"Azərbaycan Avropa İttifaqı üçün çox vacib tərəfdaşdır".
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
O, Azərbaycanla qurum arasında güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək bu münasibətlərin çox geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar və innovasiyalar, ticarət, enerji və digər sahələri əhatə etdiyini söyləyib.
Baş katibin müavini Avropa İttifaqının regionun sabit, təhlükəsiz inkişafında maraqlı olduğunü, Aİ-nin bu istiqamətdə bütün addımları dəstəkləməyə, regional əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğunu qeyd edib.
E.Mora həmçinin Azərbaycanın "Şərq Tərəfdaşlığı" Proqramında Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini bildirib. O, Aİ-nin ölkəmizlə bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb.
Baş katibin müavini Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyinidə vurğulayıb.