Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu tarixi hadisədir. İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantısı yaranacaq. Bu Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən nəhəng layihələrdən biridir. Layihə regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirəcək.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistikanın inkişafı mühüm önəm daşıyır: “Azərbaycan İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvana yeni dəmir yolu, avtomobil yolu əlaqəsi, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasına nail olur. Bu məqsədə Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək”.
Millət vəkili hesab edir ki, İran vasitəsilə Şərqi Zəngəzurla Naxçıvan arasında kommunikasiya bağlantılarının yaradılması Azərbaycanın əsas hissəsinə inteqrasiyasını təmin edəcək: “Bu eyni zamanda regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq. Erməni tərəfi ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. İndi bütün bu cəhdlərin sabun köpüyü olduğunu aydın görən Ermənistan bir daha əsaslı şəkildə düşünməlidir”.
Vüqar İskəndərov İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı ilə Azərbaycan öz planlarını reallaşdırdığını söylədi: “Ermənistan isə növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı”.