Vətən müharibəsindən sonra regionda yeni bir reallığın yaranması müxtəlif situasiyalarda özünü göstərir. Cənubi Qafqaz üçün sabitlik və sülh strategiyası artıq işlək vəziyyətdədir. Bölgədə təhlükəsizliyə təhdid yaradacaq heç bir amil qalmayıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə beynəlxalq hüququ və ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipini bir daha təsdiqləyib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun fikrincə, bu gün həm regionda, həm də qlobal müstəvidə baş verən proseslər yeni bir yanaşmalar ortaya qoyur:
“Rusiya Ukrayna arasında olan hərbi münaqişə fonunda Azərbaycanın və qardaş Türkiyənin tənzimləyici missiya ilə çıxış etməsi ölkəmizin sülhdən yana olduğunu bir daha nümayiş etdirir. Azərbaycan 30 ilə yaxın öz əraziləri işğalda qalmasına baxmayaraq, hər zaman beynəlxalq hüquq və BMT Nizamnamələri çərçivəsində problemin həllinə çalışıb. 30 il sərgilənən mövqe də məhz bunu təsdiqləyir”.
Millət vəkili hesab edir ki, Azərbaycan bölgədə və qlobal müstəvidə sülhün təminatı, insanların rahat və təhlükəsizlik mühitində yaşaması üçün mühüm səylər göstərir:
“Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə atdığı addımlar, irəli sürdüyü təşəbbüslər buna əyani misaldır. Pandemiya dövründə belə Azərbaycanın 30-dan artıq ölkəyə birbaşa yardım etməsi, insan həyatına, onun sağlamlığına, təhlükəsizliyinə verdiyi önəmin qiymətin göstəricisidir”.
Cavid Osmanova görə, Azərbaycan dövlətinin əsas prinsipi dünyada sülhün və sabitliyin olması, dövlətlərin ərazi bütövlüyünə olan birmənalı münasibətdən qaynaqlanır:
“Bu gün ətrafımızda baş verənlər dövlətimizin həyata keçirdiyi siyasətin nə dərəcədə doğru-düzgün olduğunu təsdiqləyir. Azərbaycan bu gün Qarabağ münaqişəsindən sonra bölgədə yeni bir əməkdaşlıq platforması təşəbbüsü ilə çıxış edir. Bu dövlətlərin, xalqların daha sıx əməkdaşlığı və inkişafı üçün zəmin yaradacaq bir platformadır. “3+3” platforması post-münaqişə dövründə Azərbaycanın problemləri geridə qoyub yeni bir başlanğıc və inkişafa zəmin yaradacaq mühüm vasitə olacaq”.