24 Fevral 2022 11:50
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsindən sonra formalaşmış yeni dünya düzəni, bəşəriyyətin tərəqqisi və humanistləşməsi istiqamətində geniş vüsət alan etik-siyasi təkamül prosesləri etnik, dini, irqi ayrı-seçkiliyə əsaslanan zorakılığın artıq tarixin arxivində qaldığına böyük ümidlər yaratmışdı. Təəssüf ki, yenicə toxumları cücərməyə başlayan bu ümidlər əsrin sonlarına doğru yenidən Avropanın qonşuluğunda alovlanan etnik müharibələrlə sönməyə başladı.

1988-ci ildə Ermənistanda yaşayan 300 min azərbaycanlının öz evlərindən və torpaqlarından qovulması ilə Cənubi Qafqazda Azərbaycanlılara qarşı etnik təmizləmə prosesi başladı. Ermənistanda yerləşən 185 Azərbaycan kəndində yaşayan 300 mindən çox həmvətənimiz öz tarixi torpaqlarından qovuldu, onlara məxsus 31 min yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal qara və bütün əmlakları qarət olundu. Bu əməliyyatlarda 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı. Yüzlərlə soydaşlarımız fiziki işgəncələrə məruz qaldı və şikəst oldular.

Az sonra erməni hərbi birləşmələrinin Azərbaycan ərazisinə təcavüzü Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı daha 7 rayonun işğalı ilə nəticələndi. Qarabağ müharibəsinin ən faciəli səhifəsi isə 7 min əhalisi olan Xocalı şəhərinin yer üzündən tamamilə silinməsi oldu. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistan dövləti tərəfindən hazırlanmış əməliyyat planı əsasında erməni quldurları bir neçə həftə öncədən mühasirəyə alınmış Xocalı şəhərinə hücum etdilər.

Şaxtalı qış gecəsində qaçıb canını qurtarmağa çalışan dinc sakinlər təqib edilərək yollarda və meşələrdə gülləbaran edildilər. Şəhər tamamilə yandırılıb məhv edildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən bu soyqırımı aktı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi.

Bütövlükdə, 33 il davam edən işğal ərzində təcavüzkar Ermənistan havadarlarının köməyi ilə Azərbaycanın, təxminən, 20 faiz ərazisini təşkil edən 12 rayonunda yerləşən 700 yaşayış məntəqəsini öz nəzarətində saxladı. İşğalçı quldur dəstələri 20 mindən çox azərbaycanlını vəhşicəsinə öldürdü, 4 minə qədər dinc əhali əsir düşdü. Əsir götürülənlərin əksəriyyəti uşaq, qadın və qocalardan ibarət idi. İtkin düşmüşlərin sayı 4965 nəfər oldu. Onlardan 320 qadın, 69 isə uşaq idi. 1 milyona yaxın azərbaycanlı öz doğma yuvalarından qovularaq qaçqına və məcburi köçkünə çevrildi.

Bütün bu hadisələrin cərəyan etdiyi zamanda dünya susurdu, Türkiyə və Pakistan kimi dost-qardaş ölkələrdən başqa Azərbaycanlıların fəryadına səs verən yox idi. O zaman dünya nəinki erməniləri qınadı, hətta ermənilərin bu vəhşiliyinə əl-altdan dəstək verən dövlətlər, siyasi xadimlər, dini rəhbərlər də tapıldı. Bəzi beynəlxalq təşkilatların zorakılıqdan çəkinmək çağırışlarını eşitməzliyə vuran ermənilər 1993-cü ildə BMT-nin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilmək haqqında qəbul etdiyi 4 Qətnaməyə də məhəl qoymadı.

Erməni lobbisinin Azərbaycan əleyhinə apardığı riyakar təbliğata geniş meydan verən Avropa susdu, işğalçıya “dur” deyən və onu durmağa məcbur edən güc tapılmadı. Bütün bu hadisələri planlayan, həyata keçirilməsində bilavasitə iştirak edən erməni ideoloqları Zori Balayan, Silva Kaputikyan, o zamankı Ermənistan prezidenti Levon Ter-Petrosyan, səhra komandirləri Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları isə soyqırımı və insanlıq əleyhinə cinayətlər törətdiyinə görə mühakimə olunmaq əvəzinə Ermənistanda siyasi hakimiyyətə yiyələndilər və aşkar işğalçılıq siyasətini davam etdirdilər.

Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, ölkəmizin davamlı inkişafa nail olması və regionun aparıcı dövlətinə çevrilməsi həm də Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllini gerçəkləşdirdi. Bu məsələdə Azərbaycanın ən güclü silahı - onun haqlı mövqeyi oldu. Azərbaycanın haqlı mövqeyinin arxasında Prezident İlham Əliyevin beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini gerçəkləşdirmək iradəsi dayanırdı. Dövlətlərin ərazi bütövlüyünə, ölkələrin suverenliyinə qarşı real təhdidlər olduğu halda, gücdən istifadə etmək hüququ kimi beynəlxalq hüququn prinsipləri Azərbaycana istənilən yolla öz torpaqlarını azad etmək, öz sərhədləri daxilində suverenliyini bərpa etmək imkanları yaradırdı.

Nəhayət, 2020-ci ilin payızında Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında, xalqımızın müstəsna birliyi və həmrəyliyi şəraitində Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində beynəlxalq hüqüqun tələbini və milli iradəni tam şəkildə gerçəkləşdirdi. Sentyabrın 27-də 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etmək üçün müqəddəs savaşa qalxan Azərbaycan Ordusu Ermənistanın, demək olar ki, bütün ordusunu və separatçı rejimin quldur dəstələrini darmadağın edərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bununla da 1993-cü ildə BMT tərəfindən qəbul olunmuş 4 qətnamənin həyata keçirilməsi təmin olundu.

Amma Xocalı soyqırımı unudulmadı. BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada əks olunan müddəalara müvafiq olaraq, cinayət hadisələrini soyqırım kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür. Özündə dözümsüzlüyü, etnik-dini ayrı-seçkiliyi, məqsədli etnik təmizləməni, ağlasığmaz işgəncələri birləşdirən Xocalı qətliamı əsl soyqırımı hadisəsidir.

Xocalı soyqırımına beynəlxalq müstəvidə hüquqi qiymət verilməsi və bu cinayətin hazırlanmasında və həyata keçirilməsində iştirak etmiş cinayətkarların beynəlxalq cinayət məhkəməsi qarşısına çıxarılması da öz vaxtını və saatını gözləyir. 44 günlük savaşda ağır məğlubiyyətin sərt ağrısını yaşayan Ermənistan 30 il ərzində apardığı təcavüz və işğal siyasətinin acı nəticələri altında inləyir. Ölkə iflic vəziyyətində, insanlar isə dərin məyusluq və çaşqınlıq içərisində küçələrdə dolaşır və vəziyyətdən çıxış yolu axtarırlar.

Azərbaycanın həyatında isə yeni bir mərhələ - azad olunmuş ərazilərin bərpası mərhələsi başlayır. Talanlara və qeyri-qanuni istismara məruz qalmış Qarabağ torpaqlarımızda artıq geniş abadlıq-quruculuq işlərinə başlanıb. Ərazilərin minalardan təmizlənməsi, müasir infrastruktur təsərrüfatının qurulması, yeni şəhər və kəndlərin salınması məcburi köçkünlərin öz dogma ocaqlarına qayıtmasını günbəgün yaxınlaşdırır. Lakin Qarabağın azad olunması nə Ermənistanın, nə də onun adından 30 il torpaqlarımızı işğal altında saxlamış, soydaşlarımızı həyatından və bütün hüquqlarından məhrum etmiş Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və digər cinayətkarların məsuliyyətdən qaça biləcəyi anlamına gəlmir.

Hərb meydanında ədalət öz yerini tutdu, indi Azərbaycan xalqının düşmənlərini ədalət məhkəməsi gözləyir. Gec və ya tez hər bir qatil və quldur erməni Azərbaycan xalqına qarşı törətdiyi bütün cinayətlərə görə, o cümlədən Xocalı soyqırımına görə öz layiqli cəzasını alacaq.


Müəllif: Cavanşir Feyziyev

Oxşar xəbərlər