18 Mart 2022 14:34
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan idmançıları bu gün beynəlxalq arenalarda müzəffər xalqın, qalib dövlətin təmsilçisi kimi çıxış edir. Prezident İlham Əliyevin çempion güləşçilərimizlə görüşdə səsləndirdiyi bu fikirlər idmançılarımız üçün yeni hədəfləri müəyyənləşdirməyə imkan verir. Əlbəttə, idmançılarımız bütün yarışlarda bayrağımızı yüksəklərə qaldıraraq qələbə qazanmağı hədəfləyirdi. Lakin torpaqları işğal altında olan bir ölkəni təmsil etməyin psixoloji tərəflərini mütləq qeyd etməliyik. Hər bir idmançımız yarışlarda həm də dövlət olaraq gücümüzün, iradəmizin olduğunu sübut etməyə çalışırdı. Beynəlxalq idman arenalarında göstərdiyimiz gücü gec-tez döyüş meydanında da sərgiləmək hər bir Azərbaycan idmançısının arzusu idi. Bu gün artıq qalib ölkənin, müzəffər xalqın təmsilçisi kimi idman arenalarında çıxış edəndə dövlət başçımızın da söylədiyi kimi, idmançılarımız özlərini əmin hiss edirlər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, tarixi zəfərimizin bəxş etdiyi bu əminlik bizə əlavə güc və stimul verir: “İdmançılarımızın qarşısında duran əsas vəzifə isə dövlətimizin şöhrətini hər zaman yüksəklikdə saxlamaq, qalib Azərbaycanın nüfuzunu daha da möhkəmləndirməkdir. Bu gün Azərbaycan uğurlu idman ölkəsidir. Ümumiyyətlə, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Ölkədə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verib”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çempion güləşçilərimizlə görüş zamanı söylədiyi kimi, idman hər bir ölkənin qüdrətini əks etdirir: “Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu mənada Azərbaycanın idman dövləti kimi beynəlxalq nüfuzu getdikcə daha da artır. Ümumiyyətlə, idman sahəsində uğuru şərtləndirən bir neçə amil var. Onlardan da ən vacibi dövlətin idman və idmançılara göstərdiyi qayğıdır. Bu gün idmanın bütün növləri üzrə istedadlı gənclər yetişməkdədir. Hazırda dünyada həm də idman sahəsində mövcud olan rəqabət mühitində Azərbaycan idmançıları da fərqlənir və bayrağımızı uca tutur. Prezident İlham Əliyevin də söylədiyi kimi, “beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, eyni zamanda dövlətimizin qüdrətini nümayiş etdirirlər”. Azərbaycan həm də beynəlxalq idman qurumlarının rəğbətini qazanıb. Uğurlu idman siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunmaqdadır. Təsadüfi deyil ki, beynəlxalq idman təşkilatlarının rəhbərləri yarışlarda nümunəvi təşkilatçılığa görə Azərbaycanı nümunə kimi təqdim edirlər”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın idman sahəsində liderliyi qoruyub saxlamasını əsas vəzifə kimi qarşı qoyub: “Gənclər və idman nazirliyi idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək istiqamətində uğurlu addımlar atır. Sevindirici haldır ki, işğaldan azad edilmiş torpaqlarda da idmanın inkişafı əsas vəzifərdən biridir. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin baş planlarında da öz əksini tapır. Bu isə gələcəkdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək peşəkar idmançıların yetişməsinə zəmin yaradır. Ümumiyyətlə, dövlət başçımızın Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya qoyduğu əsas vəzifə idmançılara şərait yaratmaq və onlardan nəticə gözləmək idi. Bu gün də bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər