Artıq Rusiya-Ukrayna problemi iki dövlət arasındakı münasibətlər çərçivəsindən çıxıb. Bu artıq ümumdünya problemi səviyyəsinə çatıb. Dünyanın öz qurduğu təhlükəsizlik, beynəlxalq münasibətlər sisteminin nə dərəcədə adekvat olmadığı ortaya çıxdı. Təəssüf ki, ötən əsrin əvvəllərində olan qeyri-müəyyənlik indi də mövcuddur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, bu gün iki böyük qüvvə qarşı-qarşıyadır:
“Heç biri də geri çəkilmək istəmir. Azərbaycan bu gün Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ölkəmiz Rusiya ilə Ukrayna arasında olan problemlərin ancaq danışıqlar yolu ilə həll edilməsini istəyir. Dövlətimiz bu istiqamətdə də öz töhfəsini verir. Bizim Rusiya ilə müttəfiqlik münasibətlərimiz var. Digər tərəfdən Ukrayna ilə yaxşı münasibətlərimiz mövcuddur. Ukraynanın çətin günündə Azərbaycan öz hümanitar yardımını etdi. Bütün dünya da bunu gördü”.
Millət vəkili hesab edir ki, Azərbaycan düzgün siyasi xətt tutub:
“Bu münaqişənin rezliklə başa çatmasına və tərəflərin danışıqlara başlaması üçün Azərbaycan töhfə verməyə çalışır. Ukrayna prezidenti Rusiya ilə danışıqlar üçün 4 şəhər göstərdi. Onlardan biri Bakı, digər isə İstanbul idi. Bu amil özü artıq türk faktorunun dünyada nə qədər gücləndiyinin bir daha sübutudur. Türkiyə bu gün Rusiya Ukrayna qarşıdurmasının həlli üçün öz vasitəçilik missiyasını təklif edir. Diplomatik kanallarla bu məsələnin həllinə çalışır”.
Aydın Mirzəzadəyə görə, hazırda Rusiya Ukrayna müstəvisində vəziyyət o qədər də ürəyaçan deyil:
“Bunun başqa regionlara keçməyəcəyinə heç kəs zəmanət vermir. Azərbaycan üçün vacib olan özünün lider olduğu Cənubi Qafqaz bölgəsində hər hansı bir qarşıdurmanın, gərginliyin baş verməsinə yol verməməkdir. Vaxtilə belə bir gərginlik faktoru vardı. Ermənistan bu gərginliyin əsas amili idi. Amma Azərbaycanın 44 gündə apardığı hərbi əməlliyyatlar artıq bu faktoru aradan qaldırdı. Bu gün Azərbaycan regional təhlükəsizlik sistemini təmin edən bir yanaşma təklif edir. His edilir ki, bu prinsip günü-gündən möhkəmlənir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu hərəkatın da potensialının sülhə, əməkdaşlığa, təhlükəsizliyə qarşı yönəlməsi üçün maksimum səylər göstərir. Hər bir halda ümid etmək istərdik ki, beynəlxalq birliyin o cümlədən Azərbaycan və Türkiyənin səyləri öz nəticəsini verəcək. Yaxın vaxtlarda biz bu gərginliyin aradan qalxmasını görəcəyik”.