17 Mart 2022 15:39
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Ölkəmizdə enerji siyasətinin əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu uğurlu strategiya yeni müstəvidə davam etdirilir. Azərbaycan artıq özünün enerjiyə olan tələbatını tam ödəməklə yanaşı enerji ixracatçısı kimi tanınmağa başlayıb. Xarici investorlar üçün ölkəmizdə münbit şərait mövcuddur. Digər sahələrlə yanaşı investorlar ölkəmizdə enerji sektoruna da böyük maraq göstərir, yatırımlar edir, iri layihələrin icrasını həyata keçirir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır: “Artıq ənənəvi enerji mənbələrinin “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən biridir. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan da öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır. Bərpaolunan enerji növləri ilə bağlı ölkəmizdə mühüm dövlət siyasəti var”.

Deputat qeyd edib ki, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək: “Artıq dünya ölkələri bərpaolunan alternativ enerji mənbələrinə sürətli keçidi prioritet hesab edir. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma Avropa İttifaqı ölkələrində Rusiyadan təbii qaz və neftin idxalının azaldılması bu məsələni aktuallaşdırıb”.

Millət vəkilinə görə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir: “Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının qəbul edilməsi ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. Perspektiv planda Azərbaycan bu prosesin həyata keçirilməsini hədəfləyir və enerji mənbələrini şaxələndirir. Ənənəvi enerji növlərinə alternativ olaraq “yaşıl enerji”nin inkişaf etdirilməsi həyata keçirilir. Azərbaycan bu istiqamətdə xarici investorların da diqqətini çəkən və münbit investisiya mühitinə malik olan ölkədir.

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub. Azərbaycanda alternativ enerji imkanları üçün təbii coğrafi şərait mövcuddur. Ölkəmizdə bərpaolunan zəngin enerji potensialı var. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır. Qarabağ bölgəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də böyük potensial mövcuddur. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında alternativ enerji istehsalı üçün təbii şərait var. Külək enerjisi üzrə imkanlar isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir”.

Aqil Məmmədov hesab edir ki, ölkəmizin bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq var: “Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi strategiya nəticəsində Azərbaycan istənilən xarici investor üçün böyük əhəmiyyət kəsb edən ölkəyə çevrilib. Dövlətimizin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm yer tutur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması mühüm tarixi hadisədir. Həmçinin Qarabağda bərpaolunan enerji sektorunun inkişafı, regionda yeni iş yerlərinin açılmasına əlavə imkanların yaranmasına şərait yaradacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər