14 Mart 2022 13:53
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin martın 10-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü regional, qlobal və siyasi proseslər baxımından əhəmiyyətli idi. Bu görüş dünyada formalaşmaqda olan yeni geostrateji arxitekturada Türkiyə və Azərbaycanın yerinin və rolunun müəyyən edilməsi baxımından mühüm önəm kəsb edirdi. Cənubi Qafqaz və regionda gedən həssas proseslər bu görüşü zəruri edirdi. Hazırda Qərb Rusiyaya sərt sanksiyalar tədbiq edir. Qarabağda hələ də qalmaqda olan separatçı qüvvələri Azərbaycan mövqelərini atəşə tutur. Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya səfər edib. Eyni zamanda Antalyada Diplomatik forumda Rusiya Xarici işlər naziri Sergey Lavrovla tərəflər arasında danışıqlar aparılıb. Məhz bu müstəvidə Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə predmetinin zənginliyi daha çox diqqət çəkib.

Bunu Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor hesab edir ki, belə bir şəraitdə Rusiya xarici işlər nazirinin Türkiyənin Antalya Diplomatik forumunda Azərbaycanın xarici işlər naziri ilə danışıqlar çərçivəsində Moskva Bəyannaməsindən irəli gələn məsələləri müzakirə etməsi təsadüfi deyil:

“Çünki indiki halda əksər ölkələr Rusiyadan üz döndərir. Azərbaycan isə sülhün tərəfdarıdır. Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, humanitar yardım göstərir. Ölkəmiz şimal qonşumuz və vacib ticarət tərəfdaşımız olan Rusiyaya qarşı sanksiyalara da qoşulmur. Azərbaycandan fərqli olaraq Ermənistan isə növbəti dəfə öz müttəfiqinə xəyanət edib. Erməni baş nazir yaranmış şəraitdən istifadə edərək bu günlərdə Fransaya səfər etdi. 17 martda isə Ermənistan xarici işlər nazirinin Brüsseldə NATO baş katibi ilə görüşü gözlənilir. NATO-ya rəqib KTMT blokunun, Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan Rusiya ilə 200-ə yaxın hərbi-siyasi saziş imzalayıb. Bunların fonunda Ermənistan rəsmilərinin Fransa və Brüsselə səfərləri xəyanətdən başqa bir anlam kəsb etmir”.

Millət vəkilinə görə, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri iki qardaş ölkənin qarşılıqlı maraqları çərçivəsində bütün məsələləri müzakirə etməsi təhlükəsizlik, inkişaf baxımından müstəsna əhəmiyyət daşıyır:

“İki qardaş ölkə liderinin 4 saatlıq görüşü zamanı əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, regional məsələlər, Zəngəzur dəhlizi və Ukrayna ilə bağlı olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub. Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə olunub. Həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb. Paralel olaraq 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib”.

Deputat vurğulayıb ki, dövlət başçılarının danışıqları zamanı həmçinin Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında inkişafı qeyd edilib: “Çünki hadisələrə nəzər saldıqda Şuşa Bəyannaməsinin vaxtında və yerində imzalanmış müttəfiqlik sənədi olduğu bir daha aydın görünür. Bu sənəd mümkün bütün təhdid və təhlükələrə qarşı iki qardaş ölkənin gücünü birlikdə səfərbər edərək öz təhlükəsizliklərini qorumaq üçün mühüm hüquqi təminat yaradıb”.

Eldar Quliyevin fikrincə, Azərbaycanın böyük uzaqgörənliklə vaxtında verdiyi qərarlar bugünkü müttəfiqliyimizin iqtisadi və geostrateji əsaslarını təşkil edir:

“Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi mühüm strateji layihələrin həyata keçirilməsi milli gücümüzün iqtisadi komponentlərini formalaşdırıb. Bu baxımdan Ankarada keçirilən görüş Türkiyə Azərbaycan müttəfiqliyinin daha da dərinləşməsi və regionumuzda sülhün davamlı olması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirir. Regiona yaxın ərazilərdə baş verən mürəkkəb proseslər fonunda iki qardaş ölkənin birliyi bundan sonra daha da güclənir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər