2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayıb. Əgər biz cənab Prezidentin rəhbərliyi ilə aparılan xarici siyasətə nəzər saldıqda görərik ki, müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir.
Prezident İlham Əliyev Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil. 2008-ci ildə imzalanan Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə 14 il ərzində iki ölkə arasındakı münasibətlərin dövlət başçılarının səyləri nəticəsində yüksək səviyyəyə çatdırılıb. İki ölkə arasındakı əməkdaşlığın səviyyəsi qarşılıqlı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılmasını zəruri edirdi. Bu baxımdan, Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni iki dövlət arasındakı etimadlı münasibətlərin obyektiv nəticəsi kimi də dəyərləndirmək olar. Bəyannamə qarşılıqlı faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək, Azərbaycan-Rusiya münasibətlərinin istər iqtisadi, istərsə də siyasi müstəvidə inkişafına böyük töhfə verəcək.
Ümumiyyətlə, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalayıblar.
Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təqdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətlərimüttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir.2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir. Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir.
Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib.
Xüsusilə, dünyanın böyük ölkələrindən olan və ən əsası ən yaxın qonşumuz olan Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu baxımdan, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir.
Bəyannamə olduqca genişdir - 40-dan çox bənd var və iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir. Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan bu sənədin ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət əhəmiyyət verəcəkdir. Hətta qardaş ölkədən – Türkiyədən olan həmkar dostlarımız da Azərbaycanın bu addımını uğurlu və regionun təhlükəsizliyi üçün əhəmiyyətli hesab edirlər.
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, əziz həmkarım Şamil Ayrım da mətbuata açıqlamasında bildirmişdir ki, “Rusiya və Azərbaycan arasında əlaqələr normal vəziyyətdədir. Qarabağ müharibəsində də Rusiya Türkiyə ilə birlikdə önəmli yeri tuturdu. Bizim bu müqavilədən gözləntimiz bölgədə əmin-amanlığın təminatını yaratmasıdır. Ümumilikdə isə deyə bilərəm ki, bu, ölkə arasında normal prosedurdur.” Bu baxımdan düşünürəm ki, Qoşulmama Hərəkatının yaradıcısı və rəhbərliyində olan Azərbaycanın bütün ölkələrlə, xüsusilə qonşu ölkələrlə tərəfdaş, qarşılıqlı və strateji müttəfiqlik səviyyəsində əlaqələrini qurması bəzi qüvvələrdə qısqanclıq yaratsada, ümumilikdə ölkəmizin və regionun təhlükəsizliyi baxımından önəmli əhəmiyyət kəsb edir.