19 Mart 2022 12:01
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaradağ Günəş Elektrik Stansiyasının inşasına başlanılması ölkəmizin energetika sahəsində olduqca mühüm tarixi hadisədir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. “Masdar” şirkəti bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl investisiya mühiti var və ölkəmiz xarici sərmayə üçün çox cəlbedicidir, açıqdır. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu, imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir: “Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır. Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir, 2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi sisteminə daxil ediləcək. Bu, işin başlanğıc hissəsidir. Uzun illər ərzində mövcud istiqamətdə fərqli işlər aparılır. Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır. Qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Müəyyən səbəblərdən, xüsusilə Avropa ölkələrində yaranan enerji böhranının artdığı bir zamanda bərpaolunan enerji növlərindən istifadə bütün dünya dövlətləri üçün prioritetdir. Ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır. Bu sahədə zəngin təcrübə qazanan ölkəmizə artan marağın real nəticələri göz qabağındadır”.

Millət vəkili bildirib ki, Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir: “Ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdır. İşğaldan azad edilmiş ərazilərimiz böyük potensiala malikdirlər. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərir. Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Keçən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaq. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaq və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır”.

Tamam Cəfərova hesab edir ki, bütün bu uğurlar Prezident İlham Əliyevin davamlı inkişaf və tərəqqiyə hesablanmış uğurlu siyasətinin növbəti təzahürüdür.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər