19 Mart 2022 09:16
2 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO-nun Qara dənizdə ən güclü donanması olan ölkəsi Türkiyədir. Bu ölkənin istehsal etdiyi “Bayraktar” dronları rus texnikaları və silahlarını hansı günə qoyduğu göz önündədir. Amma başqa sürprizlər də var. Rusiya bu sürprizlərdən xəbərdardır, amma həm də özünü bunu gözləmirmiş kimi göstərir”.

Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Başlamamışdan 72 saata bitəcəyi iddia olunan Rusiya-Ukrayna müharibəsi artıq bir aya yaxındır, davam edir. Bu müharibənin başlama səbəbləri və prosesin bundan sonrakı axarı haqda nə deyə bilərsiniz?

- Artıq Rusiya-Ukrayna gərginliyi aktiv fazaya qədəm qoyub. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərin pisləşməsini 2013-cü ildən izləyirik. 2014-cü ildə Ukraynanın müəyyən əraziləri işğal olundu. Bu ilin fevralın 24-də isə Rusiya Donbasdakı separatçı qurumların müstəqilliyini tanıdı, bununla hərbi əməliyyatların başladığını elan etdi. Rusiya qondarma Donetsk və Luqansk respublikalarını tanımaqla yanaşı, bunlar vasitəsilə öz maraq dairəsində olan ölkələrə çıxış yolu əldə etmək üçün kartlar kimi istifadə etmək qərarı verdi.

Rusiya və Ukrayna bu gün quru və dənizdən əməliyyatlar keçirir, hər ikisi də strateji hədəflərə fokuslanıb. Ukraynada quru əməliyyatları keçirən Rusiyanın məqsədlərindən biri işğalla yanaşı, əhali arasında panika yaratmaq və bununla mərkəzi hakimiyyətə qarşı kütləvi narazılıq yaratmaq idi. Rusiya kütləvi nümayişlərlə mövcud hakimiyyəti devirib, öz marionet fiqurunu Ukraynada iqtidara gətirmək istəyirdi. Təbii ki, təkcə prezidenti devirmək deyildi. Müharibənin ilk günlərində əsas hədəfin Zelenskini devirmək olduğu deyilsə də, hadisələrin axarında məqsədin bütün hakimiyyətin dəyişdirilməsi olduğu üzə çıxdı.

Rus ordusunun dənizdən hücumları isə daha strateji idi. Bu həm də birbaşa və dolayı yolla Avropa və NATO-ya hədəflənmişdi. Məsələ budur ki, Ukraynanın dəniz sərhədləri beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. Azov və Qara dənizlər beynəlxalq münasibətlərin tənzimlənməsində aralıq dəhlizlərdir. Xüsusən də Azov dənizindən keçən iki xətt aktiv istifadə olunurdu. Qara dənizdən keçən və Avropanın istifadə etdiyi xətlər də bura daxildir.

- Bunlar hansı xətlərdir?

- Birincisi Azov dənizi, Berdyansk, Kerç boğazı, Mariupol şəhəri, ikincisi Kerç boğazı, Taqanrok və Rostov xətləridir. Rusiya bu ikinci xətdən yükdaşımalarında aktiv istifadə edir. Bir haşiyəyə çıxım ki, bu gün Rusiya-Ukrayna gərginliyindən kənarda həm də Avropanın nəqliyyat və enerji daşımalarının həyata keçirildiyi xətlər üzərində mübahisə gedir. Yəni baş verənləri təkcə Rusiya-Ukrayna gərginliyi kimi qələmə vermək lazım deyil, bu, həm də iqtisadi mübarizədir.

Digər bir vacib xətt də var. Bu gün Rusiyanın Qara dənizdən ən çox vurduğu Xarkov, Mariupoldur. Dediyim kimi, Rusiyanın əsas məqsədi bu dəhlizləri ələ keçirmək və buradan həyata keçirilən daşımalara nəzarət etməkdir. Rusiya bu xətləri ələ keçirməklə Avropa və ABŞ-ı fakt qarşısında qoymağa çalışır. Bununla da Ukraynada atdığı addımlara Avropanı razı salmaq məqsədi güdür. Yəni fakt qarşısında qoyub məcbur etmək. Bu baxımdan, Qara dənizdən keçən xətt Azov dənizindən az əhəmiyyətli deyil, hətta daha artıqdır. Avropanın Qara dəniz vasitəsilə şərqdən qərbə yükdaşımalarında istifadə etdiyi ən aktiv xətt Odessa və Gürcüstanın Poti limanı arasındadır. Bu, Azərbaycan üçün də vacib xətdir.

Dediyim kimi, Rusiya bu xətləri bağlamaqla Avropa və Amerikanı fakt qarşısında qoymağa çalışır. Artıq bu xətləri bağlayıb, təhlükə səbəbiylə yükdaşımaları dayandırılıb. Bu da qlobal miqyasda qiymət artımına səbəb olur. Bunun da əsas günahkarı Rusiyadır. Bu durum bir ay davam edəcəyi halda Avropa ölkələrində qiymətlərin kəskin yüksəlməsi cəmiyyətlərdə hökumətlərə qarşı narazılığı və təzyiqləri artacaq. Rusiya düşünür ki, Avropa dövlətləri bununla Rusiyanın Ukraynadakı işğalını qəbul edəcək. Rusiya bunu 2014-cü ildə də etmişdi.

Digər yandan, Qara dəniz NATO-nun əsas marağında olan sərhədləridir. Bu baxımdan, Rusiya da həmin su hövzəsində atdığı addımlara guya NATO-nu müharibəyə cəlb etmək istəyirmiş kimi görüntü verməyə çalışır.

- Bəs Rusiya buna hazırdırmı?

- Ukraynada apardığı müharibə göstərdi ki, Rusiya buna hazır deyil. Ümumiyyətlə, bu cür - praqmatik idarəetmənin olmadığı sistemlər öhdəsindən gəlməyə hazır olmadığı problemlərlə üzləşdikdə qısa bir zamanda çökə bilir. Məsələn, Rusiya Müdafiə Nazirliyinin faktiki olaraq Ukraynada çökdüyünü iddia edə bilərik. Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı 23 günlük əməliyyatlarının nəticələri haqda məlumat yaydı. Ukrayna Hərbi Hava Qüvvələri fevralın 17-də - bir gündə Rusiyanın 7 təyyarəsini vurub.

Bütün hallarda isə qlobal səviyyədə belə bir gərginlik Rusiyaya lazımdır. Rusiya bu xaosdan yararlanaraq öz şərtlərini irəli sürmək və kompromis tapmağa çalışır. Rusiya NATO ilə müharibə ehtimalı görüntüsü yaratmaqla, onların diqqətini Ukraynadakı işğalçı müharibəsini yayındırmağa çalışır. Buna görə də “Rusiya NATO ilə döyüşmək gücündədir” kimi mesajlar verirlər. Əlbəttə, bu da baş verənlərin bir tərəfidir.

NATO-nun Qara dənizdə ən güclü donanması olan ölkəsi Türkiyədir. Bu ölkənin istehsal etdiyi “Bayraktar” dronları rus texnikaları və silahlarını hansı günə qoyduğu göz önündədir. Amma başqa sürprizlər də var. Rusiya bu sürprizlərdən xəbərdardır, amma həm də özünü bunu gözləmirmiş kimi göstərir.

- Bəs baş verənlər Putinin özünə nə vəd edir?

- Burada ən mühüm məsələlərdən biri budur ki, bu gərginliyin sifarişçisi Vladimir Putindir. Bu gərginliyin sifarişçisi Rusiya dövləti və cəmiyyəti deyil. Bunları fərqləndirmək lazımdır. Məsələ budur ki, Putin 21 ildir hakimiyyətdədir. O, 2024-cü ildə yenidən hakimiyyətdə qalmaq istəyirdi, bunun üçün çox vacib addımlar atmağa çalışırdı. Bu addımlardan biri də, 2014-cü ildə istifadə etdiyi “Ukrayna kartı” idi. Eyni zamanda, bu məqsədi üçün “SSRİ-nin bərpası” məsələsini ortaya atdı. Amma bunlar “Ukrayna kartı” qədər ona asan gəlmədi. Putin hesab edirdi ki, iki günə Qazaxıstanda prosesləri öz lehinə çevirdiyi kimi, Ukraynada da bunu asanlıqla edə biləcək. Düşünürdü ki, Ukraynadakı prosesi daxildəki “5-ci kolon” dəyişəcək, iki-üç gündən sonra Kiyevdə kütləvi nümayişlər başlayacaq və nəticədə hakimiyyət dəyişəcək və Putinin istədiyi şəxs iqtidara gətiriləcək. Amma bu plan pozuldu.

Birmənalı şəkildə demək olar ki, Putinin 2024-cü ildə yenidən prezident olmaq planı pozulub. Artıq Ukrayna bunun qarşısını aldı, daha doğrusu özü Ukraynada bu planı pozdu.

- Bunu necə izah edərdiniz?

- Putin hakimiyyətin iradəsi ilə xalqın iradəsini eyniləşdirdi. Rusiya və digər bir sıra post-sovet ölkələrində SSRİ-dən qalma bir miras var. Bu miras da ondan ibarətdir ki, hakimiyyətlər öz iradələrini xalqların iradəsi kimi qələmə verməyə çalışırlar. SSRİ-nin sonunu gətirən də, məhz cəmiyyətin iradəsini nəzərə almamaq oldu. Bunun siyasi, iqtisadi, təhlükəsizlik, demoqrafik və s. faktorları var. Ən vacibi cəmiyyətlərin iradəsinin nəzərə alınmamasıydı.

Bəs bu gün Rusiyada nə baş verir? Rusiyada dövlət televiziyasında aparıcı xalqa xitab edə bilir. Bu, Rusiyada anti-Putin hərəkatının miqyasının göstəricisidir. Rusiyada Putinə qarşı olan qorxu itib. Belə qorxlar cəmiyyətlərin təhtəlşüurundakı həssas məqamlara toxunulanda itməyə başlayır. Putin hesab edirdi ki, Rusiya cəmiyyəti qardaş qırğınını ona bağışlayacaq. Məsələn, Qazaxıstanda min nəfərin ölməsi ilə Ukraynada min nəfərin ölməsi arasında fərq qoymayacağını gözləyirdi. Amma bunun əksi oldu. Bunu birmənalı şəkildə deyirəm: Putin Ukraynada uduzdu. Ukraynada hakimiyyətini, nüfuzunu itirdi və s.

- Bəs hazırda davam edən müharibə ilə bağlı nə baş verəcək?

- Müharibə tezliklə dayanacaq. Ukraynadakı prosesin iplərini bir əlinə yığa bilməyən Putin müharibəni dayandırmalı olacaq. Quru əməliyyatları faktiki dayandırılıb. Quru əməliyyatı müharibənin 15-16-cı günündən dayanıb. Dəniz əməliyyatları qalır. Bu əməliyyatlar da Xarkov, Mariupol və digər istiqamətlərdə gedir. Dediyim kimi, Putin Avropaya öz şərtlərini qəbul etdirmək üçün buradakı strateji nötqələri işğal etməyə çalışır. Şəhər mühasirəyə alınıb, insanları çıxmağa qoymurlar. İkinci Dünya Müharibəsində Leninqrad mühasirədə olarkən baş verənlər bu gün Mariupolda yaşanır. Mariupol xarabalığa çevrilib, nə qədər insan da girovluqda saxlanılır. Putin və Rusiya bu faciənin cavabını verməkdən özlərini qurtara bilməyəcək. Putin bunu öz qan qardaşına edir.

Beləliklə, Rusiya dəniz əməliyyatlarından əldə edəcəyi nəticələrlə Avropa dövlətlərinə öz şərtlərini qəbul etdirməyə çalışacaq. Görünən budur ki, Ukrayna hakimiyyəti güzəştə getmir. Amma hər bir hakimiyyətin xalqı qorumaq kimi bir vəzifəsi və məsuliyyəti var. İndi bir prezidentin əhalini belə bir zərbə altında qoyması da bir ayrı mövzudur. Bunun məsuliyyətinin 50 faizi Rusiyanın, 50 faizi də Zelenskinin üzərinə düşür. Zelenski bir qədər də dünyadakı populyarlığından gələn eyforiya ilə prosesi bu yerə gətirib çatdırdı. Düzdür, onun “mən öz dövlətimi qoruyuram” arqumenti var, amma vəziyyəti bu səviyyəyə gətirməmək də onun məsuliyyətinə aid idi. Prezidentin birinci vəzifəsi və öhdəliyi vətəndaşları və dövləti qorumaqdır. Görünür, Zelenski bundan xəbərsizdir.

Ən azı ötən ilin avqust, oktyabr və dekabr aylarında prosesin bu yerə gəlib çıxmasının qarşısını almaq olardı. Demirəm ki, çox ciddi güzəştlərə getmək lazım idi, çünki onda heç ciddi güzəştlər də yox idi. Rusiyanın tələbləri vardı, amma sərt tələblər deyildi. Amma bunlar Rusiyanın Ukraynadakı işğalına haqq qazandırmır.

- Sizcə, müharibə nə vaxt dayandırıla bilər və dayandırılsa, bunun nəticələri nə olacaq?

- İki-üç günə demirəm, amma tezliklə dayanacağını söyləyə bilərəm. Çünki müharibə təkcə Rusiya və Ukraynaya təsir etmir, eyni zamanda, beynəlxalq iqtisadi münasibətlərin tormozlanması ilə müşayiət olunur. İndiyədək dünyanın heç bir ölkəsinə qarşı tətbiq edilməyən sanksiyalar bu gün Rusiyaya qarşı həyata keçirilir. Rusiya bunların öhdəsindən gələ bilməyəcək. Bu gün Ukraynadakı müharibəni dayandırmaq qərarı belə bu sanksiyaları ləğv etməyəcək. Amma bu müharibənin Rusiya, Ukrayna və dünya üçün nəticələri olacaq.

Ukraynaya gəldikdə, bu ölkə özünü müdafiə edir. İstənilən halda Ukraynanın ərazi bütövlüyü bərpa olunacaq. Amma bu, Krıma aid deyil. Perspektiv ona gedir ki, Krımın beynəlxalq müstəvidə müstəqil subyekt kimi tanınması məsələsi gündəmə gələ bilər. Çünki heç bir halda Krım Rusiya ərazisi kimi tanınmır, tanınmayacaq. Bəlkə də dünya tarixində ilk dəfə olaraq, Krım müstəqil ola bilər. Bunun da yaxın illərdə ola biləcəyini düşünürəm. Digər ərazilərə gəldikdə, bunlar Ukraynaya qaytarılacaq. Artıq Rusiyanın Ukrayna üzərindən Moldovanın Dnestryanı bölgəsinə çıxmaq planı pozulub.

Rusiyaya gəldikdə, bu ölkədə siyasi dəyişikliklər qaçılmazdır. Putin hakimiyyətinin bir neçə aylıq ömrü qalıb. Uzunmüddətli perspektivdə isə Putin maksimum 2024-cü ilədək hakimiyyətdə qala bilər. Ən pis halda isə mayda başlayacaq proseslər payızadək Putini devirəcək. İndiki halda isə Rusiya digər tələblərlə yanaşı, Ukraynadan həm də onun zəmanətini almaq istəyir ki, bu cinayətlərə görə ondan şikayətçi olmayacaq. Amma buna gec qaldılar. Beynəlxalq hüquqa görə, Putin hərbi cinayətlərə imza atıb, mülki insanlara divan tutub, bir suveren ölkənin ərazilərini işğal edib və s. Bu, dünya tarixinə belə yazılıb.

Rusiya heç vaxt uduzan liderini bağışlamayıb. II Nikolay, Rusiyanın 90-cı illər hakimiyyəti, çeçenlərə uduzmuş Yeltsini misal göstərə bilərik. Karib böhranında məğlub olmuş Xruşşov da bura aiddir. Eyni aqibət Putini də gözləyir.

Qlobal təsirlərə gəldikdə, bu gün ABŞ təkcə Ukraynada yox, bütöv MDB məkanında öz maraqlarını qoruyur. Avropa da eynisini edir. Amma Avropa göstərir ki, ona güvənmək olmaz. Ümumiyyətlə, Avropa qlobal miqyasda ciddi oyunçu deyil. ABŞ isə son illərdə dünyada itirdiyi nüfuzunu bərpa etməyə çalışır.

Digər məqam isə budur ki, bu gün Qara dəniz üzərindən həyata keçirilən beynəlxalq daşımalar cəmi 12 minlik ərazini əhatə edir. Təsəvvür edin ki, qlobal səviyyədə ərzağın daşınması cəmi bu qədər ərazi vasitəsilə həyata keçirilir. Bir ay sonra Avropa vətəndaşları bu müharibənin nəticələrini hiss edəcək. Təkcə Avropa yox, Cənubi Qafqaz və dünyanın digər bölgələri də bunu duyacaq. Çünki Qara dənizdən keçən bu xətlər heç vaxt indiki kimi təhlükə altında olmayıb. Bundan sonra Avropa ölkələrində hakimiyyətlərin dəyişməsi prosesi gedəcək. Yəni bu proses təkcə Rusiyanı yox, Avropanı da əhatə edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu