2 Mart 2022 17:56
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi, hücum əməliyyatı, yaşanan durum və ehtimal olunan ssenarilər mövzusunda Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müahibəni təqdim ediik:

- Araz bəy, Rusiyanın Ukraynaya hücumunu necə qiymətləndirirsiniz?

- Ukrayna Donetsk və Luqanska hücum etməsəydi, müharibə başlamazdı.

- Gəlin dəqiqləşdirək, Ukrayna ordusunun Donetsk və Luqanskdakı separatçılara hücumuna dair hər hansı bir fakt yoxdur, əvəzində siz 10 gün əvvəl bəyan etmişdiniz ki, Rusiya heç vaxt birinci hücum etməyəcək...

- Mənim fikrimcə, Rusiyaya ayrı bir yol qoymadılar. İş ondadır ki, Ukrayna qanunları pozaraq NATO-ya üzv olmaq haqqında qərar verdi. Əslində bu məsələ referendumla həll edilməli idi, amma referenduma çıxarılmadı. Əvəzində qərar Rada tərəfindən qəbul edildi. Rusiya da bilir ki, Ukrayna NATO-ya üzv olacaqsa, bu zaman ABŞ raketlərini bu ölkədə yerləşdirəcək. Bu halda Xarkovdan Moskvaya raket 5 dəqiqəyə çatacaq. Əslində bu o mənanı verərdi ki, Rusiya NATO qarşısında tərki-silah olacaq. Putin dekabrda cəhd etdi, təklif etdi ki, Ukrayna və Gürcüstanın NATO-ya üzv olmayacağına dair qərar qəbul edilsin. Amma rədd cavab aldı. Bu o demək idi ki, ABŞ bu ölkələrin NATO-ya üzv olmasını istəyir. Belə olan təqdirdə Putinin müharibədən başqa çarəsi qalmırdı.

- Rusiya Ukrayna əməliyyatına başlamazdan əvvəl Prezident Putinin komandası tətbiq ediləcək sanksiya və onun əhatə dairəsini hesablamışdımı?

- Hesab edirəm ki, onlar bütün bunları hesablayıblar və buna hazırlaşıblar. Rusiya ümumiyyətlə sanksiyalar altında işləməyə öyrəşib. Rusiyanın həm təbii sərvəti var, həm də pulu imkan yaradır ki, bu sanksiyalardan çıxsın.

- Tətbiq edilən sanksiyalar artıq rublun məzənnəsinin “oynamasına” səbəb olub, Moskva birjası faktiki qapanıb. Sizcə, Rusiya neçə il bu vəziyyətdə yaşaya bilər?

- Azı 10 il yaşayacaq.

- Demək istəyirsiniz ki, 10 ildən sonra Rusiyanın çöküşü başlayacaq?

- Yox, 10 il ərzində Rusiya həm də qazanacaq.

- Nəyi necə qazanacaq, əgər maliyyə, iqtisadi sanksiyalar tətbiq edilirsə, bu ölkədən məhsul alınmırsa, bu dediyiniz necə baş verəcək?

- Rusiyanın ixracatı əsasən qaz və neftdir. Bu məhsullara da sanksiya tətbiq edilməyib.

- Araz bəy, doğurdanmı siz Xarkov və Kiyev başda olmaqla, Ukrayna şəhərlərinə raket zərbələri endirilməsinə haqq qazandırır, bunu düzgün “tədbir” sayırsınız?

-Xeyir. Mən bu müharibəni normal qarşılamıram. İki qardaş xalq bir-birinə güllə atır. Amma burada bir məsələ mövcuddur ki, ortada Rusiyanın olum və ölüm məsələsi var, bıçaq sümüyə dirənib.

- Bu səbəbdən də şəhərlər bombalanmalı, qardaş-qardaşı öldürməlidir?

- Bəli.

- Sizin məntiqinizlə yanaşdıqda Ukrayna üstünlük əldə edərsə, hətta bu ölkəyə nüvə zərbəsi də endirilə bilər, axı ortada ölüm-dirim məsələsi var...

- Rusiyanın nüvə atmaq fikri yoxdur.

- Rusiya nüvə başlıqlı raketlər daxil olmaqla bütövlükdə çəkindirici silah sistemini hazır vəziyyətə gətirib axı...

- Bunu NATO dövlətlərinə qarşı hazırlayır. Çünki NATO dövlətləri deyirdi ki, biz də müharibəyə qarışa bilərik.

- NATO dövlətləri heç vaxt deməyib ki, Ukrayna müharibəsində tərəf tutacaqlar...

- Putin də dedi ki, onlar bu məsələyə qarışsalar elə zərbə alacaq ki, bu tarixdə görünməmiş bir şey olacaq.

- Gəlin, dəqiqləşdirək, siz şəhərlərin və mülki insanların bombalanmasını necə qəbul edirsiniz?

- Çox pis qiymətləndirirəm. Amma iş ondadır ki, Ukrayna ordusu qradları şəhərlərdə saxlayır. Qarşı tərəf də qrad qurğularını vurmaq üçün məcburdur ki, şəhərlərə zərbə endirsin.

- Kiyevdəki teleqqüləni vurduğu kimi, doğurdanmı orada artilleriya olub?

- Bir daha deyirəm ki, faşistlərdir.

- Siz, dəfələrlə təkrarlayırsınız ki, Ukraynada hakimiyyətdə faşistlərdir. Axı Ukraynada 2014-cü ildən bu yana iki prezident və iki parlament seçkiləri keçirilib, xalq istədiyi namizədə səs verib. Belə faşizm olar?

- Bir dəfə prezident, bir dəfə də parlament seçkiləri keçirilib.

- 2014-cü ildən sonra Ukraynada Poraşenko prezident seçilib, daha sonra Zelenski seçkilərdə qalib gəlib. Yəni dəqiq seçkilər iki dəfə olub və bunu təsdiq etməmək ədalətsizlik olardı...

- Bəli, 2014-cü ildə idi. Sizə misal gətirim, almanlar kimi mədəni xalq Hitlerə səs vermişdi və 1942-ci ilə qədər ona fanatikcəsinə baxırdılar.

- İddia edirsiniz ki, 2014-cü ildən bu yana iki dəfə prezident, iki dəfə parlament və iki dəfə mer seçkiləri keçirən ukraynalılar hər dəfə faşistlərə səs verib?

- Mən sizə bir söz deyim. Zelenski seçiləndə bəyan etmişdi ki, sülhə nail olacaq, hətda diz çökməyə hazırdır. Donetsk və Luqanska atəş açılmayacaq. Amma sonradan onu faşistlər sındırdılar. Zelenski dediyi sözün üzərində durmadı.

- Əgər Ukrayna xalqı Rusiya ilə deyil, Avropa ilə birlikdə yaşamaq istəyirsə, bunu arzu edirsə, hansı səbəblərdən cəzalanmalıdır?

- Ukraynaya Avropa ilə bir yerdə olma deyən yoxdur. Amma NATO ilə bir yerdə olma.

- Dövlətlər müstəqildirsə, nəyə görə onların öz qərarlarına hörmətlə yanaşılmamalıdır?

- Onların qərarlarını qanuni yolla qəbul etməlidir.

- Siz hətda Radanın qərarlarının qanunsuz olduğunu elan edirsiniz?

- Zamanında NATO Rusiyaya söz vermişdi ki, bir metrdə olsa şərqə doğru irəliləməyəcək.

- NATO-nu qoyaq bir kənara, bu qurum Rusiya ilə rəqabət içindədir. Siz Ali radanın verdiyi qərarları qanunsuz elan edirsiniz?

- Tamamilə konstitusiyaya ziddir. Belə məsələlər referendumla həll olunmalıdır. Poraşenko o zaman bunu tələsik etdi. Çünki bilirdi ki, hakimiyyətdən gedəcək. Əvəzində gələn Radanın tərkibi isə çox səviyyəsizdir. Təsəvvür edin ki, Zelenskinin Radadakı fraksiyasının rəhbəri toy fotoqrafıdır.

- Bu necə səviyyəsiz Radadır ki, orada ana müxalifət rusmeylli qüvvələrdir...

- Onların çoxunun fəliyyətinə imkan vermirlər. Bəzilərini ev dustağı ediblər.

- Bu fakt göstərmirmi ki, orada doğru-dürüst seçkilər keçirilib və Rusiyaya yaxın qüvvələr də elektoratına münasib olaraq öz yerini tuta bilib?

- Şərqi Ukrayna onlara səs vermişdi. Burada bir məqam da var. Qərbi Ukrayna bütövlükdə ölkəni minib və istədiyi yerə sürür. Məsələn, Banderani milli qəhraman elan ediblər. Kiyevi azad edən Vakutinin adına paytaxt küçəsinin adı dəyişdirilir və Bandera qoyulur.

- Stepan Banderin adını çox vurğulayırsınız. Amma fərqindəmisiniz ki, həm Xarkov, həm Kiyev, həm də Lvov vağzalı sonuncu dəfə 1941-ci ildə indiki vəziyyətdə olub?

-Bəli. Hitler o zaman Ukraynanı ona görə bombardman edirdi ki, bura sovet əraziləri idi. İndisə Putin ona görə bombardman edir ki, bu faşistlər hakimiyyətdən getməlidirlər.

- Yəni Ukrayna prezidenti və hakimiyyətində kimin olub-olmayacağına dair Ukrayna xalqının əvəzinə qərar vermək üçün bunlar edilir?

- Rusiya hakimiyyəti Ukrayna xalqının deyil, öz xalqının adından qərar verir.

- Ukrayna generalitetini hakimiyyəti dəyişməyə səsləmək dediklərinizi təkzib etmirmi?

- Xeyir. Kremli Ukraynanın Rusiyaya düşmən olması və oradan Rusiyanın vurulmasının qarşısını alır. Bunun da adı qabaqlayıcı tədbirlər.

- Və bu tədbirlərin əsl adı qardaş-bacıları öldürür?

- Qardaş satqınlıq edəndə onu da öldürərlər.

- Aha, indi də 40 milyonluq əhali satqın çıxdı?

- 40 milyonluq əhalini bir ovuc insan sürür. Mən, Ukraynada 9 il yaşamışam. Ukrayna xalqı çox meşen xalqdır və palaza bürünüb, ellə sürünürlər. Qərbdən gələn faşistlər onlara zorbalıq edirlər, bunlar da onlara boyun əyirlər.

- Rusiyanın Ukrayna əməliyyatının nəticəsini necə görürsünüz?

- Rusiya qalib gələcək və Ukraynada hakimiyyət dəyişəcək.

- Düşünürsünüz ki, İrəvandakı kimi Kiyevdə də əldəqayırma hökumət qurulacaq?

-Ermənistandakı Köçəryan və Sərkisyan Rusiyanın morientkası idi.

- Bəs Ukraynada?

- Ukrayna xalqı özü seçəcək. Özünüz də deyirsiniz ki, Ukrayna xalqı 40 milyondan çoxdur və ağıllıdır. Deməli, özləri seçəcək.

- Hələ seçməyibmi...

- Seçiblər, amma zor gücünə.

- Rusiya sayəsində ədalətli seçki olacaq?

-Baxarıq, görərik.


Müəllif: Nemət

Oxşar xəbərlər