Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, indiki halda Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana sülh danışıqlarına hazır olduğunu bəyan etməsi, bunun ölkə gündəliyində olması kimi fikirləri necə şərh oluna bilər?
- Ermənistan getdikcə daha açıq şəkildə baş düşür ki, onun müqəddəratı, inkişafı, bir dövlət kimi mövcudluğu Azərbaycanla münasibətləri normal şəkildə tənzimləməkdən ibarətdir. Burada zaman Azərbaycanın xeyrinə işləyir. Bunu yaddan çıxarmaq olmaz. Ona görə də, səslənən fikirlər, verilən bəyanatlar hələ ilkin addımlardır. Bundan sonra onlar Azərbaycandan dəstək və kömək istəyəcəklər. Çünki indi dünyada iqtisadi vəziyyət elədir ki, tək-tək dövlətlər özünün təmin etmək iqtidarındadır. Azərbaycanda isə iqtisadiyyat elə qurulub ki, heç bir kənar amillərdən asılılıq yoxdur. Bu gün yaranan situasiya məhz bunu təsdiqlədi. Hər hansı bir asılılıq konkret olaraq ciddi problemlər yaradır. İqtisadi asılılıqlar isə xüsusi bir məqamda hesab edilir.
- Rusiyaya qarşı sanksiyaların Avropanın özü üçün də əks effektinin olacağı ilə bağlı yanaşmalar var. Bunlar nə dərəcədə ciddi arqumentlərdir?
- Rusiyaya qarşı bu gün misli görünməmiş sanksiyalar tətbiq edilir. İqtisadi cəhətdən regionda Rusiyadan asılı olan Ermənistan istədiyi dəstəyi ala bilməyəcək. Avropanın özü də tətbiq etdiyi sanksiyaların əks effektini yaşayacaq. Bu cəhətdən birbaşa donorlardan asılı olan Ermənistanda vəziyyətin həddən artıq ağır olacağı gözlənilir. Hazırkı vəziyyət bunu isbat edir. Ermənistanın iqtisadi-siyasi cəhətdən Rusiyadan birbaşa asılılığı məhz belə bir durum yaradıb. Bu baxımdan onlar üçün yeganə çıxş yolu Azərbaycan və Türkiyə ilə birbaşa əlaqələrin qurulmasıdır. Ona görə də, təbii ki, Ermənistanın məsələlərlə bağlı ritorikaları, yanaşmaları da dəyişəcək. Bu amillər eyni zamanda bir daha Prezident İlham Əliyevin düzgün və uzaqgörən siyasət aparmasının sübut etmiş olur.
- Sizcə, qısa zamanda Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılacağı gözləntisi varmı?
- Hər bir məsələnin kökündə, əsasında iqtisadiyyat dayanır. Bu gün Türkiyə Azərbaycanla olan yüksək səviyyəli əlaqələri məhz bunu təsdiqləyir. Gürcüstan, Rusiya, İran və Ermənistanın özü ilə belə mümkün iqtisadi münasibətlərin formalaşması labüddür. Eyni zamanda bütün Orta Asiya ölkələri Rusiya və Çin üçün də Zəngəzur dəhlizi alternativ yol olacaq.
- Avropanın burada marağı nədir?
- Bu Avropa üçün də xüsusi bir əhəmiyyət kəsb edir. Artıq bu istiqamətdə atılan addımların ilkin müsbət nəticələri müşahidə edilməkdədir. Bundan daha çox nəticələrin də olacağı gözlənilir. Biz bu marşuruta daha çox diqqət edilməsinin də şahidi olacayıq.
- “3+3” platformasının aktuallaşması gözlənilirmi?
- Bəli, artıq bu platformaya ciddi ehtiyac var. Region ölkələri mütləq ki, qarşılıqlı şəkildə əməkdaşlıq etməlidir. Ermənistanın isə hansısa bir xülyaları artıq arxivə gedib. İndi onlar başa düşürlər ki, Azərbaycan və Türkiyə ilə münasibətləri mütləq təmin etməlidir. Ona görə ki, indi real imkanlar məhz bu iki ölkədə var. Bu başqa ölkələr üçün də tamamilə yeni bir beynəlxalq iqtisadi, dövlətlərarası münasibətlərin astanasındayıq. İndi yaranmış situasiya onu göstərir ki, dünya tamamilə dəyişir. Bu dəyişikliklərin içərisində Azərbaycanın apardığı siyasət ən düzgün, milli maraqlara cavab verən amil kimi dəyərləndirilir.