1 Mart 2022 17:46
2 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna böhranı böyük bir tələdir və Rusiya tərəfi bu tələyə düşdü. Düzdür, bəzi ekspertlər deyirlər ki, Rusiyanı bu tələyə Qərb, yaxud hansısa digər qüvvə salıb. Fakt odur ki, Rusiya hazırda çox çətin dönəmdədir.

Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, ehtiyatda olan kapitan, politoloq Rizvan Hüseynov bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiya üçün xoraya (sağalmaz yara) çevrilib. Ötən 8 il ərzində Rusiya bu məsələnin siyasi-diplomatik həllini tapa bilmədi: “Nəticə etibarilə blitskriqə (ildırımsürətli müharibə) əl atdı. Təxmini plana görə, Rusiya iki günə Ukraynanın paytaxtı Kiyevi və əsas şəhərlərindən biri olan Xarkovu almalı idi. Bilirsiniz ki, Xarkov 1919-1934-cü illərdə mövcud olan müstəqil Ukrayna Xalq Sovetlər Respublikasının ilk paytaxtı olub. Bunun çox böyük rəmzi mənası var. Yəqin ki, Rusiyanın qarşısına qoyduğu hədəf Ukrayna hakimiyyətini dəyişmək idi. Yaxud, ikinci versiya Xarkov şəhərini alandan sonra burada özünə uyğun rəhbər heyət təyin etməli idi. Xarkovda yerləşən idarəetmə birbaşa Kiyevlə mübarizəyə girməli idi. Yəni, Rusiyada bu işi üçüncü tərəfin əli ilə tamamlamağı düşünürdülər. Amma Ukrayna xalqı təxmin edildiyi kimi bu işi gül-çiçəklə qarşılamadı. Ukrayna məsələsində Rusiyanın ən böyük səhvi bu oldu”.

Rizvan Hüseynov bildirib ki, bu zaman biz yuxarıda qeyd edilən tələnin siyasi tərəfi ilə yanaşı hərbi tərəfini gördük:

“Faktiki olaraq çox bəsit taktika ilə rus ordusunu çətin vəziyyətə saldılar. Yəni, ilk iki gün ərzində geri çəkilərək rus ordusuna tam imkan verdilər ki, Ukrayna ərazisinə maksimum daxil olsun. İki gündən sonra isə Ukrayna ordusu geri çəkilərək rus ordusuna ağır zərbə vurmağa başladı. Bu hərbdə, hərb elmində standart üsuldur. Yalandan geri çəkilərək, yaxud müqavimət göstərmədən qarşı tərəfə imkan yaradırsan ki, maksimum içərilərə doğru yerisin və təchizatdan uzaq qalsın. Nəzərə almaq lazımdır ki, qışdır. Heç də sərt qış deyil ki, buz olsun və buzun üzərində ağır texnika, silah-sursat, hərbçilərin qidası, yanacaq-sürtkü materialları olmadan heç bir ordu irəli gedə bilməz. Rus ordusu ilk günlərdə qabağa irəliləyərək faktiki olaraq bu tələyə düşdü. İkinci üsul kəşfiyyat-diversiya qruplarından istifad etmək idi. Onlar da çox irəli gedərək Belarus-Ukrayna sərhədindən Kiyev ətrafına, şəhərin özünə sızdılar. Ancaq bu taktika da uğur gətirmədi. Çünki bir var kəşfiyyat-diversiya qrupları kəndlərdə, yaxud boşaldılmış şəhərlərdə işləsin və orada məsələn küçə döyüşlərinə qatılsın, bir də var 3-4 milyonluq şəhərdir, bu taktika orada qorxutmaqdan başqa heç bir məqsəd daşıya bilməz. Yəqin məqsəd o idi ki, Kiyev əhalisi, ölkə rəhbərliyi panikaya düşsün, qaçsın, ya hansısa formatda Rusiyanın tələbləri ilə razılaşsın”.

Hərbi ekspertin sözlərinə görə, ancaq artıq altıncı gündür biz görürük ki, həm Rusiya qarşıya qoyduğu məqsədlərə çata bilməyib, həm də psixoloji baxımdan gərgin durumdadır. Ancaq qarşı tərəf – Ukrayna istər ordu, istər xalq fədakarlıqla öz ölkəsini, öz azadlığını, müstəqilliyini qoruyur. Mən təxmin etmişdim ki, bu durum bir həftə, yaxud buna yaxın müddət ərzində davam edəcək, bundan sonra hansısa formada danışıqlar olmalıdır. Əsasən Rusiya tərəfi bu böhranlı vəziyyətdən çıxmağa çalışmalıdır. Ona görə ki, bu böhran daxili duruma da təsir edir və edəcək”.

Həmsöhbətimiz qarşıdan gələn günlərdəki gözləntilərdən danışıb: “Burada ən əlverişli variant odur ki, dünənki danışıqlarda hansısa nəticə əldə ediləydi. Ancaq heç nə əldə olunmadı. Hər iki tərəf ultimativ şəkildə öz tələblərini ortaya qoydu. Nə Rusiya, nə də Ukrayna tərəfinin tələbələri heç bir formada razılaşdırılmadı. Müzakirə predmeti də heç normal olmadı. Deməli, əfsuslar olsun ki, döyüşlər hələ davam edəcək. Ancaq yenə də təxmin etmək lazımdır ki, Rusiya iki-üç günə hansısa bir qərara gəlməlidir. Rusiyanın bu çətin vəziyyətdən necə çıxacağını nə biz deyə bilərik, nə də bəlkə hazırda bu qərarı qəbul edən şəxslər deyə bilər. Fakt odur ki, Ukrayna öz müstəqilliyini qorumağa layiqdir və qadirdir”.

Rizvan Hüseynov bildirib ki, burada bir məqama da diqqət yetirmək vacibdir: “Bəlkə Qərb ölkələri Ukraynanın duruş gətirə biləcəyini heç inanmırdılar. Fikir verin, müharibənin ilk günlərində Qərb ölkələri inanırdılar ki, Ukrayna çöküb, paytaxt əldən gedib, hakimiyyət itirilib. Ancaq bu müqaviməti görəndən sonra faktiki olaraq Avropa ölkələri və Qərb dünyasının başqa dövlətləri çox böyük hərbi və maddi, təchizat dəstəyi verməyə başladılar. Rusiyaya qarşı sanksiyalara hamısı birlikdə qoşuldu. Dünən axşam Ukrayna lideri Volodimir Zelenski Avropa İttifaqına üzvlüklə bağlı bəyannaməni imzaladı. Belə anlaşılır ki, müharibədən sonra zirzəmilərdən çıxan Ukrayna xalqı və dövləti Avropa İttifaqının bir parçası olacaq. Halbuki Kreml tərəfi düşünürdü ki, Ukrayna Rusiyanın yaratdığı SSRİ formatına bənzər formatın bir parçası olmalıdır. Ukrayna bu proyektdə açar rolunu oynayırdı. Yəni, hansısa formada SSRİ-2 layihəsinin işə düşməsi üçün mütləq Rusiya-Belarus-Ukrayna ittifaqı yaranmalı idi. Amma Ukrayna bu ittifaqı deyil, Avropa İttifaqını seçdi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər