev özü Donbasla danışmalıdır. Zelenksi isə deyir ki, Donbasla müzakirə aparmayacaq. Amma aydındır ki, Rusiya dəstək verməsə Donbas dirəniş göstərə bilməz. Əlbəttə, mən arzu edirəm ki, Ukraynanın Donbasda sözü keçsin. Amma Ukraynada qatı millətçilərin baş qaldırması adamın dilini qısa edir”.


Müəllif: Nemət

Oxşar xəbərlər