22 Mart 2022 16:46
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərməsi, bu məktubda əməkdaşlığa sadiqliyin xüsusi olaraq vurğulanması ölkəmizə verilən böyük dəyərin ifadəsidir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O qeyd edib ki, Co Bayden bu təbriki ilə həm də Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi töhfələri yüksək qiymətləndirir. Bu aspektdən ikitərəfli münasibətlərin çoxşaxəli olmasını xatırlatmaq yerinə düşər:

“Siyasi, iqtisadi, hərbi, enerji sahəsində olan münasibətlər bu gün strateji xarakteri ilə seçilir. Eyni zamanda Azərbaycan 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktı ilə əlaqədar olaraq yaradılan anti-terror koalisiyasına qoşulub, bununla da ABŞ-la Azərbaycan arasında olan münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxıb”.

İlyas Hüseynov qeyd edib ki, Baydenin təbrik məktubunda xüsusilə diqqət çəkən məqamlar var:

“Məsələn, məktubun Azərbaycan dilindəki mətni ilə yanaşı ingilis dilində olan mətnində də Novruz bayramı sözü Azərbaycan dilində yazılıb. Diplomatik yazışmalarda incə detallar baxımından xarakterizə etsək, bunu dünyanın supergücünün Azərbaycana jesti kimi qiymətləndirmək olar. Yəni, ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Digər diqqətçəkən məqam isə Baydenin məktubunda onun administrasiyasının Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəyini qeyd etməsidir.

Baydenin məktubunda “biz həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığı təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbyacanla birgə işləyəcəyik” qeyd etməsi isə Azərbaycanın regionda yaratdığı reallıqların qlobal miqyasda qəbul edildiyini, ölkəmizin suveren hüquqlarına hörmət bəslənildiyini, həmçinin, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə məhz mövcud reallıqlar çərçivəsindən yanaşıldığını təsdiqləyir.

Mühüm xüsusat bundan ibarətdir ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda Britaniyanın “BP” şirkəti alternativ enerjiyə sərmayə qoyur, ABŞ-ın transmilli korporasiyaları və enerji sahəsində tədiqatlar aparan şirkətləri də bu işə cəlb oluna bilər. ABŞ-Azərbaycan münasibətlərində iqtisadi səhənin prioritetlərinin potensialı bununla daha da möhkəmlənə bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər