Ukraynanın paytaxtı Kiyevdə Prezident Volodimir Zelenski və digər rəsmilərlə görüşən Polşa, Çexiya və Sloveniya baş nazirlərindən ibarət nümayəndə heyəti martın 16-da Polşaya geri dönüb.
Teleqraf.com-un məlumatına görə, Polşa hökumətinin mətbuat katibi Piotr Müller bildirib ki, missiyanı başa vuran baş nazirlər Mateuş Moravetski (Polşa), Petr Fiala (Çexiya) və Yanez Yanşe (Sloveniya) Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə səfərin yekunlarına dair fikir mübadiləsi aparıblar.
Polşanın Baş nazirinin müşaviri Mixal Dvorçuk səfərin yekunları ilə bağlı mətbuata verdiyi açıqlamada Polşanın təklif etdiyi sülhməramlı missiya barədə danışıb. O bildirib ki, Polşanın bu müraciəti təkcə Avropaya deyil, bütün dünyaya ünvanlanıb və müharibənin sona çatdırılması üçün realist həllin tapılmasına kömək etməlidir. Ona görə də vəziyyətin nizamlanması Şimali Atlantika alyansı (NATO) səviyyəsində müzakirə edilməlidir.
Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, böyük hadisələr dövrünün astanasında olduğumuz hər kəsə bəllidir. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində ya danışıqların nəticəsi kimi atəşkəs elan olunacaq (aralıq sənəd də imzalana bilər), ya da bu müharibənin ən qanlı dövrü başlayacaq və yeni mərhələyə qədəm qoyulacaq.
İlyas Hüseynov öz fikirlərini belə əsaslandırıb:
"Artıq Zelenskinin prezident ofisindən bildirirlər ki, Moskva ilə danışıqlar əsasında razılıq əldə etmək mümkündür;
– Öz növbəsində Rusiyadan bildirilir ki, razılaşmanı hansısa bir formaya salmaq mümkündür. Bunun BMT TŞ-nin qətnaməsi formasında olacağı da istisna edilmir. Sənədə vurulacaq möhür də mühüm əhəmiyyət kəsb edir;
– Qərb media orqanlarında Rusiyanın silah üçün Çinə müraciət etməsi tirajlandı. Bu nəyə görə edilir? Gələcəkdə belə müraciət olarsa, Çinin məsələni bəri başdan təkzib etməsi ilə nəticələndirmək mümkün olsun;
– ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasındakı danışıqların keçirilməsinə hazırlıq işləri görülür;
– ABŞ ən çoxsaylı tamaşaçıları olan CNBC kanalı media seqmentinə məlumat buraxır ki, ABŞ dəniz ticarəti də daxil olmaqla Rusiyaya qarşı ticari-iqtisadi blokadaya hazırlaşır. Bu isə nəyə gətirib çıxarır? Bəli, müharibəyə! Bu isə müharibənin elan olunması da deyil. Bu elə müharibədir".
İlyas Hüseynov tarixə nəzər salaraq deyib: “Napoleonun Rusiyaya daxil olması, Borodino döyüşü də daxil olmaqla müharibə ona görə baş verdi ki, Fransa İngiltərəyə qarşı blokada elan etdi. Buna görə də baş verənləri çox ciddi və ağır xəbərdarlıq kimi qəbul edə bilərik.
Politoloq baş nazirlərin Ukraynaya səfərinin çox güclü təhlükəsizlik tədbirləri şəraitində həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, bütün gün ərzində komendant saatı elan olunmuşdu: “Analogiya aparsaq görərik ki, belə bir səfər bir dəfə də həyata keçirilmişdi. Həmin nümunədə də Rusiya təcavüz etmişdi və Avropanı təmsil edən yüksək vəzifəli rəsmilər təcavüzə məruz qalan ölkəyə səfər etmişdilər. 13 avqust 2008-ci ildə Polşa, Ukrayna, Estoniya, Latviya və Litva prezidentləri Tbilisi şəhərinə gəlmişdilər. Onlar nümayişçilər önündə çıxış etmişdilər. Bu, 5 günlük müharibənin məhz 5-ci günündə baş vermişdi.
Həmin dövrdə də xüsusilə ABŞ-ın orbitində olan dövlətlərin və beynəlxalq təzyiqlərin güclü olduğunu qeyd edə bilərik. Müharibənin 5 gün davam etməsinin səbəbi kimi Avropa liderlərinin səfərini və Rustaveli prospektində çıxış etməsini hipotetik də olsa güman etsək Rusiya və Ukrayna arasında ehtimal olunan razılaşma yaxın günlərdə imzalanacaq. Bu gün təhlükənin də pik həddində olduğunu nəzərə alaraq sözügedən səfər baş nazirlər səviyyəsində reallaşdı. Hazırda Kreşatikə qədər gedib çıxmaq hər prezidentin hünəri də deyil. Xüsusilə vurğulamaq lazımdır ki, 2008-ci ildə baş verən səfərdə təhlükəsizlik zəmanəti də verilməmişdi. Baş nazirlərin arasında Gürcüstan təmsilçisinin olmaması da diqqət çəkir”.
İlyas Hüseynov bildirib ki, Çexiyanın baş naziri Petr Fiala, Polşanın baş naziri Mateuş Moravetski və Sloveniyanın baş naziri Yanez Yanşeyin arasında 2008-ci ildə göstərilən dəstək və həmrəyliyin ödənilməsi baxımdan Gürcüstanın baş naziri İrakli Qaribaşvili də ola bilərdi.