2020-ci ilin fevral ayının 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilər ölkəmizdə aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların növbəti mərhələsi idi. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Prosesi dərinləşdirmək üçün vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməsi vacib idi. Növbədənkənar seçkilər keçirilməsi Prezident İlham Əliyevin islahatlar kursunun davamı olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və hərtərəfli islahatların daha da dərinləşməsinə, Milli Məclisin işininin təkmilləşdirilməsinə və yeni tərkibidə təşkil edilməsinə xidmət edib. Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə ölkəmizdə olan bütün siyasi qüvvələr iştirak edib və nəticədə çoxpartiyalı parlament formalaşıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub:
“Ötən dövrdə Milli Məclis və komitə rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları kimi bir hal baş verməyib. Bu mütərəqqi addım da məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə atılıb. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunması Azərbaycanda siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Dövlət başçısı da dəfələrlə vurğulayıb ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Öz növbəsində Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirir”.
Millət vəkili hesab edir ki, artıq Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır:
“Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Bundan sonra da Azərbaycanda çoxpartiyalı sistem inkişaf etdiriləcək. Təbii ki, bu işlər qanunvericilik sahəsini əhatə edir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Ötən iki ilin ölkə həyatında fövqəladə önəmli hadisələrlə zənginliyi hər kəsə məlumdur. Pandemiya ortamında davranış, onlayn rejimli fəaliyyət təcrübəsinin tətbiqi, 44 günlük Vətən müharibəsi, müharibə sonrası geniş quruculuq, bərpa işlərinin, infrastruktur layihələrinin icrasının başlanması və bütün bunların beynəlxalq inikası dediklərimizə sübutdur. Parlamentimiz ötən iki il içində, bütün bu məsələlərə öz səlahiyyətləri və üzərinə düşən tarixi missiya gərəyi reaksiya verib, müzakirələr aparıb, qanunlar qəbul edib. Millət vəkilləri qarşısında böyük vəzifələr dayanır və bu vəzifələr, təbii ki, yalnız qanunvericilik sahəsindəki vəzifələrlə ölçülmür”.
Deputat vurğulayıb ki, millət vəkili həm də seçildiyi dairədəki problemləri, tendensiyaları və ümumölkə hadisələrinin qanunauyğunluqlarını yaxşı bilməlidir:
“Millət vəkili fəal olmadan, seçicilərlə daim təmasda olmadan, siyasi-iqtisadi islahatlarla ayaqlaşa bilməz. Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisinin ilk iclasında çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı hesab edilməlidir. Həyata keçirilən bütün islahatlar və qarşıya qoyulan vəzifələr Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədi daşıyır. Ölkə başçısının düşünülmüş və qətiyyətli siyasəti sayəsində həm təhlükəsizlik, həm də sabitlik təmin edilir, xalqımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır”.