“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfəri, Prezident Ərdoğanla görüşü 4 saat çəkib. Bu onu göstərir ki, iki qardaş dövlətin başçıları bir sıra məsələləri müzakirə edib. Biz diqqətlə hadisələrə baxdıqda görərik ki, indi Rusiya-Ukrayna münasibəti ilə ən ciddi məşğul olan siyasətçi İlham Əliyev və Rəcəb Tayyib Ərdoğandır. İki prezident məsləhətləşmələr aparır. Həm Prezident Putinlə, həm Prezident Zelenski ilə danışırlar. Çalışırlar ki, Rusiya-Ukrayna mübahribəsini masaya gətirsinlər, döyüşlər dayansın, tərəflər problemi sülh yolu ilə həll etsinlər. Buna da normal yanaşmaq lazımdır. Çünki hər iki ölkənin Rusiya və Ukrayna ilə yaxşı əlaqələri var”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov Azərbaycan Prezidenti ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüş haqqında danışarkən deyib.
Deputat bildirib ki, iki qardaş dövlətin başçısının görüşü zamanı müsbət məqamlar çox olub:
“Uğurlu müzakirələr olub. Müzakirələrin önündə Qarabağ məsələsi, orada gedən işlər, sülhməramlıların fəaliyyəti, Zəngəzur dəhlizinin açılması, dəmiryolunun açılması və digər məsələlər də müzakirə olunub. Müsbət məqamlar da çoxdur. Ermənistan baş naziri də elan edib ki, biz sülh müqaviləsi imzalamalı, kommunikasiya xətlərini açmalıyıq. Artıq hamı başa düşür ki, dünyada nizam dəyişir və Türkiyə dövləti dünyada söz sahibinə çevrilir. Üstəlik bölgədə də böyük təsiri var. Hətda Rusiya-Ukrayna danışıqlarına ən çox müdaxilə edən Prezident Ərdoğandır. Hesab edirəm ki, cənab Ərdoğan Prezident Əliyevlə birlikdə bu məsələni dinc yolla həll etmək istəyir”.
Vahid Əhmədov əlavə edib ki, indiki proseslərdə Azərbaycan və Türkiyə güclü tərəfdir:
“Düşünürəm ki, bundan sonra da Azərbaycan və Türkiyə birgə hərəkət etməli, qərarları da birgə qəbul etməlidirlər. Çünki Şuşa Bəyannaməsi imzalamışıq. Azərbaycan Türkiyənin, Türkiyə Azərbaycanın təhlükəsizliyinə təminat verir. Bu artıq sənədlərdə təsdiq edilib. Bundan sonra da sənədlər imzalanacaq. Çox işlər gedir. Bu məqamda da biz Türkiyə ilə birlikdə hərəkət etməliyik”.