Ukrayna prezidenti Volodimir Zelenskinin Nobel Sülh Mükafatına təqdim edilməsinin vacibliyini bir ay öncə mən də təklif etmişdim. Çünki Zelenski bütün dünyada sülhün və əmin-amanlığın qorunmasını təmin edən bir lider kimi tanınır. Hazırda o, dünyada gedən qütbləşməyə, daimi sülhün təhlükəyə düşməsinə qarşı mübarizə aparır.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasınn sədri Sərdar Cəlaloğlu bildirib.
Onun fikrincə, Zelenski bu gün təkcə Ukraynanı müdafiə etmir: “Hazırda o, Avropanı, keçmiş SSRİ respublikalarının müstəqilliyi və suverenliyini müdafiə edir. Bu baxımdan Zelenskinin Nobel Sülh Mükafatına təqdimatı ilə bağlı təklif yüksək qiymətləndirilir. Bu ideya həyata keçirilməlidir. Çünki Volodimir Zelenski sülh mükafatına layiq bir liderdir. O, hazırda ədalətli müharibə aparır. Ədalətli müharibə, ədalətsiz sülhdən yaxşıdır”.
Partiya sədrinə görə, ruslar Ukraynaya ədalətsiz sülh təklif edir: “Ona görə də, Zelenski mütləq Nobel Sülh Mükafatına təqdim olunmalıdır. Özünün iradəsi, demokratiyaya sədaqəti, idarəetmə təcrübəsi ilə demək olar ki, bütün siyasi liderlər üçün də bir nümunədir”.
Sərdar Cəlaloğlu hesab edir ki, Zelenski milliyətcə yəhudi olsa da, onun rəhbərlik etdiyi Ukraynada müxtəlif millətlərin nümayəndələri burada ən yüksək vəzifələrdə təmsil olunur: “Ukraynada əslən azərbaycanlı olan nazir, prokuror vəzifəsində çalışan adamlar var. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də orada mühüm vəzifə tuturdu. Ona görə də, Zelenskinin dünya demokratiyasına töhfə verən bir şəxs kimi NoBel Sülh Mükafatına namizədliyinin verilməsi vacib məsələdir. Partiya sədri kimi müharibə başlayan gündən bildirmişdim ki, Zelenskiyə bu mükafat verilməlidir”.