26 Fevral 2022 11:03
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımından 30 il ötür. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı bir əsrdə 3 dəfə (1905-1907, 1918-1920 və 1992-ci ildə) işğala və soyqırımına məruz qalıb. Xocalıda insanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Lakin sonra araşdırmalar zamanı məlum oldu ki, həlak olan uşaqların sayı 76-dır. Ona görə də biz bu soyqırımı zamanı həlak olan uşaqların sayında rəsmi olaraq düzəliş etməliyik. Bu həm onların ruhuna hörmət əlamətidir, həm də tarixi faktın düzgün təqdim olunmasıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeytd edib ki, müharibələrin qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qalır: “Bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır. Dünyada "Vyetnam sindromu", "əfqan sindromu" mövcuddur. Xocalıda törədilən genosid isə "Xocalı sindromu" yaradıb və bu uzun müddət yaddaşlardan silinməyəcək. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırım siyasətinin ən faciəli səhifəsidir. Xocalı XX əsrdə 3 dəfə erməni terroruna məruz qalıb.

Bu cinayətləri etiraf və təsdiq edən bir çox tədqiqatçı və tarixçilər, hətta erməni müəlliflərinin özləri də müxtəlif vaxtlarda azərbaycanlılara qarşı etdikləri cinayətləri etiraf edib. Əsərlərini "A-Do” imzası ilə çap etdirən Hovannes Ter-Martirosyan 1907-ci ildə İrəvanda erməni dilində çap edilən irihəcmli "Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər) sənədli, statistik, topoqrafik izahlarla” əsərində ermənilərin törətdikləri vəhşiliklər barədə kifayət qədər fakt yer alıb.

Ermənilər 1992-ci ildə Xocalıda törətdikləri soyqırımının analoqunu XX əsrin əvvəllərində 1905-ci il avqustun 23-də də törədib. “A-Do” yazır ki, erməni silahlı dəstələrinin Xocalıya hücumu zamanı kənd əhalisinin bir qismi qaçaraq canını qurtarmış, bir qismini də ermənilər öldürmüşdülər. Müəllif daha sonra yazır ki, Xocalını ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar ki, bir də əhali geri qayıda bilməsin.

Lakin xocalılar erməni vəhşiliyinə baxmayaraq, yenidən Xocalıda yaşadı, həyatlarını davam etdirdilər. 1918-ci ildə öncə Xalq Cümhuriyyətinin Ordusu və Nuri paşanın komandanlığında Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu birlikdə erməni silahlı dəstələrinin tərksilah etdilər. 1920-ci ildə Qarabağda yenidən baş qaldıran erməni separatizmini general Həbib bəy Səlimovun komadanlığında Azərbaycan Ordusu darmadağın etdi və ermənilər təslim oldular.

Bundan sonra xocalılılar doğma yer-yurdlarına qayıda bildilər. Üçüncü dəfə isə 1992-ci ildə Xocalını qəddarcasına işğal etdilər. Bu tarixlərdən də görürük ki, ermənilərdə Azərbaycanfobiya hissi heç zaman dəyişməyib”.

Millət vəkilinə görə, Xocalının həm də strateji əhəmiyyəti var idi: “Çünki o zaman İrəvandan silah-sursatı yalnız Xocalı aeroportu vasitəsilə daşımaq mümkün idi. Zori Balayan, Serij Sarkisyan və Silva Kaputyan cinayətkar ideoloqlar Xocalını məhv etmək üçün çıxışlar edir, cinayətlər törədirdilər. ABŞ tədqiqatçısı Tomas de Vaal həmin əsərində Xocalı soyqırımının təşkilatçılarından biri, əli Azərbaycan xalqının qanına bulaşmış Serjik Sarkisyanın Ermənistan prezidenti olduğu dövrdə ondan aldığı müsahibədə söylədiyi fikirləri bir daha ermənilərin əsl simasını ortaya qoyur.

Sarkisyan deyib: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bunu (stereotipi) qıra bildik. Bax, bu da baş verdi”.

Lakin, o böyük səhv etdi, Xocalı faciəsi xalqımızı sındırmadı. Bizi daha da gücləndirdi. Torpaqlarımızı azad etmək, şəhidlərimizin qisasını almaq arzusunu qıra bilmədi. Prezident İlham Əliyevin sözləri ilə desək, “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.

Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən Müharibəsində Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərimizdə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi”.

Komitə sədri hesab edir ki, Xocalı soyqırımını törədən erməni vandalları beynəlxalq hüquqi aktları BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını prinsiplərini kobud şəkildə pozub: “Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın müddəaları riayət edilməyib.

“Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini, eləcə də digər beynəlxalq norma və prinsipləri ayaqlar altına alınıb. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olub.

Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edib. Sənəddə hadisənin baş vermə səbəbləri və günahkarları barəsində məlumatlar açıqlanıb. Eləcə də bu soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün önəmli tədbirlər görülüb. Prezident İlham Əliyev rəhbərliyi altında Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırım aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılıb. Milli Məclis bütün parlamentlərarası dostluq qruplarına, o cümlədən, Azərbaycan-İsveçrə parlamentlərarası dostluq qrupunun adından Xocalı soyqırımı, ermənilərin Qarabağda etnik təmizləmə siyasəti haqqında müraciət unvanlanıb”.

Hicran Hüseynova vurğulayıb ki, Heydər Əliyev Fondunun, birinci vitse-prezident Mehriban xanım Əliyevanın, fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə dünya birliyinə bu qanlı soyqırımın əsl mahiyyətinin çatdırlması üçün mütəmadı olaraq iş aparılır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlanılıb. Vahid informasiya sistemini qurulması və davamlı şəkildə təbliğat-təşviqat layihələrinin keçirilməsi müsbət nəticələr verir”.

Deputat əlavə edib ki, Ermənistanın təcavüzkar siyasəti bundan sonra da iflas edəcək: “Çünki bölgədə və dünyada yeni reallıqlar yaranıb. Artıq güclü və diktə edən tərəf kimi geniş potensiala malik Azərbaycan dövləti var. Azərbaycanlılarının möhkəmlənən həmrəyliyi, nəhayət, güclü və müasir Azərbaycan ordusu mövcuddur. 44 günlük Vətən müharibəsində bunun şahidi olduq. Bu gün biz öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etmişik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq, tezliklə bu yerlərə həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən mühüm səhifələridir, qan yaddaşımızdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər