5 Mart 2022 18:15
2 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünyada baş verən proseslər bir daha sübut etdi ki, dövləti və xalqı böhranlardan, problemlərdən sığortalamaq üçün qlobal və geosiyasi reallıqları nəzərə almaqla düşünülmüş, praqmatik siyasət həyata keçirmək lazımdır. Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasında ölkələrlə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev 18 il müddətində mükəmməl regional siyasi kurs sayəsində Ermənistan istisna olmaqla bütün qonşularla geniş əməkdaşlığa nail ola bildi. Türkiyə, Rusiya, İran və Gürcüstan indi Azərbaycanın ən yaxın tərəfdaşlarındandır. Məhz bu cür böyük diplomatik uğur nəticəsində ölkəmiz regional təhlükəsizliyin açar dövlətinə çevrilməyi bacardı. Şübhəsiz, bu prosesdə Prezident İlham Əliyevin ikitərəfli, üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatları ciddi rol oynayır.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Azərbaycan Avropa İttifaqı, BMT, ABŞ, Çin kimi böyük geosiyasi güclərlə qarşılıqlı fayda verən əlaqələr qura bilib: “Ölkəmiz BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədridir. Azərbaycanın Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, NATO, BMT və digər nüfuzlu qurumlarla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Dövlətimiz post-müharibə mərhələsinə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub. Ona görə də balanslı siyasət yürütmək vacibdir və bu gün həm Azərbaycanın, həm də Türkiyənin həyata keçirdiyi bu müdrik siyasət ölkə başçılarının strateji uzaqgörənliyini bir daha təsdiqləyir”.

Millət vəkili hesab edir ki, hazırda Ukraynada baş verənlər Azərbaycanın nə dərəcədə doğru və düşünülmüş siyasət yürütdüyünü bir daha təsdiqləyir: “Azərbaycan bir dövlət olaraq beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutur. Bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi məsələsini əsas götürür. Eyni zamanda, Azərbaycandan müharibədən əziyyət çəkən insanlara humanitar və tibbi yardım göndərilir. Bu hadisə digər bir reallığı ortaya çıxardı. 2020-ci ildə “Xankəndiyə niyə girmədik” deyənlər Avropanın ən böyük ölkələrindən olan Ukraynanın dünyanın gözü qarşısında yaşadıqlarından nəticə çıxarsınlar. Bu gün bütün dünyanın dəstəklədiyi Ukraynadan fərqli olaraq, Azərbaycanın yanında yalnız Türkiyə var idi. Azərbaycan 10 noyabr sənədinə imza atmasa, Xankəndiyə ordu yeritsə, bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyirdi”.

Hicran Hüseynovaya görə, Prezident İlham Əliyev bütün regional dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də ölkə mümkün geosiyasi kataklizmlərdən sığortaladı: “Azərbaycanı heç bir siyasi avantüralara cəlb etmək mümkün deyil. Bütün qərarlar dərin siyasi təhlilə əsaslanır. Dövrün reallıqları nəzərə alınır, gələcək üçün real proqnozlar müəyyən edilir, istənilən qərar milli maraqlara əsaslanır. Bu gün Azərbaycan həm Türkiyə ilə, həm Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla ən çətin dövrdə özünün təhlükəsizliyinə zəmanət alıb. Post-sovet məkanında ikinci belə ölkə yoxdur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər