Ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi çox tərəfli, balanslı siyasət, düzgün iqtisadi strategiya nəticəsində inkişaf edir. Azərbaycan həm region, həm də dünya dövlətlərin üçün mühüm layihələr təqdim edir, təşəbbüslər göstərir. Dövlətimizin qarşısında çox mühüm vəzifələr dayanır. Hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri olunur. “Böyük Qayıdış” proqramının daha tez reallaşması üçün zəruri addımlar atılır.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor qeyd edib ki, Prezident İlham Əliyevin idarəetmədə yaratdığı yüksək səviyyəli işlək mexanizm pandemiya, müharibə, post-müharibə dövründə bütün dövlət qrumlarının vahid bir orqanizm kimi fəaliyyətini təmin edib: “Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında Milli Məclisə təqdim etdiyi hesabat da yüksək səviyyədə və peşəkarlıqla hazırlanıb. Bütün mühüm istiqamətlər üzrə geniş və əhatəli təhlil verilib. Bu baxımdan hesabat mühüm əhəmiyyət daşıyır. Burada görülən işlərlə yanaşı, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatın Milli Məclisdə müzakirəsi zamanı millət vəkilləri tərəfindən irəli sürülmüş təklif və tövsiyələrin icrası ilə bağlı məlumat da yer alıb. Bu da hökumətin deputatlar tərəfindən səsləndirilmiş məsələlərə diqqətin və bütövlükdə qanunverici orqanla icraedici orqanın qarşılıqlı əməkdaşlığının göstəricisidir. Sözsüz ki, bu hallar nəticədə vətəndaş müraciətlərinin əlçatanlığının təmin edilməsinə, vətəndaş məmnunluğuna nail olunmasına müsbət təsir edir”.
Millət vəkili hesab edir ki, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyulması da mühüm hadisədir:
“Bu gün isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulub. Azərbaycan xarici sərmayə üçün çox cəlbedici, münbit və stabil ölkədir. Qeyri-neft sektorunun inkişafı, bu sahə xarici investisiyanın qoyulması bizim əsas prioritetlərimizdən biridir. Artıq Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edir. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür. Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq yaşıl əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq olunur. Yaşıl iqtisadiyyat multiplikator rolunu oynayaraq altı sahənin, yəni kənd təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı, emal sənayesi (məsələn, yüngül və yeyinti sənayesi), bərpa olunan enerji təsərrüfatı və turizmin inkişafını zəruri edir ki, bu da yeni iş yerlərinin açılması üçün imkanlar yaradır”.
Deputat bu gün ölkəmizdə məktəbəqədər təhsil müəssisələrin sayının artırılması ilə bağlı olan məsələlərə də toxunub:
“Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş uşaqların 1-5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi 31,3 faizdir. Şəhər yerlərində bu rəqəm 43,3 faiz, kənd yerlərində isə 20,1 faiz təşkil edir. Bu məsələ Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətindədir. Lakin, yenə də uşaq bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin sayı yetərli deyil. Bu ilk növbədə uşaqların erkən sosiallaşması və inkişafına mənfi təsir göstərir. Eyni zamanda, qadınların əmək və ictimai fəaliyyətində problemlər yaradır. Nikahdan əvvəl psixoloji testin aparılması da vacibdir. Boşanmaların sayı artır. Son on ildə əhalinin hər 1000 nəfərinə boşanmaların ümumi əmsalı birdən 1-dən 1,5-ə qədər artıb. Vaxtı ilə Ailə Məcəlləsində Mehriban xanımın təşəbbüsü ilə dəyişiklik olundu, tibbi müayinədən keçmək icbari xarakter aldı. Bu çox müsbət bir hadisə idi və bir çox problemləri aradan qaldırdı. Məhkəmə proseslərində tərəflər bir-birini psixoloji problemlərinin olması ilə ittiham edir. Məhz bu halların aradan qaldırılması, sağlam ailələrin qurulması üçün psixoloji testin keçirilməsi vacibdir. Eyni zamanda mediator məhkəmələrinin yaradılması çox yaxşı təcrübədir. Lakin onların da sayı artmalıdır. Aliment Fondunun yaradılması ilə bağlı təklifə də Ədliyyə və Maliyyə nazirlikləri adekvat münasibət göstərib. Belə bir Fond həm uşaqları müdafiə edəcək, həm dövlətin iqtisadi yükünü azaldacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, eləcə də Qadın Resurs Mərkəzləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində isə məişət zorakılığı qurbanları üçün dövlət sığınacağı var. Bu mərkəzlər qadın və uşaq hüquqlarının müdafiəsinə, ailə problemlərinin həllində, sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına, insanların maariflənməsinə böyük töhfə verir”.
Komitə sədri ölkədə hər 1000 doğuşa 7-8 ürək qüsurlu yenidoğulmuş uşaq təşkil etdiyini söyləyib:
“2021-ci ildə 246 uşaqda kardioloji əməliyyat həyata keçirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sahədə mühüm işlər görür. Lakin yerlərdə valideynlərin məlumatlı olmaması, bu uşaqların vaxtında qeydiyyata salınmaması da müəyyən çətinliklər yaradır. Ona görə də bu sahədə işlərin daha da gücləndirilməsinə ehtiyac vardır”.
Hicran Hüseynova Cənubi Qafqazın ikinci sənaye şəhəri olan Sumqayıtda inkişafla yanaşı bəzi problemlərin hələ də qaldığını bildirib:
“Corat qəsəbəsində kanalizasiya məsələsinin həlli, rəsmi olaraq bir neçə dəfə müraciət edilsə də, məsələ həll edilmir. Əlilliyin müəyyən edilməsi ilə bağlı problemlər qalmaqdadır. Həm Vətən müharibəsi, həm də 1-ci Qarabağ müharibəsi qazilərinə əlilliyin verilməsi ilə bağlı daha dəqiq və real mexanizm tətbiq edilməlidir. Sumqayıtda həm keçmiş məcburi köçkünlər, həm də qazi ailələri yaşayan bir neçə yataqxanaların əsaslı təmirə ehtiyacı var. Bəzi yerlərdə, vətəndaşların evlərinin istiliklə təmin olunmasında ciddi problemlər var”.