Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin hər qarışına olduğu kimi işğaldan azad edilmiş ərazilərə də çox böyük diqqət, qayğı və həssaslıqla yanaşır. Bu xüsusda xalqımızın milli bayramı olan Novuz bayramının məhz işğaldan azad olunmuş Suqovuşan qəsəbəsində qeyd edilməsi və Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbriklərin buradan çatdırılması da xüsusi əhəmiyyət daşıyır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev ötən il Novruz bayramı münasibətilə təbrikini Şuşadan – Cıdır düzündə qalanmış Novruz tonqalının yanından etmişdi:
“Bu il isə Suqovuşan qəsəbəsindən təbriklər çatdırıldı və mesajlar verildi. Azərbaycan vətəndaşlarına, eləcə də dünyanın digər yerlərində yaşayan azərbaycanlılara təbrik ünvanlandı. Biz uzun ilər ərzində Qarabağın işğaldan azad olunması ilə bağlı planlar qurur, bu istiqamətdə diplomatik, siyasi, hərbi fəaliyyət həyata keçirirdik. Bunun nəticəsi kimi 27 sentyabr 2020-ci ildən başlayaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirərək 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarını azad etdi.
Bu gün bütün dünyanın diqqəti məhz həmin 44 günə yönəlib. Çünki Azərbaycan ədalətli şəkildə müharibə apardı və mülki infrastruktur obyektlərini hədəfə almadı. Bu gün dünyada gedən başqa müharibələrə nəzər saldıqda görürük ki, Azərbaycan döyüş meydanında öz gücünü məhz işğalçılara göstərdi və uşaqları, qadınları və yaşlı insanları hədəfə almadı.
Azərbaycan bununla nümayiş etdirdi ki, məhz döyüş meydanında öz hünərini göstərən silahlı qüvvələrə malikdir. Digər tərəfdən Azərbaycan həm də BMT Təhlükəsizik Şurasının qətnamələrini öz gücü hesabına icra etdi və bununla da dünyada ədaləti bərpa etmiş oldu”.
İlyas Hüseynov deyib ki, Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərin xilaskarı kimi dünyanın diqqət mərkəzindədir və xalqımız böyük bayramı olan Novruz bayramının məhz işğaldan azad olunmuş ərazilərdə qeyd olunması hər bir azərbaycanlıya böyük sevinc hissi yaşadır:
“Prezident İlham Əliyev bu missiyanı həyata keçirən böyük sərkərdə kimi özünü göstərdi və Azərbaycan bundan sonra hər il işğaldan azad olunmuş ərazilərdə milli bayramlarını və əlamətdar günlərini qeyd edəcək”.
İşğaldan azad olunmuş ərazilərdə böyük abadlıq, quruculuq işlərinin həyata keçirildiyini, sosial infrastruktur obyektlərinin, hərbi hissələrin, o cümlədən komando hərbi hissələrinin istifadəyə verildiyini bildirən politoloq bütün bu addımların Qarabağın və Şərqi Zəngəzurun təhlükəsizliyinin təmin olunmasına yönəldiyini, əsas məqsədin isə keçmiş məcburi köçkünlərin ləyaqətli və etibarlı şəkildə bu ərazilərə geri dönüşünün təmin edilməsi olduğunu vurğulayıb:
“Bu istiqamətdə də çoxşaxəli fəaliyyət var. Əsas məqsəd məhz işğaldan azad olunmuş ərazilərin dayanıqlı şəkildə bərpasıdır. Ərazi yaşıl enerji zonası elan olunub və alternativ enerjiyə böyük üstünlük verilir. Bu xüsusda Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə əsaslanaraq əraziləri bərpa etməsi bütün dünya üçün bir nümunədir”.