Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib. Bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına mühüm təsir göstərib. Bu mənada Azərbaycanla İran arasında imzalanan Anlaşma Memorandumu mühüm əhəmiyyətə malikdir. Bununla İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantıları yaradılır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi tarixi əhəmiyyətə malik hadisədir: “Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasına xidmət edir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulub. Həmin kommunikasiya xətləri, yollar, körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək”.
Millət vəkili hesab edir kji, İranı Naxçıvanın Ordubad rayonu ilə birləşdirən yolun tikilib istifadəyə verilməsi bölgədə yeni canlanma yaradacaq: “Sözsüz ki, İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi Azərbaycanın əsas hissəsi ilə inteqrasiyasını təmin edəcək. Bu, eyni zamanda regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq”.
Cavid Osmanova görə, Ermənistan ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı: “Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyətli idi. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. İndi bütün bu cəhdlərin sabun köpüyü olduğunu aydın görən Ermənistan bir daha düşünməlidir”.