12 Mart 2022 14:19
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kairat Sarıbay ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İcraçı direktor görüşdə Azərbaycanın ilk gündən etibarən AQEM təşəbbüsünə davamlı dəstək göstərdiyini məmnunluq və minnətdarlıqla qeyd edib. O, xüsusilə Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üçün etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolunu yüksək qiymətləndirib və sözügedən istiqamətdə ötən ilin sentyabr ayında keçirilən ekspertlər görüşünün çox faydalı olduğunu vurğulayıb. İcraçı direktor, həmçinin təhlükəsiz və effektiv nəqliyyat dəhlizlərinin qurulmasının AQEM çərçivəsində əsas istiqamətlərdən biri olduğunu qeyd edib. Kairat Sarıbay, cari ilin oktyabr ayında keçiriləcək AQEM-in Sammitinə hazırlıq prosesi barədə məlumat verib.

Nazir Ceyhun Bayramov, Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini və sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb. Ceyhun Bayramov, həmçinin Azərbaycanın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi önəmi və bu istiqamətin prioritet xarakter daşıdığını qeyd edib. Xüsusilə, post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları kontekstində Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini vurğulayan nazir, bu xüsusda Azərbaycanın mövqeyini ifadə edib.

Nazir Ceyhun Bayramov, eyni zamanda AQEM platformasının inkişafı ilə bağlı səylərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.

Görüşdə, həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında, habelə AQEM-in cari ilin oktyabr ayında keçiriləcək Zirvə görüşünə hazırlıq işləri barəsində fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər