18 Mart 2022 09:23
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı şərtlərini təqdim etdi. Qarşı tərəfin əsas gətirməyə çalışdığı müddəalarda əks arqumentlər var. Belə olan halda Ermənistanın sülh istiqamətində davranışları necə şərh olunmalıdır?

- Azərbaycanın təkliflərinə Ermənistanın bu cür münasibəti qəbul edilə bilməz. Bu, bir daha Ermənistanın hələ də özünün işğalçılıq siyasətindən, faşist ideologiyasından imtina etməməsi deməkdir. Azərbaycan müharibədə qalib gəlməsinə baxmayaraq çox humanist mövqedən çıxış edir. Ölkəmiz çalışır ki, sülhpərvər bir dövlət kimi regionda təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına töhfə versin. Çünki Azərbaycan dövləti proseslərə məsuliyyətlə yanaşır. Dövlətimiz qarşıya olduqca ciddi hədəflər qoyub. Bu hədəflər ölkəmizin yüksək səviyyəli inkişafına, həm də Türkdilli Dövlətlər İttifaqının yaranmasına, beynəlxalq hüquq normalarına söykənir. Eyni zamanda ölkəmizin əsas amalı yüksək səviyyəli əməkdaşlığın formalaşmasına istiqamətlənib. Bundan fərqli olaraq Ermənistan saxta dövlət kimi yarandığı gündən faşist ideologiyasına əsaslanır. Azərbaycan torpaqlarında öz dövlətini yaradaraq “böyük Ermənistan” qurmaq fikrinə düşmək xəstə təfəkkürün məhsuludur. Onların digər məqsədləri “dənizdən-dənizə dövlət” yaratmaqla digər xalqların da ərazilərini zəbt etməyə hesablanıb. Görünən odur ki, ermənilər bu niyyətindən hələ də əl çəkə bilmir. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu mənfur xətt onlar üçün əsas qəbul edilir.

- Sizcə, Paşinyanın komandası “sülh sazişi imzalamağa hazırıq” fikrini nə zamana qədər manipulyasiya edəcək?

- Nikol Paşinyan və onun komandası dinc, yanaşı yaşamaq, sülh müqaviləsini imzalamaq, sərhədlərin dəqiqləşməsini başa çatdırmaq niyyətini sözdə desə də konkret əməldə tamamilə fərqli bir mövqe sərgiləyir. Bu amil Ermənistanın ciddi, məsuliyyətli və beynəlxalq hüquq normalarına söykənən, səmimi bir dövlət olmadığını ortaya qoyur. Əslində Ermənistan özü üçün müəyyənləşdirdiyi amillərə söykənərək guya sülh sazişini bağlamaq niyyətində olduğunu, lakin bunun kifayət qədər pərdələndiyini önə çəkir. Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşı-qarşıya düşmən mövqeyində duran ölkələrdir. ABŞ və onun Qərbdəki müttəfiqləri Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edib. Ona görə də, ATƏT təmsilçisi kimi tanınan ölkələr arasında çox ciddi qarşıdurma var. Ölü vəziyyətində olan Minsk Qrupu formatını dirçəltməyin özü ağılsızlıq və düşüncəsizliyin ciddi bir nümunəsidir. Çünki heç bir halda bu üç dövləti bir ara gətirib, sülh sazişinin bağlanmasında onların iştirakına nail olmağı gözləmək olmaz.

- İndiki halda Azərbaycanın davranışları ilə bağlı hansı istiqamətlər əsas kimi qəbul edilir?

- Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, o, qalib dövlət kimi regionda sülh və təhlükəsizliyin təminatına çalışır. Dövlətimizin məqsədi odur ki, mümkün müharibə ehtimalları aradan qalxsın. Bununla da normal əməkdaşlıq reallaşsın. Əgər Ermənistan buna razı olmayacaqsa, Azərbaycan təbii ki, öz mövqeyində qalacaq. Ermənistan sərhəd məsələsində həvəsli görünmürsə, Azərbaycan Silahlı Qüvvələri, müvafiq qurumlar qəbul edilmiş və milli maraqlarımıza uyğun xəritələr əsasında qarşı tərəflə dövlət sərhədlərini təmin etməlidir. Bundan sonra Azərbaycan özünün hərbi infrastrukturu və Dövlət Sərhəd Xidmətinin müvafiq hisslərini orada yerləşdirməlidir. Eyni zamanda Qarabağda separatçıların və ermənilərin hələ də qalmaqda olan tör-töküntülərinə qarşı anti-terror əməliyyatları keçirilməlidir. Bunu sülhməramlı qüvvələrə xəbərdarlıq etməklə icra etmək olar. Beləliklə orada hələ də qalmaqda olan terrorçular məhv edilməlidir. Amma orada yaşayan dinc əhali ilə bizim heç bir işimiz yoxdur. Müharibə dövründə də biz sübut etdik ki, beynəlxalq humanizmə ciddi şəkildə əməl edirik. Azərbaycan müharibə dövründə Ermənistandan fərqli olaraq mülki əhalini hədəfə almayıb. Bu gün də biz bu siyasətə sadiqik. Xankəndi və onun ətrafında hələ də qalmaqda quldur dəstələri məhv edildikdən sonra yerdə qalan dinc əhali Azərbaycan vətəndaşları kimi yaşamaq hüququ əldə edə bilər.

- Sizcə, Bakının tədricən Xankəndi və ətrafına tam nəzarəti ələ alması fonunda Zəngəzur dəhlizi və qaz kəməri ilə birgə Laçın dəhlizinin də olmayacağı xəbərdarlığı qarşı tərəfi üçün yetərli təzyiq hesab edilə bilərmi?

- Bunlar Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan haqqıdır. Bunun üçün heç bir mübahisəyə yer yoxdur. Ermənistan kapitulyasiya imzalamış ölkədir. Amma onlar bunu hələ də etiraf etmirlərsə, bu, normal düşüncədən qaynaqlanmır. Bu gün Ermənistan ordusu deyilən bir anlayış yoxdur. Amma hələ də Ermənistanda olan revanşistlər baş qaldırmaq istəyirlərsə, bunun nəticələrini də düşünməlidir. Yaxşı olardı ki, onlar əldə edilmiş 10 noyabr 2020-ci il razılaşmasının 4-cü bəndinə uyğun hərəkət etsin. Bu şərt də odur ki, hələ də Qarabağda qalmaqda olan qanunsuz silahlılar bu ərazilərdən çıxmalıdır. O ərazilərdə özlərinə səngər qazmaq istəyinə düşənlərə də məsləhət verilməlidir ki, bu, onlar üçün ağır nəticələrə səbəb olacaq.

- Azərbaycanla İran arasında imzalanan Memorandumun Ermənistana təsirləri haqqında nə demək olar?

- Bu Memorandumun imzalanması çox yüksək qiymətə malikdir. Sənədin mahiyyəti ölkəmizin növbəti diplomatik uğurlarından biridir. Belə bir sənədin imzalanması indiki şəraitdə kifayət qədər ciddi bir addımdır. İlk növbədə Azərbaycanın Naxçıvanla, qardaş Türkiyə ilə kommunikasiya əlaqələri yaranır. Azərbaycan-İran münasibətlərində də yeni bir səhifə açılır. Bu baxımdan münasibətlərin yüksək səviyyədə olduğunu özündə ehtiva edən belə bir sənədin imzalanması tarixi uğurdur. Bir daha sübut edildi ki, artıq bundan sonra qonşu İran Azərbaycanla daha sıx şəkildə münasibətlər formalaşdıracaq. Bu, həm də Ermənistanın regionda təklənməsi və vaxtilə ona nəfəslik verən İranın bu gün Azərbaycanın yanında olmasının ifadəsidir. Bütün bu uğurlar isə Prezident İlham Əliyevin müdrik siyasətinə söykənən diplomatiyamızın ciddi uğurlarından biridir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər