21 Fevral 2022 21:57
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanı son anda Rusiya xilas etdi. Erməni faşizminə son və qətiyyətli zərbənin vurulacağı məqamda Rusiya dövriyəyə girdi və atəşkəs elan olundu. Bundan sonra Rusiyanın zəmanəti və təminatı ilə sanki separatçılar Xankəndidə özlərini rahat hiss etməyə başladılar. Sülhmüəramlıların fəaliyyəti də separatçılarda hansısa rahatlıq verir. Bu mənada hesab edirəm ki, separatçıların davranışına görə, məsuliyyət daha çox rus sülhməramlılarının üzərinə düşür”.

Bu fikirləri Teleqraf.com-a politoloq Oqtay Qasımov Xankəndidəki separatçıların son zamanlar sistemli xarakter alan təxribatlarını şərh edərkən deyib.

O əlavə edib ki, Ermənistan tərəfi əslində məsuliyyəti öz üzərindən atır: “İrəvan sanki Bakıya mesaj verir ki, Qarabağla bağlı bizimlə deyil, Rusiya tərəfi ilə danışın. Bu mənada Rusiya ilə danışıqlar aparılmalıdır. Diqqət edəndə görürük ki, separatçılar dəstək sayəsində ərazidə rus icmasının yaradılması, rus dilinin əsas dil kimi irəli çıxması məsələsini qaldırırlar. Xocalı ərazisində böyük tikinti işlərinin aparılması və sair hallar var. Əlbəttə, bunlar qəbuledilməzdir.

İkincisi, Rusiya tərəfindən yönləndirilən “Hayastan” adlı fond var. Xankəndi və ətrafdakı əsas işlər bu fond vasitəsilə həyata keçirilir. Hesab edirəm ki, bu fond terrorizmi dəstəklədiyi üçün onunla bağlı məsələ də Azərbaycan tərəfindən qaldırılmalıdır. Fondun əsas sponsorları Rusiyada yaşayan və işləyən ermənilərdir. Onlar məncə, rusların izni olmadan belə cəsarətli addım atmazlar.

Üçüncüsü, son zamanlar separatçıların həyasız davranışları və hərəkətləri Rusiyaya bağlıdır. Çünki onlar dəstək olmadan belə addımlara yol verə bilməz. Onlar gərginlik yaratmaqla hesab edirlər ki, Ukraynada vəziyyət gərginləşib və dünyanın diqqəti orada olduğu üçün burada hansısa addımlar ata bilər. Bu mənada Azərbaycan ayıq olmalı və vəziyyəti izləməli, lazım gəldikdə cavab tədbirləri həyata keçirməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər